Payızda gələn qaranquşlar

Dünən saytlarda çox xoş, ilk baxışda sevindirici bir xəbər başlığı gördüm: “Azəçrbaycanda bazarlar ləğv olunur”.

Xəbəri həvəslə tıkladım. Oxuyanda məyusluq məni bürüdü. Sən demə, söhbət ancaq meyvə-tərəvəz bazarlarından gedirmiş. Halbuki, adamın ağlına ilk gələn odur ki, məsələn, ölkədə mandat bazarı da ləğv olunur. Ya da məsələn, ünvanlı sosial yardım bazarı, hərbi xidmətə çağırış bazarı, şair-yazıçılara təqaüd bazarı, jurnalistlərə mənzil bazarı da ləğv edilir.

Hazırda Azərbaycanda ən şıdırğı alver gedən bazarlar məhz bunlardır. Üstəlik, əsl məhsul mövsümüdür, qarşıdan seçkilər gəlir, bazarlarda bolluqdur. Siz orada ən aşağı qiymətə “bizim Qarabağ kimi dərdimiz var” deyən “prostoy” xiyar, “ümummilli məsələlərdə hakimiyyət-müxalifət ayrı-seçkiliyi olmamalıdır” deyən badımcan partiya sədri ala bilərsiniz. Indi bazarda elə qırmızı yalanlar var ki, Zirə pomidoru ona həsəd apara bilər. Nə deyirik, Allah hamıya bazar versin.

Dünən məni sevindirən daha bir xəbər “Avropa qapıları” adlı şirkətin prezidenti, keçmiş deputat Baba Tağıyevin verdiyi açıqlama oldu. Uzun aradan sonra Baba müəllimi görmək həqiqətən çox xoşdur. Onun yoxluğu həqiqətən hiss edilirdi. Bu adam “Gülər parlamenti”ndə Hüseyn Abdullayevlə Fəzail Ağamalı arasındakı şillə-yumruq davasından sonra buxarlanmışdı. Hətta bir ara qəzetlər onun biznesinin əlindən alındığını yazırdılar. Əgər doğrudursa, qəm eləməyə dəyməz. Cana gələn mala gəlsin.

Amma sən demə, ortalardan qeyb olduğu müddətdə Baba Tağıyev yoldaş heç də boş dayanmayıb, “Irəli Azərbaycan” adında bir ictimai birlik təsis edib. YAP-çıların “irəli” sözünə bu qədər aludəçiliyi (“Ilhamla Irəli” şüarı, “Irəli” gənclər hərəkatı, “Irəli Azərbaycan” Ictimai Birliyi və s.) onların daxilindəki kompleksdən irəli gəlir. Ölkəni hər gün çağdan nə qədər geri atdıqlarını, keçmişin girovuna çevrildiklərini bildikləri üçün indi özlərini yeri gəldi-gəlmədi, “irəli” sözünü hər yerə yapışdırmaqla sığortalamağa çalışırlar.

Mövzudan uzaqlaşmayaq. Indi qapı-pəncərə ustası olan sabiq deputat həmin ictimai birliyin sədri kimi çox sərt açıqlama verib, hansısa rus politoloqunu yaptokratlara xoş gəlməyən açıqlamalarına görə möhkəm asıb-kəsib. Açığı, mən Baba müəllimin dediklərini iki dəfə oxudum, bir şey başa düşmədim, ona görə də həmin açıqlamanın məğzini sizə anlada bilməyəcəm. Bəlkə də elə Baba müəllim bu açıqlamanı başa düşməmək üçün verib. Onsuz da adam onunla bağlı hər şeyi başa düşməkdə çətinlik çəkir: onu hansı məntiqlə deputat eləmişdilər? Sonra hansı məntiqlə deputat eləmədilər? Ümumiyyətlə, bu adamın şirkətinin adı niyə “Avropa qapıları”dır? Axı deputat ikən Baba müəllim ara-sıra Avropanı ikili standartlarda, ermənilərə işləməkdə, ölkəmizə milli-mentalitetimizə zidd şeylər idxal etməkdə günahlandırırdı. Özün Afrika təfəkkürlü olasan, şirkətinə də “Avropa qapıları” adı qoyasan, anlamaq həqiqətən çətindir.

Amma belə götürəndə bu cür insanlar daha çox qaranquşa bənzəyirlər. Necə ki, qaranquşlar bizə yazın gəlişini xəbər verirlər, bizdə bəzi adamlar da seçkinin gəlişini müjdələyirlər. Bunların çoxu “vurulmuş”, yaptokratiyanın gözündən düşmüş, sistemdən kənarlaşdırılmış adamlardır, uzun müddət səs-səmirləri çıxmır, ortalarda görünmürlər, hər seçki yaxınlaşdıqda isə qəfildən hardansa peyda olur, bir növ qaranquşlar kimi uçub-gəlirlər, hakimiyyəti göyün yeddinci qatına qaldırmaq, müxalifəti söymək, rejimə qarşı hər xırda tənqidə sinələrini sipər etməklə məşğul olurlar. O saat bilirsən ki, qarşıdan seçki gəlir, bunlara da özlərini əfv etdirmək, yenidən sistemin etimadını qazanmaq, itirilmiş mövqelərini geriyə qaytarmaq lazımdır. Seçki isə bütün bunlar üçün ən yaxşı fürsətdir. Nə qədər çox özünü gözə soxsan, əl-ayağa düşsən, oda-alova vursan, istəyinə çatmaq da bir o qədər realdır.

Sonda arzu edək ki, allah Baba müəllimə də bazar versin.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar