PAPAQ

ebil-h-200x300-200x2151Əbil HƏSƏNOV

Xalqımızın folklorunda papağa aid bir neçə məsəllər, atalar sözləri var. Məsələn: "Papağını götür get burdan", "Papağını qabağına qoy, yaxşı-yaxşı fikirləş", "Papaq altında oğlanlar tatır" və sair.

Bütün bunlar onu göstərir ki, papaq bizim üçün yalnız baş geyimi deyil, fövqəladə əhəmiyyətli bir şeydir. Keçmiş zamanlarda papağı istiyə-soyuğa görə qoymazdılar. O kişiliyin, namusun, qeyrətin və hörmətin rəmzi idi. Kişilər papaqsız evdən çölə çıxmazdılar. “Başıpapaqlı” ifadəsi də məhz buradan yaranmışdı.

Zaman bir çox şeyləri olduğu kimi, papağa olan münasibəti də dəyişdi - papaq öz əhəmiyyətini itirməyə başladı. Köhnə şəkillərə baxanda görürürük ki, kişilərin başında buxarı papaqlar, qadınların başları örtülü, paltarlarının ətəkləri isə o qədər uzundur ki, sanki yerlə sürünür. İllər biri-birini əvəz etdikcə kişilərin buxarı papaqları dəyişir. Onların yerini panamalar, şapkalar tutur. Kişilərimizin papaqlarının forması dəyişdikcə qadınlarımız da sakit oturmur, başlarından örtüklərini açırlar. Baş örtükləri açıldıqca donlarının ətəkləri də qısalmağa başlayır...

Müasir dövrümüzdə papaq qoyma adətləri də müasirləşib. İndi papağı sırf havaya, yəni istiyə-soyuğa görə qoyurlar. Məsələn, əgər günəş istisindən qorunmağa ehtiyac varsa, dimdiyi uzun papaqlara müraciət edilir. “Bəy”lərin papaqlarının dimdikləri uzandıqca dilləri qısalmağa başladı, "xanım”ların paltarlarının ətəkləri kimi. Nəticədə qadınların Dubay və Türkiyəyə səfərlərinin sayı artırdı. İndi artıq kişilər soyuq olanda başlarına papaq qoyurlar. Hava istiləşəndə isə papaqlar cibə girir. İndi artıq cibin dövrüdür. Namus da, qeyrət də, şərəf də ciblə ölçülür.

Neynirsən elə, təki papağın cibində olsun. Elə bizim qonşumuz Ağagül kimi. Onun papağı həmişə cibində olur. Hava soyuyan kimi papağını cibindən çıxarıb başına qoyur. Arvadı Roza Dubaya qısa ətəkli qadınlardan ibarət "turist səfərlər" təşkil edir. Oradan isə əliboş qayıtmır. Yaşı və vaxtı keçmiş başqa millətdən olan qadınları gətirib gözdən uzaq kafelərə "importnı" mal adıyla sırıyır. Nə olsun ki? Bundan kimə nə? Ağagülün camaatın arasında hörməti var.

Əvvəl Ağagülə məhəllədə heç kim salam verməzdi. Amma indi hamı ona salam vermək üçün sıraya düzülür. İndi Ağagülün özü seçir kimə salam vermək lazımdır, kimə yox. Pulu da ki cibində. Tamam yadımdan çıxmışdı, papağı da həmçinin...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar