"Qanuni mağazalarımızı əlimizdən almağa çalışırlar" - Sumqayıtdan şikayət 

66 sahibkarın dükanı hasarlanıb, 300 nəfər işsiz qalıb

Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən “Şərq bazarı”nın sökülməsi təhlükəsi var. Bu barədə "AzPolitika.info"ya yazdıqları şikayət məktubunda məlumat verən bir qrup sumqayıtlı sahibkar vəziyyətin acınacaqlı hal aldığını qeyd edirlər. Şikayətçilər bəzi şəxslərin “Şərq bazarı”ındakı 66 dükanın qanunsuz olaraq sökülməsində israrlı olduğunu deyirlər.

İddiaya görə, “Şərq bazarı”nın müdiri Rəşid Babayevlə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısınin birinci müavini Akif Quliyev əlbir olaraq, qanuni sənədləri olan dükanlarını onların əllərindən almağa çalışırlar.

Artıq bu məqsədilə bazarın abadlaşdırması bəhanəsi ilə ətrafının tamamilə hasarlandığını iddia edirlər. Məktubda daha sonra bildirilir: "Bu yaxınlarda Akif Quliyev sahibkarlarla bir neçə dəfə görüşüb. Birinci görüşdə deyib ki, dükanlar söküləcək, indi vəziyyət Eldar Əzizovun (Sumqayıtın keçmiş icra başçısı) vaxtındakı kimi deyil. Sonradan isə deyib yox, bəs dükanlarınızın qabağını hasarlayırıq ki, abadlaşdıraq, mallarınızı çıxarın, amma dükanlaranıza əl dəyilməyəcək. Ancaq axırıncı görüşlərin birində Akif Quliyev taktikanı dəyişib və dükanlarının abadlaşdırması üçün 66 sahibkara icra başçısı Zakir Fərəcovun bu il fevralın 26-da imzaladığı, Rəşid Babayevə məxsus , “RŞHT” şirkəti ilə bağlı sərəncamı göstərib. Hansı ki,bu sərəncamın əslində 66 sahibkara heç bir aidiyyatı yoxdur. Həmin sərəncamda bildirlir ki, mövcud ticarət mərkəzi uzunmüddətli istismar nəticəsində fiziki aşınmaya məruz qalıb, memarlıq baxımından müasir tələblərə cavab vermədiyi üçün və şəhər Memarlıq və Şəhərsalma idarəsinin təklifini nəzərə alaraq, 9-cu mikrorayon ərazisindəki “RŞHT” şirkətinin istifadəsində olan sahədə şirkətin Ticarət Mərkəzinin yenidən qurulmasının layihələşməsininə icazə verilsin.

Sonra da layihədən irəli gələn bəndlər göstərilir. Ən əsası isə “RŞHT” şirkətinə heç bir aidiyyatı olmayan 66 sahibkara məxsus dükanlala bağlı bir kəlmə deyilmir".

Məktubda daha sonra Rəşad Babayevin uzun illərdir ki, “Şərq bazarı”nın ərazisində yerləşən, ancaq ona aid olmayan dükanları ələ keçirməyə çalışdığı bildirilir: "Neçə illərdir həllini tapmayan bu məsələdə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevdən, onun qardaşı, Sumqayıt icra hakimiyyəti başçısının müavini Akif Quliyevdən tutmuş, keçmiş baş prokuror, hazırda Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənova, onun qardaşı Şahin Həsənov, eləcə də İcra başçısı Eldar Əzizova və Əmlak Komitəsinin sədri Kərəm Həsənova qədər, bir çox məmurların adı hallanıb. Qısa xatırlatma üçün bildirək ki, bazarın müdiri Rəşid Babayev 2010-cu ildə “Şərq bazarı”nın bir hektardan çox ərazisini gizlincə və qanunsuz olaraq özəlləşdirəndən sonra "həvəslənərək” sözügedən 66 obyekti sahibkarların əlindən almaq, sonradan isə ümumiyyətlə sökmək istəyirdi. Baxmayaraq ki, cəmi 12 sot ərazini əhatə edən 66 obyektin sahiblərinin əlində dükanların onlara məxsus olması haqda “daşdan keçən” tam qanuni sənəd olub".

Sahibkarlar düşünürlər ki, “bazarkom” Rəşid Babayev artıq qanuni yolla dükanları sökdürə bilmədiyini görüb şəhər icra hakimiyyətindəki məmurlara arxalanaraq, onların dükanlarını ələ keçirməyə çalışır. Bu məqsədlə də abadlaşdırma adı ilə dükanların ətrafını hasarladaraq, onları müflis etməyə çalışır: "Əgər Rəşid Babayev abadlaşmağın belə qızğın tərəfdarıdırsa, elə “feodalizmdən” qalan öz bazarını, Suriya xarabalığını xatırladan binasını indiyi kimi abadlaşdırardı. Bazarın ətrafındakı bərbad vəziyyət olan yollara, ətrafa dəhşətli üfunət qoxusu verən zibilxanaya əl gəzdirərdi. Bazardakı bütün təmizlik işləri ruhi xəstə olan Mətinin ümidinə qalmazdı. Yeri gəlmişkən ruhi xəstənin illərlə qəpik-quruşa işlədilməsi özü də qanuna-zidddir. Amma bu Azərbaycan qanunlarını saymayan Rəşid Babayev üçün bu adi şeydir. O, hətta qəzəbindən şəxsən mallarını təpiklədiyi sahibkarlara “sizin udduğunuz məhkəmə qərarları mənim üçün heç nədir” deməkdən də çəkinmir. Maraqlıdır ki, şəhərdə geniş abadlaşma işləri aparan icra hakimiyyəti də açıq havada, düz yolun kənarında 21-əsrdə Sumqayıtın mərkəzində orta əsrləri xatırladan, antisanitariya mənbəyi olan meyvə-tərəvəz bazarına nədənsə neçə vaxtdır göz yumur. Halbuki ən ucqar, geridə qalmış rayonlarda orta əsrləri xatırladan belə bazar yoxdur. Bu bazarı gözəlləşən Sumqayıta qara ləkə də saymaq olar".

Daha sonra məktubda abadlıq işləri üçün ahibkarlardan pul yığıldığı bildirilir: "Abadlaşmağa qalsa, min bir zülmlə ailələrinə çörəkpulu qazanan sahibkarlar Şəhər Memarlıq və Şəhərsalma İdarəsində keçən il müdir müavini olan Kamil Məmmədova 135 min pul yığıb veriblər. Abadlıq işləri başlayıb, ikinci mərtəbə üçün dirəklər belə qaldırılıb. Amma Rəşid Babayev Şəhər Memarlıq və Şəhərsalma İdarəsini məhkəməyə verib. Məhkəmə predmeti olduğundan tikinti -abadlıq işləri dayandırılıb".

Sahibkarlar deyir ki,  onlar yenidən öz vəsaitləri hesabına dükanlarını gözəl bir layihə əsasında müasir körkəmə sala bilərlər: "Əgər dükanlar sökülmürsə, sadəcə abadlaşdırılma məqsədilə icra hakimiyyəti tərəfindən təmiz hasarlanırsa, niyə mallar çıxmalıdır?!"

Məktubda bildirilir ki, Rəşid Babayev və onun "havadarları" tərəfindən sahibkarların şəxsi əmlakını ələ keçrmək cəhdləri dəfələrlə olub: "66 dükan sahibi ilə onun arasında dəfələrlə məhkəmə çəkişməsi olub və bütün məhkəmə istansiyalarında “bazarkom” uduzub"

Sahibkarların fikrincə , dükanların qabağını  tamamilə hasarlamaq ora alıcının girə bilməməsi və dükanların bağlanması anlamına gəlir.

Sahibkarlar bildirir ki, hazırki iqtisadi böhran şəraitində, ölkə prezidenti işsizliyin aradan qaldırılması üçün böyük səylər göstərir. Məmurlara da dəfələrlə xəbərdarlıq edib ki, sahibkarların fəaliyyətinə mane olmasınlar, vətəndaşlara xidmət etsinər. Və sahibkarlar da ölkə başçısının sahibkarlara qayğısını yüksək qiymətləndirir və prezidenti dəstəkləyir: "Nəzərə alsaq ki, hər dükanda 4-5 nəfər işləyir və onların hər biri 3-4 nəfərdən ibarət ailəni dolandırır, o zaman 66 dükanın sökülməsi yüzlərlə adamın işsiz, 1000-ə yaxın insanın çörəksiz qalması deməkdir".

Sahibkarlar bildirirlər ki, yaxın günlərdə problemlərini ölkə rəhbərliyinə çatdırmaq üçün   Prezident Administrasiyasına şikayətə gedəcəklər.

Rasim

AzPolitika.info

P. S. Məktubda göstərilənlərlə bağlı Sumqayıt Şəhər cra Hakimiyyətinin, o cümlədən başçının müavini Akif Quliyevin, həmçinin Rəşid Babayevin də fikirlərini dərc etməyə hazırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar