“Ölkənin ümumi daxili məhsulunun 80 faizindən çoxu özəl sektorun payına düşür” - Ağalar Vəliyev

“Dünya iqtisadiyyatında baş verən böhran şəraitində ölkəmiz qarşısında duran əsas vəzifə şübhəsiz ki, Azərbaycanın davamlı inkişafını təmin etməkdir”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Ağalar Vəliyev bildirib.

Deputatın sözlərinə görə, qlobal maliyyə böhranı davam etməsinə baxmayaraq, ötən il makro-iqtisadi sabitlik qorunub saxlanmış, müəyyən investisiya proqramlarının icrası, qabaqcıl texnologiyalara əsaslanan və rəqabət qabiliyyətli yeni istehsal müəssisələrinin yaradılması davam etdirilib: “Dövlət büdcəsinin uğurlu icrası nəticəsində 2015-ci ildə qeyri-neft sektorunda ixrac yönümlü məhsul istehsalının dəstəklənməsi və idxaldan asıllığın azaldılması yerli resurs və xammalla işləyən sənaye kompleksinin və aqro emal müəssisələrinin yaradılması bütövlükdə iqtisadiyyatın şahələndirilməsini sürətləndirib. Milli iqtisadiyyatın ayrı-ayrı sahələrinin yeni yanaşmalar və tələblər əsasında formalaşması, ölkədə sənayeləşmə siyasətinin həyata keçirilməsinin uğurlu nəticəsi kimi dəyərləndirilməlidir. Eyni zamanda, cənab prezidentin 2015-ci ilin “kənd təsərrüfatı ili” elan edilməsi haqqında sərəncamı ilə Azərbaycanda həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün möhkəm zəmin yaradıb. Dövlət büdcəsindən kənd təsərrüfatına ayrılan vəsaitlər aqrar sektorda müsbət dəyişikliklərə nail olmaq imkanlarını xeyli genişləndirib”.

A.Vəliyev bildirib ki, Azərbaycanın dinamik inkişafını təmin edən ən vacib amillərdən biri də sahibkarlıqdır. “Bu gün dövlət-biznes münasibətlərinin mütərəqqi əsaslarla qurulmasının və sahibkarlıq fəaliyyətinə davamlı dəstəyin nəticəsidir ki, hazırda ölkənin ümumi daxili məhsulunun 80 faizindən çoxu özəl sektorun payına düşür. Büdcənin uğurlu icrası regionların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə müsbət təsir göstərib. Bununla bağlı dövlət başçımız qeyd edib ki, Azərbaycanın yeni reallıqları ondan ibarətdir ki, hər bir bölgədə inkişaf var, hər bir bölgədə sosial-iqtisadi proqramlar icra olunur, investisiyalar qoyulur və beləliklə Azərbaycanın bölgələri yaradılmış əlverişli şəraitdən uğurla istifadə edirlər. Büdəcinin icrası konteksində keçən il ölkənin iqtisadi və sosial sahələrində inkişafına bütün maliyyə mənbələrindən əsas kapitala yönəlmiş ümumi vəsaitin 13,4 faizi tikinti sahəsinə sərf edilib, tikinti üzrə sərmayə qoyuluşu 2014-cü illə müqayisədə xarici investisiyalar üzrə 40,5, daxili investisiyalar üzrə 69 faiz artıb. Son 12 il ərizində olduğu kimi ötən ilin yekunları bir daha göstərdi ki, dövlət büdcəsinin icrası ölkəmizin dayanıqlı inkişafı üçün əhəmiyyətli baza və xarici siyasət prioritetlərimizə uyğun olaraq beynəlxalq aləmdə mövqelərimizin möhkəmləndiriliməsinə əlverişli zəmin yaradıb”.

A.Vəliyev həmçinin ötən həftə Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi Sloveniya Respublikasına etdiyi səfərinə də toxunub: “Səfər zamanı bu ölkənin parlamentinin rəhbərliyi, dostluq qrupunun üzvləri ilə, Lyublyana şəhər meriyasın üzvləri ilə keçirdiyimiz görüşlərdə, iştirak etdiyimiz tədbirlərdə Avropa Birliyinin üzvü olan Sloveniyanın Azərbaycana, onun güclü potensialına, qitənin enerji təhlükəsizliyi sistemindəki mühüm roluna, etibarlı tərəfdaş kimi böyük beynəlxalq nüfuzuna çox yüksək qiymət verdiyinin bilavasityə şahidi olduq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar