Ukrayna dərsləri

Rüstəm İbrahimbəyov

Hamıya bəllidir ki, avtoritar rejimlərin idarə etdiyi ölkələrdə korrupsiya sistematik xarakter alır və bu, nəhayətdə geniş kütlələrin narazılığını doğurur. Bu isə öz növbəsində, maraqlı xarici güclərə ölkə daxilindəki durumu ictimai partlayış həddinə qədər gətirib çıxarmağa imkan verir. Bununla bağlı çoxlu nümunələr var, sonuncu nümunə isə Ukraynada baş verənlərdir.

Azərbaycan BMT-nin Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü dəstəklədi və cəmiyyətin bütün təbəqələri bunu bəyəndi. Başqa cür yanaşma Qarabağ problemi ilə bağlı Azərbaycanın mövqelərinə zərbə demək olardı. Rusiyada isə Krım hadisələri kütləvi canlanma yaratdı. Rusiyalıların böyük əksəriyyəti Krımın Rusiyaya birləşdirilməsini tarixi ədalətin bərpası kimi qarşıladı. Amma sıralarında tanınmış mədəniyyət xadimlərini də olduğu liberal baxışlı rus ziyalılarının əhəmiyyətli hissəsi Ukraynanın ərazi bütövlüyünə qəsdə qarşı çıxış edərək, bunun Rusiyanın özü üçün də uzağa gedən neqativ nəticələrinin olacağını vurğuladı. Rusiya hökuməti onun siyasətini bəyənməyənləri və dəstəkləməyənləri “beşinci kolon” adlandırır və iddia edir ki, onlar “Rusiyanın düşmənlərinə”, konkret halda isə Qərbə işləyir.

Qərbin davranışları isə çətin proqnozlaşdırılan davranışlarıdır. Belə ki, elan edilən sanksiyaların Rusiya prezidenti Vladimir Putinin yaxın əhatəsinə dəxli var. Rusiyanın iqtisadi maraqlarına real təhlükə yarada bilən sanksiyalar isə hadisələrin gələcək inkişaf mərhələsində qüvvəyə minə bilər. Əgər, danışıqlar baş tutsa və Rusiya Şərqi Ukrayna əyalətlərinə iddialarından əl çəksə, bu sərt iqtisadi sanksiyalar ümumiyyətlə işə düşməyə bilər. Rusiya üçün çox vacib sayılır ki, Ukrayna rusdilli əhalinin hüquqlarına təminat verə biləcək federal dövlətə çevrilsin. Qərbin bununla razılaşacağını təxmin etmək çətindir. Amma bütün hallarda, Krımı özünə birləşdirməklə, Rusiya öz üzərinə olduqca ağır iqtisadi, siyasi və beynəlxalq problemlər yükləyib. İndi Rusiyanın ağır iqtisadi durumunu nəzərə alsaq, bu yükün Rusiya əhalisinin ciyinlərinə qoyulduğunu görmək çətin deyil.

Azərbaycana gəlincə, postsovet düşərgədə yaranmış situasiya bu ölkədə də dövlətin daxili siyasətinin ciddi dəyişikliklərini zəruri edir. İctimai-siyasi xadimlərin həbs edilməsi, siyasi partiyaların və hüquq müdafiə təşkilatlarının fəaliyyəti üzərində sərt məhdudiyyətlər, hüquq müdafiə təşkilatlarının və partiyalrın fəaliyyət göstərdiyi binaların sökülməsi və ya partladılması ilə müşayiət olunan, əhalinin ictimai fəallığının boğulmasına yönələn siyasət indiki beynəlxalq şəraitdə öldürücü nəticələr yarada bilər. Müharibə vəziyyətində olan ölkədə bütün siyasi güclərin və bütün xalqın konsolidasiyasına nail olmaq lazımdır. Ola bilsin, uzun illər ərzində belə bir şans ilk dəfədir ki, var. Tarixdə bəzən elə hallar olur ki, ümumxalq həmrəyliyi hamının hissiyatına hopmuş hansısa sadə bir nəsnədən asılı olur. Bü gün Ukraynada baş verən hadisələrdən dolayı Azərbaycanda belə bir ictimai hissiyat vüsət ala bilər və bunu qorumaq, inkişaf etdirmək zəruridir. Bunun üçün neyləmək lazım olduğunu hakimiyyətdəkilər bilirlər. Amma hakimiyyət bu tarixi zərurəti dərk edərək korrupsiyanın səviyyəini endirməyi, inzibati ərazilərdə hətta özəl mülkiyyətinə də dövlət zərurətu adı ilə əl qoyulan əhali ilə aqressiv davranış sisteminə yenidən baxmağı və bir çox başqa ehtiyacları nəzərə alacaqlarmı?

Hakimiyyətin həyat qabiliyyəti zamanın çağırışlarına vaxtında və adekvat cavab verməkdən çox asılıdır. Bu gün çox vacibdir ki, ölkənin suverenliyini və ərazi bütövlüyünü istənilən xarici təsirlərdən qorumaq üçün, heç olmazsa, müvəqqəti ümummilli həmrəylik və ruh yüksəkliyi əldə edilsin.

Yeri gəlmişkən, Ukrayna hadisələrinin dünyada və bölgədə siyasi münasibətlərə təsiri ilə bağlı fikirlərimi bildirmək təklifini verən “Azadlıq” qəzetini indiki mürəkkəb şəraitdə effektiv fəaliyyətinə görə yüksək beynəlxalq mükafata layiq görülməsi münasibətilə təbrik edirəm.

(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar