Minsk qrupu: arxivə atmağın vaxtıdır!

ATƏT-in menyusuna: Qarabağ probleminin həllini istəyirsinizsə, fəaliyyətinizi könüllü dayandırın!

XeyberXeybər Göyyallı

Saxtalığın, məkrin, hiylənin üstü gec-tez açılır. Hər işdə belədir. ATƏT-in Minsk qrupunun da əməlləri faş oldu - əməlləri dürüst olmadığından, özünü gözdən saldı. Söz əmələ çevrilməyəndə hörmət-izzət olmur, nüfuz itir. Qarabağ məsələsinin həllinə yardım edən ATƏT-in Minsk qrupunun daha nə hörməti qalıb, nə nüfuzu. Çünki birmənalı olaraq erməniləri müdafiə edən ATƏT-in Minsk qrupu öz iş-gücü ilə bambılı vəziyyətinə düşüb.

Haqlı yerə, ictimaiyyət arasında onların səfərləri turist səfərləri adlandırılır. Nə az-nə çox, düz 25 ildir ki, əvvəllər ATƏM, sonradan ATƏT adlanan qurumun Minsk qrupu sinəsini qabağa verdi ki, Qarabağ problemini həll edəcəkdir. Sonradan açıq-aşkar gördük ki, ATƏT-in Minsk qrupunu ona görə yaratmışlar ki, Qarabağ problemini həll olunmağa qoymasınlar. Erməni hərbi birləşmələri atəşkəsi pozanda, tankla-topla hücuma keçəndə görmürlər, eşitmirlər, səslərini belə çıxarmırlar. Ancaq Azərbaycan tərəfi erməni ordusunun qarşısına çıxıb cavab verəndə bir haray-həşir salırlar ki, gəl görəsən.

ATƏT-in Minsk qrupunda təmsil olunan hər üç dövlət erməni sevgisini gizlədə bilmir. Rusiya Ermənistanla strateji müttəfiqdir. Hər il milyonlarla ABŞ dolları dəyərində silah-sursatı ermənilərə ya bəxş edir, ya da ucuz qiymətə kreditlə verir. Azərbaycana da silah satır, amma çox baha qiymətlə. Fransanın da ermənilərə sevgisi Rusiyadan geri qalmır. Qaldı ABS-a... Dünyanın fövqəldövləti də Qarabağ məsələsində Rusiyanın xətrinə dəymək istəmir. Amerika nümayəndəsi Vyana danışıqlarında sakitcə bildirdi ki, Qarabağ məsələsinin həllində Rusiya ilə həmrəydir.

Həmrəy demişkən, Qarabağ problemi hər üç vasitəçini bu məsələdə nəinki həmrəy, lap həmrəng edib. ATƏT-in hazırkı sədri Almaniya da yenicə erməni xəstəliyinə mübtəla olduğundan, Angela Merkel də barmağını Rusiyaya tərəf tuşladı. Əgər belədirsə, Minsk qrupu niyə yaradılıb? Bəs Minsk qrupunun 25 illik zəhməti hara getdi? Bir də nə zəhmət çəkmişdilər ki?! Vaxtaşırı Cənubi Qafqaza turist səfərlərinin nə zəhməti var ki...

Minsk qrupunun üzvləri məqsədli formada təəssübkeşlik edir, açıq-aşkar tərəf saxlayırlar. Vasitəçi dövlətlərin hər üçü öz fəaliyyətlərində xristan təəssübkeşliyini üstün tuturlar. Bu üçlüyün tərtibində də ədalətsizliyə yol verilib. Dəfələrlə Türkiyənin vasitəçi kimi qrupa daxil edilməsi məsələsi qaldırılsa da, çağırışlar eşidilməyib.

Minsk qrupunun fəaliyyətini tamam gözdən salan bir informasiya da mətbuatı silkələdi. Vəbalı öz boynuna, aprel döyüşlərinin mətbuatda müzakirəsi zamanı Minsk qrupunun fəaliyyətinə kölgə salan belə bir informasiya yayıldı ki, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kasprşik cəbhə bölgəsindəki hərbi informasiyaları erməni tərəfinə ötürür. Bu informasiyanın nə qədər dəqiq olduğuna əmin olmasaq da, nümayəndələrin erməni sevgisi danılmazdır. Erməni sevgisi belə yüksək olan qurumda ədalətli nizamlanmaya inanmaq mümkün deyildir. Hər hansı məsələdə tərəf saxlanılırsa, orada ədalətli həll variantı olmur. Elə bu səbəbdəndir ki, Femida tərəzisində təsvir olunmuş qadının gözləri bağlıdır. Əgər onun gözləri açıq olarsa, hansısa tərəfə simpatiyası üzə çıxar, ədalət (Femida) tərəzisi əyilə bilər

Minsk qrupunun artıq tarixin arxivinə verilmək vaxtı çatıb. Vasitəçilərin uzun illik fəaliyyəti heç bir müsbət nəticə vermədi. Minsk qrupunda təmsil olunan dövlətlər könüllü olaraq bu qurumda öz fəaliyyətlərini dayandırmalıdırlar. Dünya ictimaiyyəti bilir ki, Minsk qrupunun üzvlərinin də iştirak etdiyi bütün danışıqlar adətən bu notlarla tamamlanıb: Azərbaycan və Ermənistan prezidentləri özlərində iradə tapıb məsələni həll etməlidirlər.

Əgər problemin həllini belə qoymuşunuzsa, onda kənara çəkilin. Heç nəyə müdaxilə etməyin! Siz məsələyə hərbi və siyasi cəhətdən müdaxilə etməsəniz, problem asanlıqla həll olunacaqdır. Problemin qısa müddətdə həll olunmasını istəyirsinizsə, missiyanızı dayandırın! Minsk qrupunun üzvlərinin belə bir xeyirxah addım atacaqlarına - fəaliyyətlərini dayandıracaqlarına mən inanmıram.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar