ABŞ kəşfiyyatı Putinin qorxunc Qafqaz planlarını açıqladı - FOTOLAR

“Rusiya Gürcüstanla Ermənistana girmək üçün Cənubi Osetiyaya qoşun yığır”

Rusiya prezidenti Vladimir Putinin Krımla kifayətlənməyib daha bir neçə ölkəyə hərbi müdaxiləyə hazırlaşdığına dair yayılan xəbərlərə daha biri əlavə olunub. Virtualaz.org saytının Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ Konqresi Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Rocers “Fox News” telekanalına bildirib ki, Rusiya Cənubi Osetiyada da hərbi iştirakını gücləndirir.

Mayk Rocersin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Rusiya ilə İran arasında birbaşa quru əlaqəsi yaratmaq üçün Gürcüstan və Ermənistana hərbi müdaxiləyə hazırlaşır.

“Onlar ən müasir hərbi texnikalarını Cənubi Osetiyaya daşıyırlar. Bunun üçün səbəb yoxdur. Gürcüstan ordusu heç bir təhdid yaratmır. Bu, xüsusi narahatlıq doğurur” - deyə ABŞ Konqresi Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri bildirib.

M.Rocersin sözlərinə görə, Rusiyanın İranla birbaşa quru əlaqəsi yaratmağın yollarını axtarması təəccüblü deyil. Hər iki ölkə beynəlxalq sanksiyalarla üzləşib və Rusiya Krımın anneksiyasına görə tətbiq edilən beynəlxalq sanksiyaların təsirini tezliklə öz “dərisində” hiss edəcək.

Qeyd edək ki, Rusiya Cənubi Osetiyadakı hərbi birləşmələrinin də daxil olduğu Cənub hərbi dairəsini durmadan ən müasir silah və hərbi texnika ilə təchiz etməkdədir. Bu yaxınlarda Rusiya Cənub Hərbi Dairəsinin qoşunlarına yeni “İsgəndər-M” ballistik raketləri verib. Habelə bu qoşunların məsuliyyət zonasında “S-400” raketləri, “T-90” tankları, “Smerç” reaktiv yaylım atəşi sistemləri, ən yeni hücum vertolyotları yerləşdirilir. Cənubi Osetiyada Rusiya 30 minlik hərbi kontingent saxlayır.

ABŞ Konqresinin Kəşfiyyat Komitəsinin rəhbərinin açıqladığı məlumatlardan görünür ki, Rusiya istənilən vaxt Cənubi Qafqazın iki respublikasını tam nəzarət altına ala bilər. Əslində Ermənistana hərbi müdaxiləyə ehtiyac yoxdur və bu ölkə onsuz da Rusiyanın hərbi bazalarının nəzarəti altındadır. Söhbət 2008-ci ilin avqust müharibəsindən sonra ərazilərinin bir hissəsini itirmiş Gürcüstandan gedir ki, bu ölkənin də qalan ərazilərini tutmaq üçün Rusiyaya cəmi bir neçə saat lazım ola bilərdi.

Xəbər verildiyi kimi, Putinin iqtisadi məsələlər üzrə keçmiş nüşaviri Andrey İllarionov bundan əvvəl bəyan etmişdi ki, Rusiya Krımla kifayətlənməyəcək və Ukraynanın cənub-şərq regionlarını tutaraq onu Moldovanın Dnestryanı bölgəsi ilə birləşdirəcək. Daha sonra Baltik respublikalarına və hətta Finlandiyaya doğru irəliləyəcək. Cənubi Qafqazı isə Rusiya onsuz da “arxa bağçası” hesab edir və regionu tam ələ keçirmək onun üçün ciddi çətinlik törətməzdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar