ƏLİYEVİN HƏBSİNƏ HESABLANAN ƏMƏLİYYATI KİM POZUB? – TARİX

Aşağıda təqdim edəcəyimiz material 24 il əvvəl – 1992-ci ilin 8 mayında “Ədalət” qəzetində çap olunub.  O vaxt Respublika Prokurorluğunun cinayət işlərinə məhkəmələrdə baxılmasına nəzarət şöbəsinin prokuroru olan M.Məmmədov və  Sabunçu rayon prokurorunun müavini işləyən B.Həsənovun imzasıyla gedən bu məqalədə Azərbaycanın yaxın tarixinin  daha bir maraqlı hadisəsindən bəhs edilir.

Söhbət 1989-cu ildə SSRİ Daxili İşlər Nazirliyinin və SSRİ Prokurorluğunun Azərbaycanda vəzifəli şəxslərin kütləvi həbsiylə və son nəticədə Qorbaçovun əsas rəqiblərindən sayılan Heydər Əliyevin tam zərərsizləşdirilməsiylə nəticələnməyə hesablanmış məxfi bir əməliyyatın niyə baş tutmamasından gedir…

Xatırladaq ki, həmin əməliyyatın Azərbaycanda keçirilməsinə o vaxtAzərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olan Əbdürrəhman Vəzirov da razılıq vermişdi. Ancaq… 

Aşağıda iki prokurorluq əməkdaşının 24 il əvvəl yazdığı həmin məqaləni Strateq.az saytına istinadla, oxuculara təqdim edirik:

heydaraliyev-1984

Bu məqalədə haqqında danışılan cinayət işinin üzərində “Məxfidir” sözü yazılıb. Hətta indi də bu işin mahiyyəti prokurorluq və digər hüquq-mühafizə orqanları işçilərindən çox az adama bəllidir. İstintaqı aparmış vəzifəli şəxslər kimi, biz həmin işin bəzi hallarını oxuculara çatdırmaq istəyirik.

“Özbək işi” bizim hamımıza mətbuatdan, televiziyadan, radiodan və qurultay mübahisələrindən yaxşı məlumdur. Bu işin siyasi məqsəd daşıması, bir qədər də 37-ci ilin repressiyaları xatırlatması indi heç kim üçün gizli deyil. Başabəla müstəntiqlər Qdlyan İvanov ondan özləri üçün siyasi karyera düzəltmiş, bütün bədbəxtlik və məhrumiyyətlər isə özbək xalqının üzərinə düşmüşdür.

Çox az adam bilir ki, 1989-90-cı illərdə “Özbək variantı” Azərbaycanda da təkrar oluna bilərdi. O zaman SSRİ DİN və SSRİ Prokurorluğunun xüsusi qrupu Azərbaycana göndərilmişdi ki, burada “oğurluq, korrupsiya və rüşvətxorluqla mübarizə aparsın”.

Biz keçmiş SSRİ-nin hər hansı respublikasında olduğu kimi, Azərbaycanda da bu halların mövcud olması faktını şübhə altına almaq fikrində deyilik. Ancaq imperiyanın məhz Azərbaycanı seçməsi burada baş verən siyasi hadisələrlə bağlı idi. Bu, böyük fəlakətlə nəticələnə bilərdi və ona qarşı dayanmaq lazım idi.

ilyas-prokuror.jpg

Respublikada bu çətin vəzifəni keçmiş respublika prokuroru İlyas İsmayılov üzərinə götürməyə cəsarət etdi.

Biz belə hesab edirik ki, o, bunu şəxsi məqsədlər üçün etmədi. Çünki o vaxt Moskvaya qarşı dayanmaq özünü məhv etmək demək idi. Ona görə də belə deməyə tam əsas var ki, İlyas İsmayılov bu zaman özünü yox, xalqın taleyini düşünürdü.

Yuxarıda göstərilən qrupun iş metodları Qdlyanın dəst-xəttini xatırladırdı: onlar nə yolla olursa-olsun, güman və ya arzu olunanı sübut etməyə çalışır, bu zaman cinayətdən yaxud, cinayətkarlardan istifadə etməkdən belə, çəkinmirdilər.

İttifaqın müxtəlif nöqtələrindən Bakıya ağır cinayətlər üstündə məhkum edilmiş, 20-dən artıq xüsusi təhlükəli cinayətkar və residivistlər gətirilmişdi ki, onların vasitəsilə spesifik operativ tədbirlər həyata keçirilsin. Bu şəxslər sadəcə olaraq, “agent” rolu oynamalı idilər. Azərbaycan SSRİ DİN-nin 3 nömrəli istintaq təcridxanasında onlar üçün xüsusi korpus ayrılmış və orada yerləşdirilmişdilər. Bu korpus Azərbaycanın yurisdiksiyasından çıxarılmışdır. Bura müxtəlif regionlardan zabit və nəzarətçilər qrupu gətirilmişdi. Azərbaycan SSR prokurorluğu və DİN-in işçilərindən heç biri bu korpusa daxil ola bilməzdi. Yalnız Rusiyanın indiki Milli Təhlükəsizlik Agentliyinin sədri V. Barannikov o zaman bu müstəsna hüquqdan istifadə edə bilərdi.

Bizdə olan məlumata görə, əməliyyata da məhz o rəhbərlik edir, istintaq qrupları yaradırdı. O, bu qruplara hətta SSRİ prokurorluğunun müstəntiqlərini də daxil edə bilərdi. Bu qrupun rəhbərləri sırasında Moskva məmurlarından indiki Rusiya Parlamentinin komissiyalarından birinin sədri Aslaxanov və onun müaviniBelousov da var idi.

… “Cəza” maşını işə salınmışdı və qısa müddətdə republikada kütləvi həbslər keçirilmişdi. Oxucular, yəqin ki, “Avtonəqliyyat”, “Benzin”, “Şərab” və s. işləri xatırlayırlar. Bir qədər irəli gedərək, qeyd edək ki, sonradan bu işlərin hamısı cinayət hadisəsi olmadığına görə xitam edilmişdi.

heydaraliyev-pambiq-1

Bu “işlər” üzrə həbs olunmuş şəxslər yuxarıda göstərilən korpusda saxlanırdı. Onların saxlandığı kameralara “agentlər” salınırdı və “operativ iş” başlanırdı ki, bu da, sadəcə olaraq, “müqəssirlərə” psixi və fiziki zor tətbiq etməkdən ibarət idi. Psixi təsir vasitələrindən biri bundan ibarət idi ki, guya, cinayəti boynuna almayanlar Ermənistana göndəriləcək.

Xüsusi fərqlənən “agentlər” mükafatlandırılırdı. Onlar müxtəlif bəhanələrlə təcridxanadan çıxarılır, şəhərdə qohumları ilə görüşlər, gəzintilər, içki məclisləri, çimərlikdə istirahət təşkil olunurdu. Bütün bunlar tam nəzarətsizliklə edilirdi. Bu məqsədlə Bakıda onlar üçün mənzillər ayrılır, korpusun rəhbəri podpolkovnik İ.V. Çijik isə hətta “agent” qadını “Cənub” mehmanxansındakı nömrəsinə gətirməkdən belə, çəkinmirdi.

Moskva qrupunun üzvləri istirahət üçün öz “qızlarını” da Bakıya çağırırdılar. Onlara istintaqa cəlb olunmuş şəxslər qulluq edir, sonra isə bu şəxsləri də həbs edirdilər.

Bütün bu ağlasığmaz qanunsuzluqlara ancaq respublika prokuroru İlyas İsmayılovun prinsipal mövqeyi sayəsində son qoyuldu. O, Moskva qrupunun özbaşınalıqları ilə əlaqədar cinayət işi qaldırmaq, istintaq qrupu yaratmaq, kargüzarlığı məxfi aparmaq və nəticə haqqında şəxsən ona məruzə etmək barədə göstəriş verdi.

1989-cu il sentyabrın 22-də Azərbaycan SSR CM-in 167-ci maddəsinin 1ci hissəsi üzrə cinayət işi qaldırıldı. Qısa müddət ərzində istintaqın nəticələri üzə çıxmağa və Moskva narahat olmağa başladı. Nəzarətçi prokurorlar istintaqın qanuniliyini yoxlamaq üçün respublikaya göndərildi. İş SSRİ Baş prokurorunun müavinləri AbramovKravtsova məruzə olunurdu. Bu zaman hər dəfə respublika prokuroru İlyas İsmayılov şəxsən iştirak edir, hər dəfə qəti inamını bildirirdi ki, Azərbaycanda işləyən Moskva qrupu qanunu pozur və onun fəaliyyəti dayandırılmalıdır. Son nəticədə Moskva etiraf etməyə məcbur oldu ki, SSRİ DİN işçilərinin vəzifələrindən sui-istifadə etmələri faktları həqiqətəuyğundur, ona görə də onlar nəinki Bakıdan çıxarıldılar, hətta DİO-dan da xaric edildilər. Bu barədə işdə SSRİ Daxili İşlər nazirinin o zamankı müavini Şilovun imzasıyla rəsmi məktub var…

Biz başa düşürük ki, bir qəzet məqaləsində bu mürəkkəb işin bütün halları barədə danışmaq mümkün deyil. Ancaq bir daha qeyd etmək istəyirik ki, 1989-90-cı illərdə Azərbaycanda ikinci “Özbək işi”nin baş tutmaması yalnız respublika prokuroru İlyas İsmayılovun prinsipal mövqeyi nəticəsində mümkün olmuşdur. O, bu işi axıra çatdırmağa çalışırdı, qanunu pozanların orqandan çıxarılması ilə kifayətlənmək istəmirdi. Ancaq hüquqşünaslar demişkən, iradəsindən asılı olmayan səbəbdən o, bu işi sona yetirə bilmədi. 1990-cı ilin yanvarından sonra respublikada siyasi rəhbərlik dəyişdi. 1990-cı ilin iyununda İlyas İsmayılov SSRİ Prokurorluğuna başqa işə keçirildi, 1990-cı il iyulun 22-də isə yuxarıda göstərilən cinayət işi “şəraitin dəyişməsi ilə əlaqədar” xitam olundu. Bizcə, şərhə ehtiyyac yoxdur.

ilyas-1

Sözümüzün sonunda qeyd etmək istəyirik ki, İlyas İsmayılov həmişə öz xalqına şərəflə və təvazökarlıqla xidmət edib və başqalarından fərqli olaraq, heç vaxt bunu reklam etməyə çalışmayıb.

M. Məmmədov,

Respublika Prokurorluğu cinayət işlərinə məhkəmələrdə baxılması üzərində nəzarət şöbəsinin prokuroru

B.Həsənov,

Sabunçu rayon prokurorunun müavini

"Ədalət" qəzeti, 08.05. 1992

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar