NURÇULAR AZƏRBAYCAN RƏHBƏRLƏRİNİ DƏ DİNLƏYİBLƏR? – Milli təhlükəsizlik

Türkiyənin təhlükəsizlik sistemində üzə çıxan “yarıqlar” və Azərbaycan dövlətinin milli təhlükəsizliyi...

Türkiyədə bələdiyyə seçkilərinə 3 gün qalmış internetdə dövlətin yüksək vəzifəli şəxslərinin iştirakı ilə keçirilən gizli toplantının səs yazısının yayılması, sözün əsl mənasında şok yaratdı.

Suriya mövzusuna həsr olunan toplantıda xarici işlər naziri Əhməd Davudoğlu, XİN aparatının rəhbəri Firudin Sinirlioğlu, Milli İstihbarat (kəşfiyyat) Təşkilatının rəhbəri Hakan Fidan və Silahlı Qüvvələrin Baş Qərargahının 2-ci rəisi, ordu generalı Yaşar Gülər iştirak edir. Söhbətdə Türkiyənin Suriyaya hərbi müdaxilə edə bilməsi üçün əsas yaratmaq məsələsi müzakirə olunur. Ə. Davudoğlu baş nazir Ərdoğanın Suriya ərazisində olan və Türkiyə ərazisi sayılan Süleyman Şah Türbəsinə qarşı hədələrdən Suriyaya hərbi müdaxilə üçün səbəb kimi istifadə olunmasını təklif etdiyini deyir.

Bu toplantı Türkiyə XİN başçısının kabinetində aparılır. Türkiyənin təhlükəsizlik baxımından ən mühüm məkanlarından biri olan XİN başçısının kabinetində xüsusi xidmət rəhbərinin iştirakilə keçirilən məxfi görüşün dinlənilməsi ağılasığmaz bir hadisə kimi qiymətləndirilir. Bunu hansı güc edə bilərdi? Bu suala hələ də cavab axtarılır.

Türkiyə hökumətinin rəhbərliyi məxfi dinləməni Türkiyənin milli təhlükəsizliyinə hücum kimi qiymətləndirib və buna görə məsuliyyəti Gülən camaatının üzərinə qoyub. Lakin bu iddia o qədər də ciddi qəbul olunmur. Ekspertlərin fikrincə, bu camaat Türkiyənin dövlət orqanlarına sıza bilsə də, bu səviyyədə əməliyyatı təkbaşına həyata keçirə bilməzdi. Bu baxımdan, XİN başçısının kabinetində keçirilən son dərəcə mühüm bir toplantının dinlənilməsində müasir texnologiyalara sahib olan xarici kəşfiyyatların rolu haqqında da danışılmağa başlanılıb. Bir qədər də konkretləşdirsək, bu işin arxasında ABŞ kəşfiyyatının ola biləcəyi haqda iddialar irəli sürülür.

Türkiyə kimi güclü bir dövlətdə təhlükəsizlik sistemindəki belə yarıqların üzə çıxması digər dövlətlər, o cümlədən Azərbaycan üçün də düşündürücü hadisədir. Başqa sözlə, indi Azərbaycanın dövlər rəhbərlərinin bu cür dinləmələrdən sığortalandığı çox böyük şübhə doğurmaqdadır. Həm də istənilən halda şübhə doğurur. Məsələ ondadır ki, Türkiyədəki məxvi dinləmələrə görə şübhəli bilinən hər iki subyekt – xarici kəşfiyyat və Gülən camaatı elə Azərbaycanda da kifayət qədər güclüdürlər. Hər halda xarici kəşfiyyatlara qarşı Azərbaycan və Türkiyə dövlətlərinin müdafiə potensiallarını müqayisə etsək, şəksiz üstünlük Türkiyənin tərəfində olar. Türkiyə böyük və güclü dövlətdir. Lakin kimlərsə onun xüsusi xidmət rəhbərini belə dinləyə bilibsə, bu qüvvələrin Azərbaycanda anoloji əməliyyatları həyata keçirə bilmələri məsələsi müzakirə olunmalıdır.

Türkiyədəki dinləmələrin arxasından Gülən camaatı çıxacağı halda da Azərbaycan üçün narahatlıq azalmayacaq. Bu camaatın Azərbaycanda nə qədər güclü olduğu, haralara qədər sıza bildiyini son ifşalardan aydın görə bildik. Məlum oldu ki, Azərbaycanda neçə illərdir ki, nurçular şəbəkəsi xüsusi imtiyazlar əldə edərək dövlət sistemində kök ataraq şaxələnib. Kim deyə bilər ki, bu illər ərzində məhz bu şəbəkənin köməyi ilə Azərbaycan rəhbərlərini dinləmə mexanizmi yaradılmayıb?

Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın özündə kiber texnologiya istehsal edilmir. Belə texnologiyalar çox baha qiymətlərlə xaricdən alınır. Ancaq bu texnologiyalar nə qədər təhlükəsizdir? Dinləmələri təşkil edən tərəfin əlində bunlardan daha üstün imkanlara malik texnologiyalar varsa, xüsusən də onun xidmətində insan resursu kimi əvəzedilməz xidmətçı dayanırsa, şübhəsiz ki, bu zaman işlər gözlənilməz məcraya dönər.

Bəllıdir ki, Azərbaycanda ən mühüm qərarlar Prezident Administrasiyasında verilir. Xüsusən də Türkiyədəki son casusluq qalmaqalından sonra bizim PA-dakı müzakirələr, məsləhətləşmələr və qərarların verilməsinə aid olan məlumatların dinlənilməsinin qeyri-mümkünlüyünü iddia etmək olarmı? Axı deyilənlərə inansaq, Türkiyədə xüsusi xidmət rəhbərini dinləməyə nail olan bir təriqətin Azərbaycandakı uzantısının lideri o günlərə qədər məhz PA-da otururdu?...

Qısası, Türkiyənin təhlükəsizlik sistemində üzə çıxan “yarıqlar” Azərbaycan dövlətinin milli təhlükəsizliyi baxımından da düşündürücü hadisə oldu.

Sonda onu da xatırlatmaq yerinə düşər ki, bu günlərdə ABŞ Milli Təhlükəsizlik Agentliyinin 122 dövlət başçısını dinlədiyi barədə yeni bir sənədin ortaya çıxdığı barədə iddialar ortaya atılıb. Eduard Snoudenin sızdırdığı sənədlərdə göstərilib ki, 2009-cu ilin mayına kimi 122 dövlət başçısı dinlənilərək, onlar barədə məlumatlar toplanıb.

Azərbaycanın dövlət başçısının ABŞ kəşfiyyatının “maraq dairəsindən” kənarda olduğunu iddia etmək isə sadəlövhlük olar.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar