Məni təbrik etməyin!

Görüm, hamınızı lənətə gələsiniz!

mirzeMirzə AĞ

Bu gün mənim bayramımdır. Amma heç kim məni təbrik etməsin! Təbrik etməyə bir əsas yoxdur axı...

Bu, necə «bayram»dır, yahu? Hə... ümumdünya «qaçqınlar günüdür». Bu qoca dünya lap xərifləyib, baba! Belə getsə, yaxın zamanlarda «ümumdünya işğalçılar günü», «ümumdünya təcavüzkarlar günü», «ümmumdünya faşistlər günü», «ümumdünya alçaqlar günü»... kimi rüsvayçılığı da edəcəklər - təki hər gün, hər saat bu iyrənc çalışmalar pul (kapital) gətirsin...

Adına dost deyilənlər, həmkar deyilənlər, tanış deyilənlər, həmvətən deyilənlər... sizlər bu gün məni təbrik etmyin! Axı «təbrik» edib, nə deyəcəksiniz? Deyəcəksiniz ki, 23 yaşlı məcburi koçkün statusun mübarək? Koçkün olmağının ildönümünü təbrik edirəm?..

Qoy, düşmənlər məni təbrik etsinlər... etsinlər ki, bəlkə qanım coşdu - daha koçkün olmaq istəmədim və dartıb boynumdakı bu «zəncir»i tikə-tikə elədim! Qoy, səbrim tükənsin, baba - daha bəsdir...

Qoy, məni ATƏT deyilən «yığnaq» təbrik eləsin - bir qurum kimi bütövlükdə, qurumun üzvləri də ayrı-ayrılıqda. Nədən ki, onlar hamısı mənim düşmənlərimdir! Məni didərgin salan onlardır, baba. Mənim evimi, bağımı-bostanımı əlimdən alıb eriməniyə verən onlardır - 23 ildir ki, başımı tovlayırlar! 23 ildir ki, alçanın kilosunu bazardan 2-4 manata alıram. Amma mənim bağımın alçasını erməni dərib yeyir. İş o yerə çatıb ki, Kəlbəcərli kişilər ata yurdunu ziyarət edərkən erməni onları tutub, mühakimə eliyir, onlara iş kəsir - zindana atıb, olmazın işgəncələr verir! Bu «haqq»ı erməniyə məhz ATƏT (Minsk qrupu deyilən iyrənc yığnaq), bir qədər də konkret olsaq, həmsədr deyilən 3 dövlət verib! Ermənini «qanadının altına alıb, üstümüzə qısqıran» onlardır, baba...

Elim-obam dağıdılıb, camaatım dərbədər olub! Xocalı adlı şəhərim yer üzündən silinib, sakinləri qətliam edilib. Erməni bunu yapa biləzdi, baba - Rusiya, ABŞ, Fransa... onu himayə etməsəydi! Düz 23 ildir ki, bu faşistlər Azərbaycandan güzəşt tələb edirlər. Azərbaycana olan olub, daha nəyi güzəştə getməlidir ki?!

Düz, 23 ildir, kənd-kəsəkdən xəbər yoxdur. Camaatımın xeyir-şərindən də xəbərsiz qalırıq! Bir həftə bundan qabaq məktəb müəllimim olmuş Əliağa müəllim Allahın rəhmətinə gedib - mən isə sonradan xəbət tutmuşam! Yasına da gedə bilmədim - oğluna zəng vurub, başsağlığı verdim. Allah rəhmət eləsin! Ruhu qarşısında özümü borclu sayıram. Bəs, mən borcumu necə qaytarım? Məni Əliağa müəllimin ruhu qarşısında başıaşağı eliyən ATƏT-dir, baba...

23 il ATƏT başımızı qatıb, indi də Rusiya «qolunu çirməyib, meydana atılıb» ki... mən özüm yoluna qoyacam hər şeyi. Görün nə qədər iyrənc bir əxlaq! Məni didərgin salan Rusiya, indi guya «məsələni həll edəcəkmiş». Məsələnin də adını qoyublar «Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi». Baba, bəs Qarabağ nə üçün münaqişə olub, Qarabağı kim münaqişə eliyib? Hər kəs bilir ki, məhz Rusiya və digər «həmsədr» dövlətlər! Bir qədər də konkret olsaq - dünyanı idarə eliyən «gizli hökumət»...

Bir neçə aydan sonra «həmsədr» dövlətlərdən birində prezident seçkiləri keçiriləcək. Müşahidələr göstərir ki, bu seçkilərdən sonra, Obama demiş, prezident kreslosunda qadın prezident oturacaq. Onun kimliyi hamıya məlumdur - Hillari. Açıq mənbələr xəbər verir ki, bu xanım «Bilderberq klubu»nun üzvüdür. Bu gizli qurum isə dünyanı idarə eliyən «Gizli hökumət»in tərkibindədir. Bir neçə gün bundan əvvəl «Bilderberq»lər Almaniyada toplandılar. Güman ki, toplantının əsas məqsədlərindən biri Hillarinin prezident seçilməsinə xeyir-dua verməkdən (almaqdan) ibarət olub. Amma hər şeydən əvvəl gərəkdir ki, Hilları kifayət qədər seçici səsi toplaya bilsin. Belədə, neyləməli? Bəli, «Bilderberq»lər və onların namizədi gərəkdir ki, ABŞ-dakı erməni seçicilərin «başına sığal çəksin». Deməli, bu «həmsədr» hələlik Ermənistanın tərəfində olacaq ki, açması belədir: mənim qaçqın həyatım hələ davam edəcək!

Qoy, «Bilderberq» də, «300-lər komitəsi» də, «Dəyirmi masa» da... məni təbrik etsin! Çünki onlar da mənim düşmənlərimdir!..

Nə çox düşmənim var imiş, baba! Görüm, hamısı lənətə gəlsin!

Bu gün mənim «qaçqın bayramım»dır, dostlar, amma siz məni təbrik etməyin...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar