Gözlənilən bir siyasi hekayə

Sizə qəribə görünə bilər. Amma hələ ilk günlərdən Milli Şura sədrinin və namizədinin xaricdə olması və ölkəmizə dönüşü ilə bağlı problemlər mənə təkcə əngəl və çətinlik kimi görünməyib, buna həm də şans kimi baxmışam. Hesab edirdim ki, Rüstəm Ibrahimbəyov iqtidarın bütün hədə və qorxularına baxmayaraq bu əngəli aşacaq və özünü bizim cəmiyyətə daha yüksək səviyyədə qəbul etdirəcək. Çünki əngəllər həmişə ikili xarakter daşıyır, onları aşdıqda, həll etdikdə sənə yüksək dividentlər gətirir. Bu, ilkin seçki qələbəsi, gözəl piar və əla başlanğıc ola bilməzmi?! Hətta ona baxmayaraq ki, mənim şans kimi baxdığım bu məsələ indi xeyli bədbin duyğuların mənbəyidir...

Doğrudan da, bir neçə gün öncə Rüstəm Ibrahimbəyovun vəd olunan gəlişinin təxirə düşdüyü elan edildi və gündəm yaxşıca bozardı. Səmimi narahatlıqlar, saxta canıyananlıqlar, fürsətcil tənələr və ittihamlar bir-birinə qarışdı...

Halbuki aylardır dartışılan Milli Şura və Rüstəm Ibrahimbəyov müzakirələrində müəyyən ağrılı məqamlar və fikir ayrılıqları olsa da, elə şanlı hakimiyyətimiz də hər cür ittihamlar və böhtanları işə salsa da, onun əlaltıları pozucu rəqslərini israrla davam etdirsə də, ümumi nəticə uğurlu idi. Rüstəm bəy irəli sürdüyü birlik ideyasını reallaşdırmışdı və xeyli ümid yaratmışdı. Siyasi prosesləri uzun illərdir yaxından izləyirəm, doğrudan da indiyədək bu cür uğurlu birlik modeli qurulmamışdı. Baxın, hətta koalisiyanın adı da indiyədək mövcud olanların ən gözəlidir - Milli Şura. Eyni zamanda Azərbaycan müxalifəti də bu qurumun yaranmasında çox böyük mənəvi və siyasi performans nümayiş etdirmişdi!

Üstəlik, ilk baxışdan ziyanlı və əngəl kimi görünən, amma dərindən düşündükdə çox əhəmiyyətli bir situasiya var olmuşdu. Elə yuxarıda haqqında söhbət açdığım əngəldən gedir söhbət. Yadınıza salın, hakimiyyət əvvəldən də Milli Şuranın vahid namizədini təqib edirdi, hətta həbs olunacağı barədə xəbər və hədələr yayırdı. Rüstəm bəy də Milli Şura təsis ediləndə və vahid namizəd seçiləndə ölkədə deyildi. Zamanla hamı bir suala köklənmiş oldu: Rüstəm bəy Bakıya döndükdə həbs edilə bilərmi?

Bu sual demokratik cinahın namizədinə çevrilmiş dramaturqla bağlı dramatik durumu daha da gərginləşdirir və köhnə təcrübələri yada salaraq yeni suala yol açırdı: Rüstəm bəy Vətənə dönəcəkmi? Qorxmayacaq ki?

Bilirsiniz ki, Azərbaycan hakimiyyəti illərdir öz rəqiblərinin qorxaq obrazını yaratmaqdan ötrü dəridən-qabıqdan çıxır. Illərdir Elçibəyin Kələkiyə getdiyini, Isa Qəmbərin tərəfdarları meydanda olarkən evdən çıxa bilmədiyini, Rəsul Quliyevin hər il “gəlirəm sindromu” ilə yaşadığını, siyasi liderlərin mitinqə çıxa bilmədiyini və ən müxtəlif tənələri o qədər cəmiyyətə yeritməyə çalışıblar ki, hətta bir çox adamlar doğrudan da bu təbliğatın təsiri altına düşüb. Hətta özləri dünən bu ittihamlarla üzləşənlər, baxırsan ki, bu gün başqasına qarşı bənzər ittihamlar irəli sürür.

Rüstəm Ibrahimbəyovun gəlişi ilə bağlı ajiotajın bir səbəbi də bunlardır. Onun gəlişi çox çətin məsələ kimi görünür. Odur ki, bütün bunların fonunda dramaturqun gəlişi nəinki iqtidarın əks təbliğatının qarşısını alar, üstəlik, yeni bir siyasi hekayənin yaranması üçün şans yaradar. Bu hekayə Rüstəm bəydən öncə cəmiyyətə və onun bütün dürüst kəsimlərinə gərəkdir. Onun gəlişi təkcə Milli Şuranın seçki planlarına görə lazım deyil, bütünlüklə ölkənin gələcəyi üçün lazımdır. Rüstəm bəy bu addımı ilə Milli Şuranın sədri və namizədi olmaqdan əlavə yeni bir status və obraz qazanmış olar, mənəvi liderə çevrilər. Mübarizənin hər üzü var - mənəvi liderlər istənilən halda siyasi liderlərin qol-qanadına çevrilir, cəmiyyətin dirilməsi üçün hər zaman əvəzsiz rol oynayır.

Ona görə də bu hekayənin tamamlanması gözlədiyimiz ən vacib şanslardan biridir. Bununla Rüstəm Ibrahimbəyov Azərbaycan üçün çox vacib bir əsər yazmış olardı...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar