Əmlak Komitəsindən Prezidentə şikayət – “Binamızın zirzəmisi satılıb”

Binəqədi rayonu, Naxçıvani küçəsi ev 39A saylı binada yaşayan bir qrup sakin Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Surəti “AzPolitika”nın elektron poçtuna daxil olan müraciətdə deyilir:

“Hörmətli cənab Prezident!

Göstərilən ünvanda yaşadığımız 24 il ərzində binamızın zirzəmisində müxtəlif təşkilatlar qeyri-qanuni fəaliyyət göstəriblər. Belə ki, binamızın zirzəmisinin aparıcı divarı sökülmüş, küçə və digər tərəflərdən qapı və pəncərə oyuqları açılmışdır. Bizim şikayətimiz nəticəsində Bakı Şəhər İcra Hakimiyyəti özünün 09.XI.2001-ci il tarixli sərəncamı ilə binanın konstruktiv möhkəmliyinə təsir göstərən yükdaşıyan divarda açılmış qanunsuz qapı oyuğunu hördürərək, zirzəmini bağlatdırdı. Binəqədi rayon İcra Hakimiyyətinin başçısı H.Hüseynova tapşırıq verildi ki, sakinlərin haqlı narazılığına səbəb olmuş zirzəminin istifadəsi üçün verilmiş Binəqədi Rayon XDS İK-nin 19/484 saylı qərarını ləğv etsin və zirzəminin gələcəkdə zəbt olunmasının qarşısını alsın.

Bu sərəncamdan bir qədər sonra Fərhad Əliyevin sədrlik etdiyi Əmlak Komitəsi Hacıbala Abutalıbovun bağlatdığı qeyri-qanuni qapı oyuğunu təzədən sökdürdü və zirzəminin digər hissəsini də AMİP-in Binəqədi rayon şöbəsinə icarəyə verdi.

Qeyri rəsmi məlumatlara görə, bu yaxınlarda Əmlak Komitəsi AMİP-in Binəqədi rayon şöbəsinin müqaviləsini ləğv edərək, binamızın altındakı zirzəmini yenə kimlərəsə icarəyə verib (yaxud özəlləşdirib). Hal-hazırda binanın zirzəmisində qeyri-qanuni söküntü işləri aparırlar. Səs-küydən dayanmaq olmur.

Hörmətli cənab Prezident!

Sizdən xahiş edirik ki, binamızın zəlzələyə davamlılığını artırmaq, gələcəkdə baş verə biləcək fövqəladə halların qarşısını almaq məqsədilə, qeyri-qanuni icarə və ya özəlləşdirmənin qarşısını alaraq, binamızın ümumi istifadəsinə məxsus olan zirzəmidən kənar insanların çıxarılması haqqında göstəriş verəsiniz”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar