İSA HƏBİBBƏYLİNİN FASİLƏSİZ MƏNTİQİ

Etibar EliyevEtibar ƏLİYEV

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəylinin istedadlı şəxsiyyət olması sirr deyil. Əks təqdirdə ona bu qədər vəzifələr həvalə olunmazdı. Mən belə başa düşürəm ki, onun vəzifələrinin sayı sabit qalmayacaq.

Onun uzun illər rektor vəzifəsində işləməsi, indi isə tutduğu vəzifələrin humanitar xarakter daşıması elə təəssurat yaradırdı ki, “Elm haqqında” qanun müzakirə olunanda o, elmimizin qayğısına qalıb, magistr və doktorantlara möhlət hüququnun verilməsini təkidlə dəstəkləyəcək. Qanunun 2-ci oxunuşuna az qalmış hörmətli İsa müəllimin səsləndirdiyi bu fikirlər deputatlara da təsirsiz ötüşmədi:

“Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi də "Elm haqqında" qanun layihəsindən çıxarılıb".

İ.Həbibbəyli deyib ki, Azərbaycanda müharibə şəraiti bitənə, sülh sazişi imzalanana qədər gənclər hərbi xidmətdən kənarda qala bilməzlər. Bakalavrlar yalnız hərbi xidmət keçdikdən sonra magistraturada təhsillərini davam etdirə bilərlər. (http://525.az/site/?name=xeber&news_id=57093 17.05.16 14:19).

Bu sözləri Gəncədən deputat seçilmiş Naqif Həmzəyev işlətsə idi, üstündən sükutla keçmək olardı. Ancaq yuxarıda qeyd etdiyim kimi akademik, humanitar elmlərin aparıcı fiqurlarından birinin təhsildə fasiləsizlyin təmin olunmasını hərbi xidmətə çağırışla bağlaması xeyli təəccüb doğurdu.

Bu fikirlərin üstündən 21 gün keçdikdən sonra komitə sədri bunları dedi: “Magistratura və doktorantura təhsili üzrə hərbi möhlət hüququnun təmin edilməsi ölkəmizdə fasiləsiz təhsilin də bütün mərhələlər əsasında ardıcıl olaraq həyata keçirilməsinə meydan açacaqdır. Fasiləsiz təhsilin, yəni bağçadan doktoranturaya qədər ardıcıl şəkildə təşkil olunan təhsilin təmin edilməsi isə ölkəmizin bütün sahələr üzrə hərtərəfli inkişafına böyük təkan verəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə hərbi möhlət hüququ verməsi müstəqil dövlətimizin bütün istiqamətlərdəki inkişafına müsbət təsir göstərəcəkdir.

Elm sahəsində gəncləşdirmə kimi aktual problemin uğurlu həlli baxımından da hərbi möhlət hüququ müstəsna əhəmiyyətə malikdir. Bununla doktoranturaya qəbul planları tam yerinə yetiriləcək, elmlər doktorlarının orta yaş həddi 40 yaşlarına enmək imkanı qazanacaqdır. Elmdə və ali təhsildə son illərdə problemə çevrilmiş oğlanların kəskin azalması məsələsi də ortadan qalxmış olacaqdır". (http://525.az/site/?name=xeber&news_id=58363 07.06.16 17:00)

İsa müəllimin dediklərindən belə çıxır ki, həm möhlət hüququnun verilməsi, həm də verilməməsi, yəni hər ikisi təhsilin fasiləsizliyinin təmin olunmasına xidmət edir.

Çəkinmədən deyilməlidir: bu, məntiq elmində yenilikdir!

İnsanlara verilən yüksək vəzifələrin sayı 10-u da ötə bilər. Ancaq elə vəzifə var ki, onu tutan şəxs sərbəst fikir söyləməkdən çəkinməməlidir. Millətin gələcəyi ilə bağlı məsələləri duymaq gərəkdir. Yaxşı ki, Prezident elmimizin gələcək inkişafına töhfəsini verdi. Yoxsa, “magistr və doktorantlara möhlət hüququnun verilməməsi” təhsilin fasiləsizliyinin təmin olunması kimi elm və təhsil tariximizə daxil olacaqdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar