Müəllimim Şahlar Əsgərovun 75 yaşına bir neçə söz...

Etibar EliyevEtibar Əliyev

İyun ayının 15-də müəllimim, professor Şahlar Əsgərovun 75 yaşı tamam olur. Şahlar müəllim bizə ötən əsrin 80-ci illərində Azərbaycan Dövlət Universitetində (indiki BDU) fizikanı öyrədib. Desəm ki, müəllimimiz heç dəyişməyib, yanılmaram. Substansional mənəviyyata, hələ gənc yaşlarından müdrikliyə malik olan insanlar dəyişmirlər. O vaxtlar yetişən fiziklər ordusunda onun böyük əməyi var. Bunu heç kim inkar edə bilməz.

Böyük fizik, Nobel mükafatı laureatı Verner Heyzenberqin maraqlı bir fikri yadıma düşdü: “Öz sahəsini mükəmməl bilən hər bir şəxs, həm də yaxşı filosofdur”. Bu mənada müəllimimiz həm də yaxşı filosof kimi qiymətləndirilir. Bizim tanıdığımız alimlərimizdən çoxu öz sahələrində külüng çalmaqla kifayətləniblər. Ancaq Şahlar müəllim fizikanın tədrisi ilə yanaşı, həm də təhsil məsələləri ilə dərindən məşğul olur. Dahi Aristotel idrakın 5 qatını müəyyənləşdirib:

Birincisi, “texne”dir - latınlar bu sözü ars kimi tərcümə ediblər. Bu “incəsənət”, “nəsə düzəltmək” qabiliyyətidir. İkincisi, “fronesis”dir - bu hərəkətləri düşünmək, “kamal” kimi tərcümə olunur. Üçüncüsü, “episteme”dir - ciddi mənada “elm” sözündəndir. Dördüncüsü, “nus”dur - “ağıl”dır. Beşincisi, “sophia”dır – müdriklikdir. İdrakın bu beş üsulu həqiqətin mahiyyətini açmağın üsuludur.

Bunları sadalmaqda məqsədim var: Müəllimimizin idrakı “episteme”, “nus” və “sophia”dan yoğrulub. O, elm adamı olmaqla yanaşı, həm də ağıllı və müdrikdir.

Bu gün 75 yaşı tamam olan Şahlar müəllimimiz ömrünün böyük hissəsini təhsilli insanın yetişməsinə sərf edib. O, yetişdirdiyi insanların uğurlarına övladlarının uğurları qədər sevinir. Onun böyüklüyünü sübut edən bir faktı da deyim: Tələbələrindən nəyisə öyrənməsindən qürur duyur. Bu alimə xas olan mühüm keyfiyyətlərdən biridir.

Onun “Kamilləşən düşüncə” adlı fundamental əsərini “Düşüncənin fəlsəfəsi” də adlandırmaq olar. Düşüncə haqqında ədəbiyyat qıtlğının olduğu bir vaxtda, bu əsər alimlərin stolüstü kitabına çevrilməlidir. Kitab həm də elmin sosiologiyası kimi dəyərləndirilməlidir.

Yazıb - yaratmaq, tədqiqatlar aparmaq, düşünmək, ölkənin təhsilinin inkişafı naminə çalışmaq hər alimə xas olan keyfiyyətlər deyil. Bizim ondan öyrəndiyimiz əsas keyfiyyətlərdən biri də tolerantlıqdır. O, həqiqətin öz yerini tapacağına həmişə inanır. Həmsöhbətlərini axıra qədər dinləyir. Elm xadimi və müdrik şəxsiyyət kimi söylədiyi hər bir fikir böyük mənalar daşıyır. Təhsil və elm onun həyatının tərkib hissəsi olduğu üçün bu sahələrlə bağlı bütün tədbirlərdə imkanı daxilində iştirak edir və səsləndirdiyi fikirlərlə hamını heyran qoyur.

Onun tükənməz enerjisi həmkar kimi bizi də intensiv çalışmağa vadar edir. Şahlar müəllim yeni fikir eşidəndə uşaq kimi sevinir. Maraqlı adamların hamısı belədir. Və yeni fikrin tətbiqini axtarmağa başlayır.

Mən ölkədə kitaba hörmət qoyan bir neçə alim tanıyıram ki, onlardan biri də müəllimimdir. “Kamilləşən düşüncə” kitabında “Allahın varlığının riyazi sübutu” hipotezasının olduğu kimi XXI əsrin nəhəng alimlərindən biri Riçard Dokkinzin əsərlərinin birində verilməsi xəbərini müəllimimə çatdıranda, sanki ona dünyanı bəxş etdim.

Bu böyük elmi uğura Şahlar müəllimdən çox mən sevindim. Biz bu cür səmimiyyəti ondan öyrənmişik. Tələbələrinin uğurlarını yorulmadan izləyən, onlara məsləhətini heç vaxt əsirgəməyən müəllimin uğurlarına birinci tələbələri sevinməlidir.

Bizə belə bir bəndəsini bəxş etdiyi üçün Varlığı sübut olunan Böyük Allaha minnətdaram.

Müəllimim, professor Şahlar Əsgərova uzun ömür, can sağlığı arzulayıram.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar