QARABAĞLA BAĞLI GÖRÜŞ BAŞA ÇATDI- "Erməni silahlı qüvvələri bölgədən çıxarılmalıdır"

Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm olaraq üçtərəfli görüşləri davam etdirmək barədə razılığa gəliblər.

APA-nın Rusiya bürosunun məlumatına görə, bu barədə prezidentlərin Sankt-Peterburq sammitinin yekunları ilə bağlı qəbul olunan birgə bəyanatında bildirilib.

"Prezidentlər Dağlıq Qarabağ problemi ilə bağlı müntəzəm əlaqələrinin əhəmiyyətli olduğunu, ATƏT-in Minsk qrupunun işinə tamamlama olaraq bu formatda əlaqələrini davam etdirmək barədə razılığa gəliblər. Prezidentlər Qarabağ münaqişəsinin nizamlanmasında inkişafına şərait yaratmağa icazə verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər.",-deyə bəyanatda qeyd olunub.

Birgə bəyanatda həmsədrlərin prezidentlərin görüşünün yekun hissəsinə qatıldıqları vurğulanıb.

trend_elmar_mammadyarov_070416_2“Görüş konstruktiv şəkildə keçirilib. Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir” .Bunu isə APA-ya açıqlamasında Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilmiş Ermənistan və Azərbaycan prezidentlərinin görüşü ilə bağlı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

“İnanırıq ki, görüş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq üçün imkanlar yaradacaq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

_____________

Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli görüşü başlayıb.

APA-nın Rusiya bürosunun məlumatına görə, görüş Peterburqun Konstantinov Sarayında keçirilir.

Görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov və ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edirlər.

Bundan əvvəl isə V. Putin Azərbaycan və Ermənistan rəhbərləri ilə ayrılıqda görüşlər keçirib.

Sosial səhifələrdə

----

Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. RİA Novosti-nin verdiyi məlumata görə, görüş Sankt-Peterburq şəhərində keçirilib. Azərbaycan prezidenti görüşdə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsində “status-kvo” qəbuledilməzdir. “Erməni silahlı qüvvələri bölgədən çıxarılmalıdır. Ümid var ki, Qarabağ nizamlanmasına konstruktiv dinamika vermək mümkün olacaq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, bundan az əvvəl Peterburqda Qarabağ müzakirələri çərçivəsində Rusiya prezidenti Vladimir Putinin Ermənistan prezidenti Serj Sərkisyanla ikitərəfli görüşü başlayıb. Virtualaz.org xəbər verir ki, görüşün jurnalistlərə açıq hissəsində Sərkisyan Qarabağ məsələsinin nizamlanmasında göstərdiyi səylərə görə Putinə təşəkkür edib. “Bizim Qarabağa dair mövqeyimiz hamıya bəllidir. İstəyirik ki, məsələ müstəsna olaraq sülh yolu ilə həll olunsun. Lakin təəsüf ki, təkcə bir tərəfin istəyi ilə belə münaqişələr həll olunmur. Əgər biz əvvəl əldə edilmiş razılaşmalar üzrə irəliyə gedə bilsəydik yaxşı olardı”-Sərkisyan deyib.

Putin isə münaqişə ilə bağlı bütün məsələlərin müzakirə olunacağını bildirib.

Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin bu gün baş tutacaq üçtərəfli görüşünün əsas vəzifəsi hərbi əməliyyatların bərpa olunmasından sığortalanmaqdır. Belə bəyanatla Putinin mətbuat katibi Dmitri Peskov çıxış edib.

“İndi əsas vəzifə hərbi əməliyyatların bərpa olunmasından sığortalanmaq və Qarabağ ətrafında toqquşmaların başladığı məqamda mövcud olan boşluqlara imkan verməməkdir”-Peskov bildirib.

Rusiya prezidentinin sözçüsü etiraf edib ki, qarşıdakı danışıqlar mürəkkəb olacaq. Peskovun sözlərinə görə, Putin əvvəlcə Ermənistan prezidenti Serj Sərkisyanla ayrıca görüşəcək, daha sonra Azərbaycan prezidenti İlham Əliyevlə görüş keçirəcək. “Bundan sonra ayrıca söhbət olacaq və daha sonra üçtərəfli formatda işgüzar səhər yeməyi təşkil ediləcək, yəni orada Putin, Əliyev və Sərkisyan olacaq”-Peskov bildirib.

Beləliklə, Peskovun açıqlamasına əsasən Peterburqda Qarabağ müzakirələri üçtərəfli formatda sabah səhər də davam edəcək.

 

____________

Qərbli ekspert: “Bu dəfə müharibəni dayandırmaq mümkün olmayacaq...”

Bu gün - iyunun 20-də Sankt-Peterburq şəhərində Rusiyanın təşəbbüsü ilə prezidentlər Vladimir Putin, İlham Əliyev və Serj Sərkisyan arasında iki və üçtərəfli formatda görüşlər olacaq. Rusiya dövlət başçısı öncə Azərbaycan və Ermənistan prezidentləri ilə ayrı-ayrılıqda görüşəcək, sonra isə üçtərəfli formatda danışıqlar olacaq. Əsas müzakirə mövzusu Dağlıq Qarabağdır.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun bildirdiyinə görə, Moskva münaqişənin həllində tərəflərə kömək etməkdən ötrü aktiv addımlar atacaq. Bu xüsusda o, aprel ayında təmas xəttində döyüş əməliyyatlarının dayandırılmasında Rusiyanın həlledici rol oynadığını xatırladıb. “İndi biz, təbii ki, ATƏT-in Minsk Qrupunun digər həmsədr dövlətləri ilə birgə və 2009-cu ildən 2013-cü ilədək dövrdə Rusiya, ABŞ və Fransa prezidentlərinin bəyanatlarında əksini tapmış prinsiplər əsasında öz vasitəçilik missiyamızı davam etdirməyə hazırıq” - Putinin köməkçisi bildirib. Onun sözlərinə görə, Rusiya belə bir mövqedən çıxış edir ki, münaqişə tərəfləri 1994-cü ildə əldə olunmuş atəşkəsə ciddi şəkildə əməl eləməlidir.

Kreml rəsmisinin açıqlamasına rəğmən, bir sıra analitiklər prezidentlərin sayca 5-ci olacaq (2007, 2008, 2009, 2010) bugünkü Peterburq görüşünü sırf Moskvanın əlahiddə təşəbbüsü kimi qiymətləndirir və problemin həllində onun konkret irəliləyişə nail olmaq istəyindən daha çox, “güc nümayişi” kimi dəyərləndirirlər. ATƏT rəsmisinin bu görüşün quruma heç bir aidiyyətinin olmaması, onun təşkilində təşkilatın hər hansı rol oynamaması haqda verdiyi açıqlama sonuncu qənaəti möhkəmlədib.

Doğrudur, amerikalı vasitəçi Ceyms Uorlik Sankt-Peterburq danışıqlarına qatılacağını bildirib, ancaq təxminlər güclüdür ki, budəfəki görüşlər 16 may Vyana görüşünün və onun çərçivəsində əldə olunmuş ilkin anlaşmaların davamı olmaya da bilər. Söhbət ilk növbədə təmas xəttində nəzarət mexanizmlərini gücləndirməklə bağlı irəli sürülən təkliflərdən gedir. Belə görünür ki, Rusiya sırf özünün atəşkəsə nəzarət mexanizmini təklif edə bilər.

Ümumiyyətlə, Peterburq danışıqları ilə ilgili proqnoz və gözləntilər yetərincə ehtiyatlı xarakter daşıyır və çox da nikbin deyil. Məsələn, politoloq Rasim Musabəyova görə, bu görüşün əsas yekunu o ola bilər ki, konfliktə cəlb olunmuş iki ölkə - Azərbaycan və Ermənistan üçün bir məsələ aydınlaşacaq: bu iki ölkəni nə gözləyir - hərb, yoxsa sülh?

“Hərçənd, hamı bəyan edir ki, hərbi yol qəbuledilməzdir və sülh yolları aramaq lazımdır, bununla belə, sülh üçün hələ də heç bir praktik addım atılmayıb. Reallıq ondan ibarətdir ki, erməni işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxması vaxtı bitib. Və indi Ermənistan bunu anlayaraq, ya əraziləri boşaltmaqla bağlı öhdəlik götürür, ya da o, müharibə variantını seçməklə Azərbaycan ərazilərində ikinci erməni dövləti qurmaq üçün cəhdləri davam etdirir. Yada salım ki, Vyanadakı görüşə rəğmən, nə Azərbaycan, nə də Ermənistan öz hərbi texnikasını təmas xəttindən geri çəkməyib. Vəziyyət kifayət qədər kövrəkdir” - politoloq vurğulayıb.

Bəs Moskva münaqişə tərəflərinin üzərinə müharibə etməmək öhdəliyi qoya bilərmi? Suala cavab verməkdən öncə qeyd edək ki, Sankt-Peterburq görüşü ərəfəsində bəlli olub ki, ABŞ-ın təklifi ilə Vyana görüşündə qəbul edilən münaqişə zonasında hadisələrin araşdırma mexanizmlərinin quraşdırılması təxirə salınıb. Buna səbəb kimi isə belə mexanizmlərin qurulması üçün vasitəçilərdə lazımi maliyyə vasitəsinin olmaması göstərilir. Vəsait isə böyük həcmdə tələb olunur. Bu barədə erməni nəşrlərindən biri yazıb.

“Buraya xüsusi mexanizmin quraşdırılması və daimi nəzarət daxildir. Artıq hakimiyyətdə də qəbul ediblər ki, mexanizmlər bu il quraşdırılmayacaq. Güman ki, maliyyə məsələsinin həlli də uzun zaman alacaq. Prezidentlərin iyunun 20-də Sankt-Peterbuqrda keçiriləcək görüşündə də yəqin ki, bu məsələ ümumiyyətlə, müzakirə olunmayacaq”- mənbə vurğulayıb.

Yeri gəlmişkən, Azərbaycanla yanaşı, Rusiya da bu ideyaya qarşıdır. Çünki onun qəbul edilməsi Azərbaycanın öz ərazi bütövlüyünün bərpası üçün müharibə etmək hüququnu əlindən alır. Atəşkəsə nəzarət mexanizminin quraşdırılması, müşahidə missiyası əməkdaşlarının sayının artması isə ABŞ-ın münaqişədə təşəbbüsü ələ alması ilə nəticələnə bilər ki, bu da Rusiyanın maraqlarına uyğun deyil.

Məlumatlara görə, Rusiya görüşə 2011-ci ildə qəbul olunmuş “Kazan formulu” ilə gəlir. Bu da ilkin mərhələdə Qarabağ ətrafı rayonlardan 5, yaxud 6-sının qaytarılmasını nəzərdə tutur...

Bu arada Qarabağ münaqişəsi üzrə nüfuzlu beynəlxalq ekspert, “Qara Bağ” kitabının müəllifi Tomas de Vaal konflikt ətrafındakı vəziyyətə dair maraqlı proqnozlarla çıxış edib (Virtualaz.org). Müəllifə görə, aprel döyüşləri Dağlıq Qarabağ ətrafında yeni təhlükəsizlik boşluğunu üzə çıxarıb. Onun fikrincə, ABŞ, Rusiya və Fransa Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünü təşkil eləməklə bu boşluğu doldurmağa çalışıb. Həmin görüşdə razılaşdırılıb ki, tərəflər atəşkəsin monitorinqinin möhkəmləndirilməsinə dair təklifləri qəbul edir və münaqişənin nizamlanması üçün danışıqlara başlayırlar.

Müəllifə görə, danışıqların növbəti raundu haqda razılaşma əldə olunsa da yeni toqquşmaların alovlanması riski yüksək olaraq qalır. Tomas de Vaal yazır ki, 2015-ci ilin sonlarında müdafiə naziri Zakir Həsənov 2016-ci ildə Qarabağ torpaqlarının işğalçıların ayaqları altında od tutub yanacağı haqda xəbərdarlıq edib.

Ekspert aprel döyüşlərindən sonra münaqişənin gələcəyinin necə olacağını proqnozlaşdırmağın çətin olduğunu söyləyib: “Ya yeni siyasi proses başlayıb nəticələr verəcək, ya böyük müharibə olacaq”. Onun fikrincə, regionda emosiyalar olduqca yüksəkdir və atəşkəs rejimi çox kövrəkdir. “Bir məsələ aydındır ki, müharibənin yeni mərhələsini dayandırmaq əvvəlki toqquşmalar kimi mümkün olmayacaq. Ehtimal ki, bu müharibə daha geniş coğrafiyanı əhatə edəcək, daha dağıdıcı silahlar işə düşəcək, daha çox qan axacaq” - Tomas de Vaal xəbərdarlıq edib. Onun əminliyinə görə, təhlükəsizlik boşluğunu ancaq münaqişənin həllinə aparan uzunmüddətli beynəlxalq təkanla doldurmaq olar.

Maraqlıdır ki, Peterburq görüşünə bir gün qalmış Azərbaycan cəbhə boyu bölgədə və Naxçıvanda 25 min hərbi qulluqçunun, yüzlərlə zirehli texnika və artilleriya qursunun cəlb olunduğu geniş miqyaslı hərbi təlimlərə başlayıb. Bu təlimlər 2016-cı ilin planına uyğun olsa da, bir çox siyasi təhlilçilər bunu əsla təsadüfi saymır və haqlı olaraq, qarşıdakı görüş ərəfəsi işğalçıya psixoloji təzyiq, xəbərdarlıq kimi dəyərləndirirlər.

Əslində Bakının xəbərdarlığı təkcə işğalçıya deyil, həm də işğalçı Ermənistanı ədalətli sülhə kökləməyə tələsmək istəməyən vasitəçi dövlətlərə ünvanlıdır. Ötən həftəsonu QMİ-dəki iftar süfrəsinə qatılan prezident İlham Əliyev bunu bir daha aydın şəkildə diqqətə çatdırıb. Ölkə başçısı deyib ki, münaqişənin qısa zamanda həlli ilə bağlı konkret addımların atılmasının vaxtı çatıb. “Vasitəçilər də başa düşməlidirlər ki, bu münaqişə dondurulmuş deyil. Aprel döyüşləri Ermənistan rəhbərliyinə yaxşı dərs oldu. Azərbaycan qazandığı üstünlüyü heç vaxt əldən verməyəcək” - ölkə başçısı vurğulayıb(musavat.com).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar