ÖLKƏDƏ YENİ DƏLƏDUZLUQ FORMASI YAYILIB - İş adı ilə insanlardan pul yığırlar

Ölkədə əhalinin işsiz olmasından, maliyyə böhranı ilə bağlı ixtisarların çoxalmasından istifadə edən işbazlar insanları aldatmaq üşün yeni üsula əl atıblar. Buna dələduzluğun yeni forması da demək olar.

Belə ki, yüksək maaşla iş vermək adı ilə saytlarda, qəzetlərdə elanlar yerləşdirib insanlardan CV-lər qəbul edən işbazlar, sonradan müxtəlif fırıldaq üsullarla müraciət edənlərdən pul yığırlar. İnsanların şübhələnməməsi üçün hətta hesab da açırlar. Sonra bu hesab nömrəsi müraciət edənlərin telefon nömrələrinə göndərilərək, ora pul keçirmələri istənilir. Bu yola külli miqdarda pul yığdıqdan sonra isə təbii ki, yoxa çıxırlar.

Ödənilən məbləğ bir o qədər böyük olmadığından vətəndaşlar da bunun ardınca düşmür. Bir çoxu aldandığını hətta ətrafına deməyə belə utanır. İşbazlar da məhz bundan yararlanırlar.

Belə bir işbaz şəbəkənin "tələsinə" düşən vətəndaşlardan biri "AzPolitika.info"ya müraciət edib. O, Tap.az saytında "iş təklifi" bölümündə dərc olunan belə bir elanın "tələsinə" düşüb.

Onun müraciətindən belə məlum olur ki, bu şəbəkə "qurbanlarına" 600 manat maaşla, üstəlik satışdan 1 faiz qazanc, nahar və sığorta vəd etməklə, Bakı Şərab Zavodunda sürücü işi təklif edir.

Tələblər də çox sadə qoyulub ki, (yaş həddi 22-58, cəmi 1 il sürücülük təcrübəsi və sair.) hər kəs müraciət edə bilsin. Elanda 200 boş yerin olduğunun qeyd edilməsində də, məqsədin məhz müraciət edənlərin sayının kifayət qədər çox olmasını təmin etməkdir.

İnsanlar yüksək maaşı, şirnikləndirici vədləri gördükdə müraciətin ödənişli olması barədə bəndə diqqət belə yetirmirlər. Çünki bu vədlərin qarşılığında cəmi 25 manat ödəniş tələb olunur ki, bunun da sonradan sosial sığortaya əlavə ediləcəyi bildirilir. Özü də bu pulu guya ona görə alırlar ki, şirkət müraciət edənləsin azı 6 ay iş yerini tərk etməyəcəyinə əmin olmaq istəyir.

Beləcə, bu təkliflər qarşılığında işsiz olan, avtomobil idarə etməyi bacaran hər kəs elanda qeyd olunan ünvana CV-sini göndərir. Elə bizə müraciət edən şəxs də belə edib.

CV göndərdikdən dərhal sonra cavab gəlir ki, "işə qəbul olundunuz". Hətta işə çıxacağı tarix də, işinin nədən ibarət olduğu da göstərilir. Və təbii ki, ardınca pul ödəmək tələb olunur. Bu şəbəkə də insanları şübhələndirməmək və gizli qalmaq üçün pulu nağd şəkildə deyil, hesaba göçürməklə əldə edir. Bunun üçün saytımıza müraciət edən şəxsə 25 manat pulu "Milliön" vasitəsiylə "516 241 803" koduna yükləmək məsləhət bilinib. Ayın 22-si işə çıxacağı, bunun üçün çekin şəklini və əlaqə nömrəsini Şahin müəllimə (soyadı da göstərilməyib-müəl.) göndərmək tələb edilib. Hətta Şahin adlı şəxsin (yəqin ki, bu da şərti addır) telefon nömrəsi də göstərilib: 051-624-18-03. Bir müddət sonra isə bu nömrə bağlanıb. Beləliklə iş də gedib, pul da.

Bu işbazların beləcə nə qədər insanı aldatdığını, bu yolla nə qədər pul yığdığını söyləmək çətin olsa da, rahat fəaliyyət göstərmələri təəccüb doğurur. Bakı Şərab Zavodunun rəhbərliyi bu müəssisənin adından fəaliyyət göstərən işbazlarla bağlı niyə tədbir görülməsi üçün müaviq orqanlara müraciət etmir? Hüquq-mühafizə orqanları niyə bu cür iş elanlarını verərək insanları aldadan dələduzlarla bağlı tədbir görmür?

Bu cür cavabsız suallar çoxdur. Ancaq ümid edirik ki, saytımızda gedən yazıdan sonra hüquq-mühafizə orqanları məsələ ilə maraqlanacaq.

Rasim

AzPolitika.info

İş elanını və şəxsə göndərilən SMS-in şəkillərini təqdim edirik:

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar