Ən absurd qərarlarımızdan biri...

Millət “1 sentyabr” üçün yaman darıxıb…

Nadir İSRNadir İSRAFİLOV

Bəri başdan məni qınamayın. Digərlərini deyə bilmərəm, ancaq bəzən mənə elə gəlir ki, kiməsə qəribə görünsə də, təhsilimizdə “xeyir- bərəkətin çəkilməsinin”, dərsə, məktəbə, bütövlükdə təhsilə marağın azalmasının əsas “baiskarlarından” biri də məhz dərs ilinin başlanğıcının 1 sentyabrdan 15 sentyabra çəkilməsidir.

Bu yandan da millət vəkili Fazil Mustafanın Milli Məclisdəki “Son illərdə qəbul olunan qərarların içində ən absurdu dərslərin iyun ayının 15-dək uzadılmasıdır. İkinci absurd qərar dərslərin sentyabrın 15-də başlamasıdır. Uşaq bağçaları, orta məktəb və ali məktəblər üçün bu cür vaxt dəyişiminin hansısa faydası olduğunu düşünmürəm. Dərslər sentyabrın 1-də başlayar və mayın 31-də tamamlanarsa, həm təhsil alanlar, həm də müəllimlər rahat olar” - açıqlaması mənə sanki son dərəcə dəyərli və ibrətamiz filmlərimizdən olan “Axırıncı aşırım”dakı təxmini yadımda qalan bir dialoqu xatırlatdı:

- Hə, necəsən, qəmsəmol? Ağlın başıva gəldi? Sən hələ uşaqsan bala, aldadıb yolundan çıxarıblar səni. Eybi yoxdur, ağıllanarsan. Ə Rəşid, tüfəngini ver ona... Tüfəngi götür, keç bizim tərəfə.

- Niyə dinmirsən...

- Mən satqın deyiləm Kərbəlayi.

- Bıy..., satqın niyə olursan. Əvvəl səhv eləmisən, indi başa düşürsən ki, yaxşı iş görməmisən. Mən də səni öldürmürəm, bağışlayıram...

Yəqin çoxları xatırlamamış deyillər ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarının icrası barədə Təhsil naziri Mikayıl Cabbarovun ümumtəhsil məktəbində dərs məşğələlərinin sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatması barədə əmri həmin ərəfədə cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmamış, genış müzakirə və polemikalara yol açmışdı. Müəyyən müddət keçməsinə baxmayaraq, xüsusilə son günlər sosial şəbəkələrdə dərs günlərinin başlanma və bitmə tarixlərinin dəyişdirilməsi ilə bağlı valideynlər tərəfindən yenə də geniş müzakirələr aparılır. Müzakirələrə müəllimlərdən, digər struktur nümayəndələrindən qoşulanlar da var. Hətta iş o yerə çatıb ki, Təhsil nazirinə, digər səlahiyyətli orqanlara müraciət üçün petisiyaya və imzatoplama kampaniyasına başlanılıb. Çoxsaylı müraciətlərdə dərslərin əvvəlki kimi 1 sentyabr-25 may tarixləri arasında keçirilməsi xahiş olunur.

İndi Kərbəlayı İsmayılın sözü olmasın, haçansa 10-15 il bundan qabaq havaların bir balaca qızmasından narahatçılıq keçirib, Misir Mərdanovun təxəyyülünün məhsulu olaraq bir səhvə yol vermişik, nə olar, heç olmasa indi də olsa səhvimizi düzəldək. Bir də ki, axı millət də, millətin vəkili də bundan narahatçılıq keçirir...

Lakin Təhsil Nazirliyi, nədənsə, "Bilik günü"nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi barədə 2004–cü il avqust qərarına və dəyişikliyin əsas məqsədinin şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühiti yaradılması arqumentinə əslanaraq, öz mövqeyində israrlıdır. Belə ki, məktəblərdə dərs günlərinin miqdarının az olması fənlər üzrə mövcud təlim proqramlarının şagirdlər tərəfindən səmərəli mənimsənilməsində çətinliklər yaradır, xüsusilə yuxarı siniflərdə həftəlik tədris yükünün artmasına səbəb olur. Nazirliyin cavabında o da vurğulanıb ki, 1-14 iyun tarixləri yaz fəslinə təsadüf etdiyindən, iyun ayında dərslərin keçilməsi hava şəraiti baxımından çətinlik törətməyəcək. Səbəb kimi gətirilən arqumentlər içərisində beynəlxalq təcrübəyə istinad edilməsi də özünə yer alıb.

Mənim mövqeyimə gəlincə, Təhsil Nazirliyinin əsaslandırdığı arqumentləri, məsələnin səmərəli həlli baxımından kifayət qədər yetərli hesab etmirəm.

Əvvəla, şagirdlərin təlim yükünün azaldılmasını dərs günlərinin sayının artırılması hesabına deyil, təhsil proqramlarındakı ikinci, üçüncü dərəcəli qəliz və lazımsız materialların sıxışdırılması yolu ilə də həll etmək olardı. Digər tərəfdən dərs ilini sentyabrın 15-dən 1-nə çəkməklə də, zəruri hesab olanan iki həftə bərpa edilə bilərdi. Bir də ki, təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsini onun müddətinin uzadılması ilə həll etmək nəinki yeganə yol, həm də o qədər də uğurlu variant deyil. Müddət təhsilin keyfiyyəti üçün heç də həmişə əvəzedilməz meyar sayıla bilməz. Məsələn, bizim 6 yaşdan uşağı məktəbə gödərməyimizə rəğmən, dünya təhsilinə nümunə sayılan Finlandiyada uşaqları məktəbə 7 yaşdan göndərirlər və s.

Digər tərəfdən, əgər beynəlxalq təcrübəni əsas götürürüksə, dünyanın müxtəlif ölkələrində dərs ilinin başlama və başa çatması tarixləri ənənəvi olaraq iqlimdən və dərs yükündən asılı olmayaraq müxtəlifdir. Deyək ki, Rusiyada ənənəvi olaraq 1 sentyabr “Bilik günü”dür. Məktəblilərin tətilə yollandığı tarix isə mayın 25-dir. Gürcüstanda dərs ili sentyabrın 10-dan sonra gələn ilk bazar etrəsi günü başlayır. Belçikada, Çexiyada, Macarıstanda, İsraildə, Estoniyada dərs ili sentyabrın 1-i başlayır və müvafiq olaraq iyunun əvvəlinə, ortalarına və axırlarına kimi davam edir. İranda və Türkiyədə də dərslər sentyabrda başlayıb, iyun ayında başa çatır.

Və yaxud Yaponiyada məktəblər aprelin 6-da açılır. Tədris ilinin yekunu növbəti ilin mart ayına təsadüf edir. Koreyada isə dərslər martda başlayır və dekabra qədər davam edir. Malayziyada məktəblər yanvarda, Çilidə, Kosta-Rikada isə fevralın sonları, yaxud martın əvvəllərində açılır. ABŞ-da da “Bilik günü”nün konkret tarixi yoxdur. Ştatlar və yerli qanunverici orqanlar bunun üçün fərqli tarixlər seçirlər. Bir çox məktəblərdə “Bilik günü” sentyabr ayının ilk bazar ertəsi yaxud cümə axşamına təsadüf edir və s.

Nazirliyin “hava şəraiti baxımından çətinlik törədilməyəcəyi” arqumentinə gəlincə isə, hesab edirəm ki, iqlimlə əlaqədar elə də əsaslı fərq olmasa belə, burada psixoloji-fizioloji faktorların rolu böyükdür. Çünki tempraturdan asılı olmayaraq, iyun ayı insanlarda istilərin hələ qabaqda olması, sentyabr ayı isə artıq istilərin arxada qalması kimi assosiasiya olunur. Buna görə də, belə bir əhval-ruhiyyəyə əsasən istəsək də, istəməsək də bu reallıqla hesablaşmalıyıq ki, artıq may ayının ortalarından məktəblərdə dərsə davamiyyət azalır. Burda insana xas olan harmonal və digər prosesləri də nəzərə almaq lazımdır. Bir də ki, uzun illərin ənənə amili də var. 1 sentyabrın ilk dərs ilinin başlanğıcı, bilik günü kimi yaddaşlardan silinməsi üçün keçdiyimiz dövr kifayət etmir. Xeyli müddən öncə “Əlifba” dərsliyimizi “Ana dili” dərsliyi ilə əvəz ediyimizə baxmayaraq, məktəblərimiz bu gün də “Ana dili” deyil, “Əlifba” bayramı” keçirməkdə davam edirlər. Heç olmasa bu baxımdan da olsa digər ənənələrimizə hörmət və sayğı ilə yanaşdığımız kimi, təhsil ənənələrimizi də qoruyub saxlamağa çalışmalıyıq və buna borcluyuq.

“1 senyabr” ənənəsinin nə vaxtsa yenidən bərpa olunacağını, gec-tez belə bir addımın atıla biləcəyini istisna etmirəm. Niyə də etməyək. Əgər Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli qərarına əsasən, respublika ərazisində hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçid tətbiq edilməsi, oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtının ləğv edilməsinə, nəhayət, son qoyuldusa, deməli hazırda mövcud olan belə bir qərar da ləğv edilə bilər. Hər halda növbəti səhvlərə bir daha yol verməmək üçün, heç olmasa keçmiş səhvlərin aradan qaldırılması da bir qazancdır. Necə ki, təhsilə deyil, daha çox kommersiya məqsədlərinə xidmət edən və valideynlərə məcburi sırınan “İş dəftərləri”nin məcburi olmaması barədə, gec də olsa, qərara gəldik. Necə ki, şagirdin dərsə gəlməməsinə görə valideynin 100 manat məbləğində cərimələnməsi barədə absurd qərarı ləğv etdik və s.

Nəhayət, unutmayaq ki, təhsil ümumdövlət işi olmaqla yanaşı, həm də ümumxalq işidir, ümummilli məsələdir. İctimai rəyi nəzərə almaq isə, Ölkə başçısı tərəfindən təsdiq olunmuş “İctimai iştirakçılıq haqqında” Qanunun başlıca tələblərindən biridir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar