MİLLİ ŞURADAN HEYRƏT DOĞURAN QƏRARLAR - Həftəyə 1 mitinq!

Milli Şura qələbəyə inamlı qüvvə təsirini bağışlaya bilirmi?

Mİlli Şura növbəti mitinqlə bağlı qərar qəbul edib. Qərar Şuranın mitinq komitəsində verilib. Mitinq sentyabrın 29-a təyin olunub. Aksiyanın məkanı kimi yenə də "Məhsul" idman-sağlamlıq kompleksinin stadionu ("İnşaatçılar" metrostansiyasının yanı) seçilib.

Məlumatı azadlıq.info-ya Milli Şuranın mitinq komitəsinin sədri Asəf Quliyev verib.

Qarşıdakı 1 həftə ərzində Milli Şuranın daha hansı tədbirləri, aksiyaları, görüşləri nəzərdə tutduğu haqda isə heç bir məlumat yoxdur.

Ümumiyyətlə, Milli Şuranın təbliğat kampaniyasında heyrət doğuran bir lənglik var. Bu gün sentyabrın 23-dür - 22 günlük təbliğat-təşviqat mərhələsinin 8 GÜNÜ arxada qalıb. Amma Milli Şura 8 gün ərzində cəmi bir aksiya keçirə bilib. İndiyədək heç bir rayonda fəaliyyətləri müşahidə olunmayıb. Ödənişli efirdən istifadə etməyiblər. Bakıda və əyalətlərdə vahid namizədin təbliğat materiallarına nadir hallarda rast gəlinir.

8 gün ərzində baş tutan yeganə aksiyanın təşkilatçılığı isə o səviyyədə aşağı idi ki, kənar müşahidəçilərin əksəriyyəti təəcüb içindədir. Mitinq tribunasının bərbad gündə olması bir yana,  ətrafda vahid namizədin bir dənə də olsun təşviqat materialının gözə dəyməməsi heyrət doğururdu. Demək olar ki, hakimiyyətə iddialı olduğunu qeyd edən bir qüvvənin mitinqinə bəlkə heç MİN manat da xərclənməmişdi.

Professor Cəmil Həsənlinin təbliğat mitinqində çıxışçılar arasında İsgəndər Həmidovun da olması isə, tərəfdarlara, xalqa, yumşaq desək, açıq hörmətsizlik idi.

 

Aksiyanın az-çox uğurlu alınmasının yeganə səbəbi kimi isə Cəmil Həsənlinin İTV-dəki cəsarətli çıxışlarını göstərmək olar.

Təəsüf ki, Milli Şura qələbəyə inamlı qüvvə təsirini bağışlaya bilmir.

Növbəti mitinqin 1 həftə sonraya təyin olunması da bunun göstəricisidir. Halbuki, müxalifət uzun illərdən sonra şəhərin mərkəzində mitinq keçirmək şansını əldə edib və təkcə bu şansdan maksimum səmərəli istifadə etməklə böyük uğur qazana bilər.

Rasim ƏLİYEV

AzPolitika.info

 

 

 

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar