PUTİNİN TÜRKİYƏYƏ ƏRAZİ İDDİASI VAR! - Türkiyə ilə münasibətləri bərpa etmək istəmir!

Kremlin məqsədi başqadır və Su-24 olayı təşkil olunmuş «bəhanə»dir

Bu gün Rusiya KİV-nin yaydığı bir məlumatda deyilir ki, Moskva Türkiyə ilə münasibətləri «işçi qrupu» səviyyəsində tənzimləmək barədə Türkiyə tərəfinin irəli sürdüyü təşəbbüsdən (bərpa istiqamətində) boyun qaçırıb. Prezident Putinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya-Türkiyə münasibətlərində yaranmış prblemləri «işçi qrupu» yox, yalnız Türkiyə rəhbərliyi həll edə bilər. Məlumdur ki, «işçi qrupu»nun yaradılması təklifi ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış etmişdi. Çavuşoğlu hesab etmişdi ki, Moskva və Ankara bu məsələdə Türkiyə-İsrail danışıqları təcrübəsindən istifadə edə bilər.

Uzun-uzadı şərhə baş vurmadan, qeyd etmək istəyirəm ki, Türkiyə-Rusiya münasibətləri ötən ilin sonunda - Su-24 insidentindən dərhal sonra «çat verib». Məlumdur ki, Rusiyaya məxsus Su-24 qırıcı təyyarəsi Türkiəynin hava sərhədini pozduğu üçün ölkənin silahla qüvvələri tərəfindən məhv edilib. Türkiyə tərəfinin məlumatına görə, təyyarənin indentifikasiya nişanı olmayıb, pilotlar isə heç bir sorğuya cavab verməyiblər...

Maraqlıdır ki, təyyarənin vurulmasından dərhal sonra Rusiya Türkiyənin heç bir «arqument»inə məhəl qoymadan, ikitərəfli münasibətləri qırmaq yolunu tutdu. Sanki bu olay Rusiya üçün göydəndüşmə olmuşdu. Sonrakı proseslər, təhlilər göstərdi ki, böyük ehtimalla, belədir ki, var və Rusiya tərəfi Tütkiyə ilə münasibətləri pozmaq üçün bir fürsət gözləyirmiş. Təyyarənin vurulmasından sonrakı proseslər deməyə yetərincə əsas verir ki, Rusiya təyyarələrinin Türkiyə hava məkanına soxulması olayları da məhz «situasiyanı yetişdirmək» məqsədilə təşkil olunurmuş. Nədən ki, Rusiyanın özü də ən yüksək səviyyələrdə etiraf edib ki, bundan əvvəl Türkiyə tərəfi bir neçə dəfə Rusiya hərbi aviasiyasının ölkənin sərhədlərini pozması barədə Rusiya tərəfinə xəbərdarlıq edib. Amma Rusiya öz məkrli davranışından əl çəkməyib...

Belədə, məntiqi sual yaranır -Türkiyə ilə münasibətləri pozmağa Rusiyanı vadar edən nədir? Axı Rusiya yaxşı bilir və mahiyyətini anlayır ki, Türkiyə yeganə NATO üzvü dövlətdir ki, Avropa Birliyinin və ABŞ-ın Rusiyaya yönəlik tətbiq etdiyi sanksiyalara qoşulmayıb. Üstəlik də Türkiyə ilə münasibətlərin pozulmasının iqtisadi nəticələrinin doğuracağı problemlərin nə qədər ağır olacağını Moskva anlamaya bilməzdi. Bəs, nə?

Diqqətli oxucuların yadında olar - təxminən, bir il bundan əvvəl Qərblə münasibətlərin pozulması ilə bağlı bir sualı cavablandırarkən, Rusiya prezidenti Vladimir Putin demişdi ki, əvvəlcə Qərblə münasibətlərimiz normallaşmaya doğru gedirdi. Sonra gördük ki, ölkənin regional maraqları da var və onlardan vaz keçmək olmaz. Buradan belə bir məntiqi nəticə çıxarmaq olar - müasir mərhələdə Rusiyanın bölgədə iqtisadi-sosial maraqları onun regional coğrafi-siyasi maraqları ilə toqquşur. Məhz, həmin maraqlar da Türkiyə ilə (və digər qonşularla) ikitərəfli münasibətləri arxa plana keçirməyi diqtə edir. Nəyi nəzərdə tuturam?

Heç kəsə sirr deyil ki, din-dil-tarix-ənənə baxımından Rusiyaya ən yaxın ölkələrdən biri Ukraynadır. Amma Putinin dediyi «regional maraqlar»ın tələb etdiyi anda Rusiya Ukraynanın ərazisinin bir hissəsini (Krımı) ilhaq elədi, Donbasda, Luqanskda isə separatçı ocaqlar yaratdı və separatizmi alovlandırdı - adını da qoydu «novorossiya». Bu fikri Türkiyəyə də aid etmək üçün yetərincə əsas var. Qısası - böyük ehtimalla, Rusiyanın Türkiyəyə ərazi iddiası var, amma hələlik bunu rəsmi səviyyələrdə dilə gətirə bilmir. Odur ki, məqamı çatana qədər Türkiyə ilə münasibətləri gərgilik həddinə çatdırmaq və belə situasiyanı qoruyub saxlamaq məqsədi güdür. Yoxsa ki, indiki çətin durumda (Təsadüfi deyil ki, bu günlərdə Rusiyanın Azərbaycandakı səfiri ölkəsinin çətin durumunu belə səciyyələndirib: «Bu gün Rusiyaya heç zaman olmadığı kimi, dəstək lazımdır») hər dəfə Türkiyənin xoşməramlı jestini müxtəlif bəhanələrlə görməzliyə vurmazdı. Bəs, Rusiya öz iddiasına nədən başlaya bilər?

Məlumdur ki, Rusiya ilə Türkiyə arasında 1921-ci ildə bağlanmış «Dostluq və qardaşlıq haqqında» bir müqavilə var. Məhz həmin müqavilə (onun şərtləri) Türkiyəyə qarşı ərazi iddiası irəli sürməyə imkan vermir. Həmin müqavilənin qüvvədə olduğu müddətdə Rusiyanın qonşu dövlətə ərazi iddiası irəli sürməsi beynəlxalq hüquqa zidd olardı. Odur ki, əvvəlcə sözügedən müqavilənin denons edilməsi məsələsi ortaya çıxır. Bunun üçün isə konkret zəmin lazımdır. Su-24 insidenti məhz sözügedən zəminlərdən biridir. Rusiya Dövlət Dumasının deputatı Oleq Paxolkov hələ cari ilin fevralında bu qənaətimi dolayısı ilə təsdiqləyən bəyanatla çıxış etmişdi: «Türkiyə ilə «dostluq və qardaşlıq» haqqında 1921-ci ildə Moskvada bağlanmış müqaviləni Dumada denons etmək təklifi artıq yetişib. Çünki o (müqavilə - M.A.), əlverişli (Rusiya üçün - M.A.) deyil, Ankara isə son vaxtlar özünü pis aparır. Bu məsələdə Ermənistan bizi dəstəkləyəcək. Bu denons hüquqi qüvvəyə malik olcaqmı? - məlum deyil. Amma bizim ərazi iddialarımız, nələrlə ki, razı deyilik - bu düzdür».

Gördüyünüz kimi, Rusiya Türkiyəyə birbaşa ərazi iddiası irəli sürə bilmir. Çünki bu addım Rusiyanın beynəlxalq aləmdə nüfuzuna ciddi zərbə vurardı və bir çox dövlətləri Rusiyaya qarşı daha sıx birləşməyə vadar edərdi. Odur ki, Putin bü «çirkli missiya»nı öz vassalı (köləsi) Ermənistanın çiyinlərinə yükləyir. Güman ki, yaxın gələcəkdə belə iddia ilə məhz Ermənistan rəhbərliyi çıxış edəcək. Onsuz da ermənilər bu «tərs musiqi»ni qeyri-rəsmi səviyyələrdə çoxdan səsləndirirlər...

Bəs, Ermənistan belə iddianı hansı şəraitdə irəli sürə bilər? Bunun üçün Ermənistan parlamenti 1921-ci ildə imzalanmış «Qars müqaviləsi»ni denons etməli və müqavilədən çıxdığını bəyan etməlidir. Bununla belə, erməniləri (həm də Rusiyanı) bu müqaviləni denons etməkdən çəkindirən amillər də var. Ermənilərin bir qismi həmin mülahizədən dolayı, «Qars müqaviləsi»ndən çıxmağın doğuracağı nəticələri anlayır və bundan çəkinməyə üstünlük verir. Amma şübhə yoxdur ki, məqamında, Rusiya Ermənistanı buna məcbur edəcək. Nədən ki, artıq «aysberq yerindən tərpənib»...

Məhz bu müzahizələrdən dolayıdır ki, son vaxtlar Rusiya rəsmiləri Azərbaycanla «can bir qəlibdə» dostluqdan danışır, Azərbaycanı özlərinə maksimum yaxınlaşdırmaq cəhdləri sərgiləyirlər. Aydındır ki, bunun pərdəarxası səbəbləri var və tarix boyu Azərbaycana sağalmaz yaralar vurmuş imperialist Rusiya indi ölkəmizin «qara qaşı»na aşiq olmayıb. Məsələ burasındadır ki, sözügedən «Qars müqaviləsi»ni imzalamış 5 tərəf var - Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və müşahidəçi qismində, Rusiya. O da məlumdur ki, Ermənistan Respublikası adlanan BMT üzvü dövlətin mövcud sərhədlərini beynəlxalq hüquq baxımından təsbit edən yeganə sənəd məhz «Qars müqaviləsi»dir. Bu müqavilədən əvvəl Ermənistan Respublikasının ərazisi yalnız İrəvan qəzasından ibarət olub, digər ərazilər isə Azərbaycanla mübahisəli ərazilər sayılıb. Hələ 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti həmin mübahisəli ərazilərin xəritəsini də çap edib. Odur ki, indi Ermənistan «Qars müqaviləsi»ndən çıxdığı andaca, Azərbaycan beynəlxalq hüquqa söykənərək, həmin əraziləri geri tələb edə bilər! Ermənistanı və Rusiyanı narahat edən amil də məhz budur. Rusiya çalışır və Azərbaycanı dilə tutur ki, məqamı yetişən zaman Azərbaycan özünün bu haqqından vaz keçin, qardaş Türkiyənin maraqlarına da xəyanət yolunu tutub, Rusiyanı dəstəkləsin. Amma zaman o zaman deyil - Azərbaycan xalqı və dövləti belə xəyanət yolunu tutmaz...

Buradan da belə nəticə çıxarmaq olar ki, Rusiya Türkiyə ilə qarşılıqlı münasibətlərin normallaşmasında maraqlı deyil və müxtəlif bəhanələr irəli sürərək, buna getməyəcək.

Gərək biz də buna hazır olaq...

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar