«BU MÜNAQİŞƏ ƏLİYEV VƏ SARKİSYAN ARASINDA DEYİL...» - Sabiq nazirdən maraqlı təklif (Video) 

Tofiq Zülfüqarov: "Qarabağ üzrə danışıqların qapalılığı aradan qaldırılmalıdır"

Ermənistan XİN rəhbərinin RF, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünün yekunları ilə bağlı şərhi ciddi deyil. Üç prezident yalnız atəşkəs rejiminin möhkəmləndirilməsi məsələlərini müzakirə etmək üçün toplaşmayıb.

Bu barədə Azərbaycanın keçmiş XİN rəhbəri Tofiq Zülfüqarov Turan agentliyinin “Çətin Sual” rubrikasına müsahibəsində görüşün yekunlarını şərh edərkən bildirib.

Xatırladaq ki, Nalbandyan Azərbaycan Prezident Administarsiyası rəhbərinin müavini Novruz Məmmədovun münaqişənin mərhələli nizamlanması haqqında razılıq əldə edilməsi barədə bəyanatını təkzib edib.

“Üç prezidentin Anjey Kasprşikin mandatının genişləndirilməsini müzakirə etmək üçün toplaşdığını iddia etmək qeyri-ciddidir”, deyə Zülfüqarov bildirib.

O əmindir ki, danışıqlarda məhz siyasi nizamlanma məsələləri müzakirə olunub. Bu mənada mərhələli variantın müzakirəsi tamamilə məntiqəuyğundur. “Nizamlanma tarixi uzundur və yeni düstur və ya sxem icad etmək qeyri-mümkündür”, deyən Zülfüqarov RF XİN rəhbəri Sergey Lavrovun bütün təkliflərin artıq danışıqlar masasında olduğu haqqında sözlərini xatırladıb.

“Əslində Madrid prinsipləri və onların müxtəlif modifikasiyaları, məsələn, “Kazan düsturu” və s. var. “Bu mənada Novruz Məmmədovun bəyanatı yeni xəbər deyil, Nalbandyanın bəyanatı isə təəccüb doğurur”, deyə Zülfüqarov bildirib.

Onun fikrincə, Ermənistanın hakim elitası göz önündəki faktları qəbul etmək istəmir və buna görə danışıqlar prosesində məxfiliyi qismən aradan qaldırmaq lazımdır.

“Bu münaqişə İlham Əliyev və Serj Sarkisyan arasında deyil. Münaqişənin həlli xalqların fikri əsasında olmalıdır. Bunun üçün onlar məlumatlandırılmalıdır, qapalılıq isə yalnız münaqişəni uzadır”, sabiq nazir belə hesab edir.

Münaqişənin mərhələli və paket şəklində həlli variantlarının fərqləri və bənzərliyi nədədir?

Bu suala cavabda Zülfüqarov deyib ki, əslində mərhələli variant da, paket şəklindəki vairant da mərhələli olaraq həyata keçirilməlidir.

Bu zaman paket variantının Ermənistan versiyası həmsədrlərin təklif etdiyi versiyadan xeyli fərqlənir. Belə ki, həmsədrlər işğal edilmiş ərazilərin azad edilməli olduğunu deyirlər. Ermənilər isə hesab edirlər ki, bu ərazilər azad edilməzdən əvvəl Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır və buna beynəlxalq zəmanət olmalıdır. Ermənilərə elə gəlir ki, bu, bir anlıq proses ola bilər. Amma həmsədrlər DQ-nin statusunun Minsk konfransında (bu konfrans hələ 1992-ci ildə çağırılmalı idi – Turan-ın qeydi) müəyyən ediləcəyi fikrinin tərəfdarıdırlar. Buna qədər hərbi əməliyyatların nəticələri aradan qaldırılmalıdır, yəni işğal edilmiş ərazilər azad edilməlidir, qaçqınlar qaytarılmalıdır və s. Yalnız bundan sonra DQ-nin statusu həll oluna bilər.

Buna görə Nalbandyanın bəyanatı siyasi spekulyasiyadan başqa bir şey deyil, deyə Zülfüqarov sözünə davam edib. Məhz prosesin qapalılığı Ermənistan tərəfin danışıqların məzmunu haqqında qeyri-obyektiv məlumatlar yaymasına imkan verir.

“Hesab edirəm ki, Azərbaycan tərəfi məxfilik şəraitini davam etdirməməlidir”, deyə Zülfüqarov qeyd edib.

O, həmçinin ərazi bütövlüyü və xalqların öz müqəddəratını həll etməsi prinsipləri arasında ziddiyyətlər haqqqında iddiaları uydurma adlandırıb. Bu “ziddiyyət” süni olaraq uydurulub. ATƏT-in Lissabon sammitinin (1996-cı il) qərarlarında birmənalı olaraq bildirilib ki, ermənilər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz müqəddəratlarını həll edə bilərlər.

Dünya təcrübəsində xalqların öz müqəddəratını həll etməsinin ayrı bir dövlət yaradılmasına gətirib çıxarmadığı çox sayda nümunə var. Məsələn, sayı Qarabağ ermənilərindən dəfələrlə çox olan tatarlar Rusiyanın tərkibində federasiya subyekti kimi öz müqəddəratlarını təyin ediblər.

“Niyə ermənilən də öz müqəddəratlarını belə təyin edə bilmirlər, daha bir dövlət yaratmalıdırlar?”, deyə sabiq nazir qeyd edib.

Azərbaycan Cənubi Tirol və ya Aland adaları kimi ermənilər üçün konkret özünüidarə modelləri təklif edə bilərmi? Bu suala cavabda Zülfüqarov qeyd edib ki, vaxtilə Heydər Əliyevin tapşırığı ilə XİN-də belə təkliflər hazırlanırdı. Amma Ermənistan tərəfi bu prosesləri batırdı.

Azərbaycan indi də DQ-yə özünüidarə verməyə hazırdır, amma status məsələsi münaqişənin hərbi nəticələrinin aradan qaldırılmasından sonra Minsk kofransında həll olunmalıdır.

Son 10-15 ildə Azərbaycan müdafiəyə təxminən 20 mlrd. dollar xərcləyib və ordunu müasir silahlarla təchiz edib. Hətta separatçıların keçmiş hərbi liderlərindən biri olan Samvel Babayan etiraf edib ki, Azərbaycanın yaratdığı RƏM sistemi ən müasir sistemlərdən biridir və Bakının sərəncamında raketlərin tutulması üzrə sistem var. Ermənilər kiçik partiya silah almaq üçün 200 milyonları belə olmadığı halda necə Azərbaycanla hərbi balans yarada bilərlər?

Bundan başqa, Ermənistan əhalisi artıq 2 mln. nəfərdən azdır, Azərbaycan əhalisi isə 10 mln.-a yaxındır. “Bu halda kim güzəştə gedib Qarabağı ermənilərə bağışlayar?”, deyə Zülfüqarov bildirib.

“Ermənistan rəhbərliyi məsuliyyəti dərk etməli və xalqına həqiqətləri söyləməlidir. “Bizdən çox-çox güclü olan qonşumuzla dalaşmşıq və inkişaf üçün perpektivimiz yoxdur” deməlidir”, deyə Zülfüqarov qeyd edib. Buna görə ya Ermənistan doğru yolu tutacaq, ya da müharibə qaçılmaz olacaq, deyə o fikrini tamamlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar