ŞƏRİFOV HACIYEVİ MİLYARDLARI MƏNİMSƏMƏKDƏ İTTİHAM EDİR - Bankirin vəkilindən sensasion açıqlamalar

Sabiq bank rəhbərinin özünə və ailəsinə məxsus olan 184 milyonluq səhm satılıb, amma..

Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya qarşı başlanmış cinayət işi müzakirə olunmaqdadır. C.Hacıyevin vəkili Aqil Layıcov Hacıyevlər ətrafında baş verən olaylarla bağlı “Yeni Müsavat”a müsahibə verib. Deyib ki, Z.Hacıyeva barəsində çıxarılan qərardan narazıdır.Vəkil məhkəməyə müraciət hazırladıqlarını bildirib:

- Həmin qərarı mübahisələndirməyə hazırlaşırıq. Yaxın 2 gündə məhkəməyə müraciət edəcəyik.

- Nədən narazısınız?

- Qərarda yazıblar ki, guya Zamirə Hacıyeva istintaqdan yayınıb. Bunu əsas gətirib həbs-qətimkan tədbiri seçilib. Bu yalan məlumatdır. Zamirə Hacıyeva 10 ildir ki, Azərbaycanda yaşamır. Kredit borcuna görə həbs isə ağlasığmazdır. Bu gün Azərbaycanda demək olar ki, hər kəsin kredit borcu var. Aşağı-yuxarı hər kəs borc içindədir. Mülki məsələni cinayət kimi qiymətləndirib kimisə günahlandırmaq düzgün deyil.

- Zamirə Hacıyevanın 10 ildən artıq bir müddətdə Azərbaycanda yaşamadığını dediniz. Cahangir Hacıyevlə nikahları qüvvəsindədirmi?

- Bəli, sadəcə, Zamirə Hacıyeva xarici ölkə vətəndaşıdır və 10 ildən artıqdır ki, orada yaşayır, uşaqları da orada təhsil alır.

- Cahangir Hacıyevdən nə qədər pul tələb edirlər, ittiham aktında göstərilən məbləğ nə qədərdir?

- Hələlik ittiham aktı tərtib edilməyib. Ona görə konkret bir söz deyə bilmərəm. İş orasıdır ki, bəzi orqanlar var, məsələn, Maliyyə Nazirliyi iddia edir ki, məbləğ filan qədərdir. Həmin məbləğ isə 10 dəfələrlə şişirdilmiş məbləğdir.

- Maliyyə Nazirliyinin Cahangir Hacıyevin mənimsədiyini iddia etdiyi məbləğ nə qədərdir?

- Söhbət milyarddan gedir. Əslində isə fakt cüzi məbləğ olmalıdır. Həmin cüzi məbləğ hara xərclənib açıqlaması istintaqa verilib.

- Rəqəmi bir qədər konkretləşdirmək olar? Neçə milyarddan söhbət gedir?

- Rəqəm dəqiq olmadığı üçün konkret söz deyə bilmirəm. Sadəcə, rəqəm Maliyyə Nazirliyi tərəfindən hədsiz dərəcədə şişirdilib.

- Maliyyə Nazirliyinin mövqeyi nəyə əsaslanır?

- Orada subyektiv məsələlərdir.

- Cahangir Hacıyevlə Maliyyə Nazirliyi rəhbərliyinin şəxsi münasibətlərinə əsaslanan məsələdir?

- Bəli, Cahangir Hacıyevlə Maliyyə Nazirliyi rəhbərliyinin münasibəti heç zaman yaxşı olmayıb. Dəfələrlə Beynəlxalq Bankda, aidiyyəti şirkətlərdə yoxlamalar olub. Həmin yoxlamaların nəticələri Maliyyə Nazirliyinə təqdim olub. Nəticələr Maliyyə Nazirliyi tərəfindən qaralanıb, “qara piar”a məruz qalıb. Beynəlxalq Bankda, aidiyyəti şirkətlərdə böyük audit yoxlaması zamanı Maliyyə Nazirliyi rəhbərliyi iddia edib ki, guya Cahangir Hacıyev həmin audit şirkətini ələ alıb. Həmin məsələ Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən yoxlanılıb. İndi də işi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə veriblər. Bu qurum isə ixtisaslaşmış orqan olaraq iqtisadi məsələləri çözmək və ya qiymət vermək iqtidarında deyil. Hazırda yoxlamaya Maliyyə Nazirliyinin rəhbərliyi nəzarət edir. Onların subyektiv maraqları olmasına baxmayaraq dedikləri zərər ortaya çıxmır. Çünki dedikləri həmin rəqəmlər cəfəngiyyatdır.

-Subyektiv maraqlar dedikdə hansı mövzuda maraqlardan söhbət gedir?

- Burada söhbət qısqanclıqdan gedir. Ölkənin beynəlxalq reytinqini müəyyən edən şirkətlər var. “Ficht”, “Standart and Poor”, “Modes İnternational” kimi şirkətlər ölkənin müstəqil maliyyə reytinqini müəyyən edərkən dövlətin qurumlarının, bankların göstəricilərini də nəzərə alınıb. 2000-2015-ci illərdə maliyyə reytinqi müəyyən edilərkən Beynəlxalq Bankın reytinqi Maliyyə Nazirliyinin suveren maliyyə reytinqindən üstün olub. Biz hesab edirik ki, bu məqam Maliyyə Nazirliyi rəsmilərində qısqanclıq hissinin yaranmasına səbəb olub.

- Zamirə Hacıyeva ittihamda yer alan, onun 2009-cu ildən 2015-ci ilə qədər xərclədiyi kimi göstərilən 18 milyon manatı təsdiqləyirmi, razılaşırmı?

- Hazırda bu məsələ ilə bağlı məhkəmədə mülki mübahisələrimiz gedir. Həmin pulun əvəzinə Hacıyev ailəsinə məxsus olan Beynəlxalq Bankın səhmləri alınıb. 2015-ci ildə Zamirə xanımın kredit kartında 4 milyon manat borc olub. Cahangir Hacıyev vəzifədən ayrılan zaman onların ailəsinə məxsus səhm paketi olub. Zamirə Hacıyeva səhm paketini satıb ki, borcuna yönəldilsin. İndiyə qədər nə bir qəpik pul verilib, nə də pulun hara getməsi bilinir!

- Həmin səhmlər kimə verilib?

- Banka təslim edilib ki, borclara yönəldilsin. Amma yönəldilməyib. Buna baxmayaraq, Zamirə Hacıyevaya cinayət işi başlayıblar.

- Səhmlərin Beynəlxalq Banka təhvil verilməsini təsdiqləyən əlinizdə müqavilə, sənəd varmı?

- Əlimizdə müqavilə var. Həmin müqavilələrdə reyestr saxlayıcının da qeydləri var.

- Beynəlxalq Bankda Zamirə Hacıyeva kimi müştərilər - 5-6 ilin ərzində 18 milyon manat pul xərcləyənlər çoxmu olub?

- İşə aidiyyəti olub-olmadı, adamları götürüb həbs ediblər. Məsələn, “Bermud-Elektroniks”in rəhbərini həbs ediblər. Adam Azərbaycanda yaxşı biznesmenlərdən biri olub. Onun anbarında bu gün 10 milyon manatlıq malı var. Amma həmin malı satmağa və krediti qaytarmağa imkan vermirlər. Əgər kreditləşmə sahibkarlığa dövlət dəstəyidirsə, sahibkarı götürdüyü kreditə görə həbs etmək nəyə xidmət edir? Kredit almaq nə vaxtdan dələduzluq olub?

- Cahangir Hacıyev ittiham üzrə tələb olunan məbləği qaytarıbmı?

- Cahangir Hacıyevin özünə və ailəsinə məxsus olan 184 milyonluq səhm satılıb. 1 manatını da olsa, qaytarmayıblar. Həmin səhmləri ona görə verib ki, ehtimal olunan zərərləri bağlasınlar. Bu gün obyektiv araşdırma aparılsa, həmin səhmlərin satılmasından əldə olunan gəlirlə kredit borcları bağlanmalı, əsassız cinayət işləri açılmamalı idi. Hazırda bu məsələlərlə bağlı Nəsimi Rayon Məhkəməsində iddiamıza baxılır. Yaxın zamanlarda bu haqda da geniş açıqlama verəcəyik.

- Dediniz ki, Maliyyə Nazirliyi rəhbərliyi şəxsi mülahizələrinə əsaslanaraq Cahangir Hacıyevə qarşı milyardlıq iddialar irəli sürüblər. Cahangir Hacıyevdə həmin məbləğləri örtəcək qədər səhm varmı?

- Ümumiyyətlə, kredit götürənlərin heç biri deməyib ki, krediti şəxsən Cahangir Hacıyevdən alıblar. Kreditlər layihələrə ayrılıb və bu gün həmin layihələrin işlək vəziyyətdə olmaması oradan professionalların uzaqlaşıdırılması ilə bağlıdır. Yeni təyin edilən şəxslər səriştəsizdirlər və müəssisələr ona görə iflic durumdadırlar. Ayrılan kreditlərdən yalnız iki Dubay layihəsi üzrə pullar xaricə çıxıb. Həmin müəssisələr də göz qabağındadır. Hazırda Beynəlxalq Bankın layihələrinə Maliyyə Nazirliyinin təyin etdiyi şəxslər rəhbərlik edib. Həmin şəxslər müəssisələri bərbad duruma salıblar. Bir tərəfdən deyirlər ki, Cahangir Hacıyevin qurduğu müəssisələr rentabelli deyil, o biri tərəfdən də bu yaxınlarda Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi sərgidə uğurlu layihələr kimi Cahangir Hacıyevin qurduğu layihələri təqdim etdilər.

- Hansı şirkətlərdən söhbət gedir?

- “İnter Tobacco”, pambıq istehsalı üzrə Zaqafqaziyanın ən böyük zavodu olan CTC, Oğuz Qlükoza zavodu və digərlərini uğurlu layihə kimi təqdim etmişdilər. Həmin layihələri ölkə rəhbərliyinə son 20 ilin ən uğurlu layihələri kimi təqdim etdilər.

- Cahangir Hacıyevin sağlıq durumu necədir?

- Onda Haşimoto sindromu var. Bu, oksigen çatışmazlığıdır və ürək fəaliyyətinin pisləşməsinə, qan təzyiqinin yüksəlməsinə səbəb olur. Cahangir Hacıyevin saxlandığı kamerada ventilyasiya demək olar ki, yoxdur. Həmin kamera çox isti olur. Bu isə onun halının pisləşməsinə, gün ərzində 2-3 dəfə üstünə həkim çağırılmasına səbəb olur. Bu məsələ ilə bağlı biz Penitensiar Xidmətin rəhbərliyinə müraciət etmişik. Xahiş etmişik ki, gün ərzində kameranın pəncərəsi açıq saxlansın.

- Cahangir Hacıyevə bu cür münasibət nədən qaynaqlanır?

- Düşünür ki, dövlətçiliyə sadiq olub. Kimlərinsə beynində hazırkı istintaqın aparılmasının vacibliyi haqda rəy formalaşıb. Bununla bağlı yeganə versiyası Maliyyə Nazirliyinin qərəzi və ölkə başçısına düzgün məlumatların verilməməsi idi.

- Həbsinin Eldar Mahmudovla əlaqəli olması haqda iddiaları bölüşürmü?

- Eldar Mahmudovla Cahangir Hacıyev 2012-ci ildə qohum olublar. Yəni qohumluqla əlaqəsi qəti yoxdur.

- Beynəlxalq Bankın ən reytinqli dövrlərində xırda payçıların dividendləri ödənilmirdi, bank rəsmilərinin adları ən müxtəlif müəssisələrin zəbt edilməsində keçirdi. Bu məsələlərlə bağlı Cahangir Hacıyevə ittiham verilibmi?

- Həmin məsələlər məhkəmələrdə araşdırılmalıdır. Şəxslərin hüquqlarının təminatçısı məhkəmələrdir. Sual çıxır ortaya; bəs məhkəmələr niyə həmin şəxslərin iddialarını təmin etməyib?

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar