İmam Əli İbn Əbutalibin siyasi əxlaq konsepsiyası: AZADLIQ VƏ ƏDALƏT!

Ruşanzadə Ruşan

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutu

“Siyasi nəzəriyyələr” şöbəsinin elmi işçisi,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Siyasi elmlər üzrə fəlsəfə doktoru

Özünü, özünlə başqaları arasında tərəzi et!

İmam Əli.

Tarixi faktların aksiyoması əsasında demək olar ki, İslam Şərqinin, bütövlükdə bəşəriyyətin fövqəladə və unikal dahisi İmam Əli (601-664) bəşər tarixinə siyasi əxlaqın əsas atributu olan azadlıq və ədalət meyarı kimi daxil olmuşdur. Onun ədalət haqqındakı nəzərləri istər hakimiyyətdən əvvəlki dövrdə, istərsə də hakimiyyətdə olduğu ərəfədə sabit ardıcıllıqla həm əməli siyasi konsepsiyasında, həm də real həyat tərzində mövcud olmuşdur və bu gün də İNSAN aliliyi üçün nümunə olaraq yaşamaqdadır.

İmam Əlinin elmi-ideoloji, ictimai-iqtisadi-hərbi, sosial-siyasi, mənəvi-əxlaqi görüşləri, göstərişləri, dövrü ictimai mühitdə geniş yayılmaqla dərin təsirə malik olan çıxışları və xitbları öz nitqindən eşidilməklə hələ Onun əməkdaşları tərəfindən qeyd edimiş, əzbərlənmiş, xüsusilə məsləkdaşı, yazı mədəniyyəti ilə məşhur olan, Kufə şəhərində doğulmuş Zeyd ibn Vəhb əl-Cuheyni (714-cü ildə vəfat etmişdir) kimi nümayəndələr tərəfindən qələmə alınmışdır. Sonralar bu əvəzsiz mənəvi xəzinə bir çox görkəmli alimlərin diqqət mərkəzində olmuş, ona geniş şərhlər yazılmışdır. Bu sırada müxtəlif dövrlərdə yaşamış məşhur tarixçilərdən Əbdül Həmid Katibi, (750-ci ildə vəfat etmişdir) İbni Əbil Hədid Əbdülhəmid (1275-ci ildə vəfat etmişdir) və başqa ciddi nümayəndələrin adını qeyd etmək olar.

981-ci ildə Bağdadda dünyaya gələn və 1028-ci ildə orada vəfat edən, “Təlxisul bəyan ən məcazətil-Quran” adlı mötəbər kitabının müəllifi, məşhur alim Seyyid Şərif Rəzi İmam Əlinin kəlamlarından, xitablarından, əmr və sərəncamlarından, məktublarından ibarət olan bir toplunu «Nəhcül-Bəlağə» (Bəlağət Yolu) adı ilə nəşr etdirmişdir. Bu minvalla da həmin möhtəşəm mənəvi irs daha da geniş yayılmağa başlamışdır.

XIX əsrin böyük alimlərindən olan misirli Məhəmməd Əbduh (1905-ci ildə vəfat etmişdir) «Nəhcül-Bəlağə»-yə olduqca zəngin şərh yazmışdır. Qeyd edim ki, öz on beş əsrlik tarixi ilə bəşəri dəyərlərin formalaşmasında, xüsusilə də Azərbaycanın milli-mənəvi-ədəbi dəyərlərinin ərsəyə gəlməsində və inkişaf etməsində İmam Əli fenomeninin əhəmiyyətli təsirinin olması danılmazdır. Bu aşkar həqiqəti Ə.Bəhmənyar, Ə.Xaqani, N.Gəncəvi, Ş.Söhrəvərdi, Ş.Şəbüstəri, F.Təbrizi, S.Ürməvi, N.Tusi, İ.Nəsimi, M.Fizuli, Ş.İ.Xətai, S.Əzim Şirvani, A.A.Bakıxanov, M.Kazımbəy, C.Əfqani və M.Ə.Rəsulzadə kimi əvəzsiz dahilərimizin əsərlərində aydın görmək olar.

Bu məqamda vurğulanmasını zəruri bildiyim həqiqət ondan ibarətdir ki, siyasi əxlaq ideyasının ədəbi qaynaqları sırasında (aralarında 900 il zaman kəsiyi olmasına baxmayaraq) şəxsiyyətlərin fikir vəhdətliyi baxımından Aristotel və İmam Əli diqqətimi daha çox çəkmişdir. Bu iki əvəzedilməz dahinin arqumentləri nəzərdə tutulan mətləbin ən mükəmməl bazasıdır. Siyasət və əxlaq kontekstindən  öz görüşlərində Aristotel daha çox nəzəri mülahizələr yürüdürsə, bundan fərqli olaraq İmam Əli nəzəri doktrinlərlə yanaşı, həm də daha çox qarşıya əməli prinsip və siyasi fəaliyyətində tətbiq etdiyi metodologiya qoyur.

Hələ tələbə olduğum vaxtlardan apardığım araşdırma və tədqiqatlarımda həmişə məni bir sual düşündürüb: Hansı şəxsiyyətin görüşlərində siyasət və əxlaq anlayışlarına münasibətdə onun tutduğu mövqe nə dərəcədə barışdırıcı-birləşdirici sistemliliyə qadirdi və bu, bəşər cəmiyyətinin səadəti yolunda nə dərəcədə yararlı məzmuna malikdir? Belə qənaətə gəlmişəm ki, ümumdünya şəxsiyyətləri sırasında İmam Əlinın obyektiv azadlıq və ədalət prinsipi siyasi əxlaqın əsas ideya bazası olaraq ən optimal metodologiyadır və nəzərdə tutulan mətləb üçün ən ali perspektivdir. Bu qənaəti son dərəcə ertibarlı hesab edirəm xüsusilə ona görə ki, İmam Əlinin prinsipi nizam-intizama, tam rasional əsaslara söykənən kamil ağıl üzərində qərarlaşır, buna görə də dayanıqlıq qazanır və əbədilik xarakteri kəsb edir.

Belə ki, Onun nəzərində “Ağıllı hər bir şeyi öz yerinə qoyan kəsdir” (1,771). “Ədalət işləri öz qaydasına salır, səxavət isə onları öz yerindən çıxarır. Ədalət hamını yaşadır, səxavət isə ancaq bəxşiş edilmiş şəxsə fayda verir. Buna görə də ədalət daha xeyirli və üstündür” (1,855). İmam Əlinin siyasi və əxlaqi kosepsiyasının obyekti kamil ağıl olduğu üçün “ağıl kimi sərvət,  nadanlıq kimi yoxsulluq, ədəb kimi miras, məsləhət və məşvərət kimi dayaq yoxdur” (1,709). “Ağıldan faydalı heç bir var-dövlət, məğrurluqdan qorxulu tənhalıq, tədbir görmək və düşünmək kimi ağıl, pəhrizkarlıq kimi comərdlik, gözəl xasiyyət kimi yoldaş, ədəb kimi miras, müvəffəqiyyət, nailiyyət kimi rəhbər, gözəl əməl kimi ticarət (qarşılıq R.R), savab kimi mənfəət, şübhə müqabilində özünü saxlama kimi pəhrizkarlıq, harama rəğbətsizlik kimi zahidlik, təfəkkür və uzaqgörənlik kimi elm yoxdur” (1,730). Demək olar ki, ağıl, istər fərdi, istər də  ictimai-siyasi həyatın ayrı-ayrı məqamlarını obyektiv olaraq dərk edən, dərk edilənləri, dərk edənə çatdıran işıqlı bir qüvvədir. Ona görə də “görmək gözlə deyil, çünki bəzən gözlər öz sahibinə yalan deyir. Amma ağıl ondan öyüd-nəsihət istəyənə xəyanət etmir” (1,799). Bu məqamda qeyd edim ki, İmam Əlinin hisslərdən və hisslər vasitəsilə alınan təcrübi təsəvvürlərdən üstün tutduğu kamil ağılı və onun daha etibarlı olmasını Kantdan 1100 il öncə göstərmişdir. Belə ki, İ.Kant “bizim hissi təsəvvürümüz heç bir vəch ilə özlüyündə şeylər barədə təsəvvür deyil, yalnız onların bizə təzahür olunduğu üsul barədə təsəvvürdür... Təzahür hisslərə, mühakimə isə dərrakəyə əsaslanır” (3, 55-59) fikrini İmam Əlidən 1100 il sonra yazmışdır. Hansı ki, yuxarıda göstərilən mətləbə əsasən demək olar ki, İmam Əli konsepsiyasında rasional anlayış hissi qavrayışdan öndə görülür və rəhbər tutulur. Rəhbər tutulur həm də ona görə ki, siyasi maraq subyektinin fəaliyyətində onun hisləri (istər hissi idrak, istərsə də rasional idrak) ifrat və təfritə düçar olduqda siyasi subyekt və ya siyasi aktor son dərəcə maddiləşir, siyasi əxlaqın əsasını təşkil edən bütün mənəviyyat prinsiplərinə  zidd olmaqla yalnız maddi maraq, daşıyıcısı kimi siyasi obyektin nizam-intizamına, pozitiv sabitliyinə qarşı fəaliyyətə başlayır. Buna görə də  İmam Əli kamil ağılı hisslərin  hakimi bilir və  onu hər növ fiziki, psixolji-siyasi sindiromlardan müdafiə olunmaq şəraitini yaradan ən güvənli vasitə hesab edir. “Var dövlətin ən üstünü ağıldır. Ən böyük yoxsulluq isə ağılsızlıqdır...Varlılıq və zənginlik (reallığı imkandan kənar olan R.R) arzuları qəlbə buraxmamaqdır...Kim xalqın inciməsinə səbəb olan şeyə tələssə onun barəsində bilmədikləri şeyi danışarlar (1,702-3). Tədqiqat metodları əsasıyla belə qənaətə gəlmək olar ki, X.N.Tusinin “əməli hikmət”, İ.Kantın “xalis zəka və ya əməli əql” müddəası İmam Əlinin “kamil ağıl” paradiqmasından qidalanması heç bir şübhə doğurmur. “Ağlından sənə bu bəsdir ki, o sənin üçün azadlıq yollarını həlak yollarından seçir” (1, 849) arqumentini göstərən İmam Əli kamil ağılı rəhbər tutur, həm də ona görə ki, onun nəzərində kamil ağıl azadlıq və ədalətin bilavasitə yaradıcısı, istiqamətləndiricisidir.

Siyasi əxlaq kontekstində nəzərə alsaq ki, , siyasi maraq və onun əməli reallığı olan bütün siyasi hərəkətlər hiss və məziyyətlərin təzahürüdür, görərik ki, bütün hiss və məziyyətlər qəlbdə baş verən hadisədir. Aristotelin nəzərində qəlbin iki, şüurlu və şüurdankənar hissəsi var. “Şüurlu hissədə olan məziyyətlər; ağıl, fərasət, idrak, yaddaş və s. Şüurdankənar hissədə isə, tədbir, ədalət, cəsarət,  cismi və ruhi sağlamlıq (gözəllik), mülk, var-dövlət, səlahiyyət, hörmətli olmaq, yiyələnmə, fəaliyyət və faydalanma və s. Onun fikrinə görə insan başqa şeylə deyil ancaq qəlblə yaşayır. Məziyyət də qəlbdədir...Yaxşı yaşayış firəvanlıq, firəvanlıq xoşbəxtlik, xoşbəxtlik isə  xeyirxahlıqla yaşamaqdır. Məziyyət üçün əksik də, artıq da zərərlidir. Öz xarakterlərinə görə hörmətə malik olmaq istəyən məqsədli surətdə öz məziyyətlərini artıb əksilməsini tənzimləməli və orta mövqeyini gözləməlidir” (4, 315).  Hiss və məziyyətlərin qəlbdə baş verən hadisə olmasında, onların təfrit-ifrat (əksik-artıq) neqativliyindən qorunma və orta ilə tənzimlənməsində Aristotellə vəhdətləşən, lakin praktiki dəqiqliklə qəlbin bütün ziddiyyətlərini açıqlayaraq insana konkret cəhət verməklə Aristoteldən xeyli dərəcədə yüksəkdə duran İmam Əli göstərir ki, “İnsanın damarlarının birindən bir parça ət asılıb ki, bu onda olan ən heyrətləndirici şeydir. O, qəlbdir. Onun xoşagələn sifətləri və onlara zidd, xoşagəlməz əlamətləri var: Ona ümid və arzu üz tutanda tamah və hərislik onu xar edər; tamahı cuşa gələndə hərislik onu həlak edər; ümidsizlik ona yol tapanda həsrət və kədər onu öldürər; qəzəb və əsəbilik qarşıya çıxanda hiddət onu boğar; razılıq və məmnunluq ona yoldaş olanda, çəkinməyi unudar; qorxu qəflət onu bürüyəndə uzaqlaşmaq onu məşğul edər; əmin-amanlığı artanda qəflət onu oğurlayar; müsibət və kədər baş verəndə dözümsüzlük onu rüsvay edər; mal tapanda varlılıq onu itaətsizləşdirər; yoxsulluq incidəndə bəla və çətinlik onu əsir edər; aclıq çətinliyə salanda zəiflik onu əldən salar; toxluğu çoxalıb həddini aşanda qarnının doluluğu onu zəhmətə salar. Beləliklə, hədd və normadan aşağı olan hər bir səhlənkarlıq ona ziyan vurar və həddi keçən hər bir artıqlıq onu məhv edər” (1,728). Başqa bir məqamda bildirir ki, “bədən və cisimlər təngə gələrək yorulduğu kimi, bu qəlblər də bezərək yorulur. Ona görə də həmin qəlblər üçün yeni-yeni maraqlı hikmət və elmlər axtarın” (1,760).

O, öz ideyalarını tükənməz hikmətlə dərinləşdirməklə vicdan və qəlb azadlığını önə çəkir. “Həqiqətən qəlblərin istəmək, üz tutmaq və üz döndərmək xüsusiyyətləri var. Buna görə də istəmək və üz tutmaq yolu ilə onlara tərəf gəlin. Çünki qəlb məcbur ediləndə korlaşır” (1,758-59). Onun nəzərdə tutduğu azadlıq həm ədalətlə müəyyənləşən həm də ədalətin mahiyyətini, onun hansı əsaslara dayandığını qiymətləndirən azadlıqdır. Məhz bu qarşılıqlı qiymətləndirmə siyasi əxlaqın bünövrəsidir.

“Rəhbərlər Allahın yer üzərindəki gözətçiləridir” (1,816), “Hökumətlər kişilərin sınaq meydanıdır” (1,855) mətləbini açıqlayan İmam Əlinin əsas tutduğu başlıca prinsiplərdən biri də ictimai-siyasi mühiti tərbiyyə edən, tənzimləməklə azadlıq və ədaləti ayaqda saxlayan layiqli lider siyasətidir. Onun nəzərinə görə siyasi lider cəmiyyətin ən ali nümayəndəsi kimi dərin mənəviyyatla öz fəaliyyətində insanlara nümunə olmalıdır. “Xalqa rəhbər olan şəxs başqasını öyrətməkdən öncə öz nəfsinin təliminə başlamalıdır. O, başqasını dili ilə ədəbləndirərək zinətləndirməmişdən qabaq gərək onu öz əməli ilə ədəbləndirərək gözəlləşdirsin. Öz hislərini öyrədən və ədəbləndirən xalqı öyrədərək  ədəbləndirəndən daha çox təzim və  ehtirama layiqdir” (1,713).

İmam Əlinin konsepsiyasında apardığım araşdırma nəticəsində əldə etdiyim fundamental ideyalardan biri də ləyaqətli lider məsələsinə dair ideyalardır. Həmin ideyaların əsasında nəzərdə tutulan liderin zəruri və funksional keyfiyyətini  təşkil edən məziyyətləri ardıcıl olaraq aşağıdakı kimi təsnifatlaşdırmışam.

1.İntellektuallıq.“Elm və bilik bəhanə axtaranların yolunu bağlayır”(1,800).

  1. Natiqlik. “Danişin ki, tanınasınız. Çünki, insan öz dilinin altında gizlənib” (1,839).
  2. Məsuliyyət. “Hər kəs öz əməlinin girovudur” (1,819). Bir şey istənilən şəxs, vədə verməyincə azaddır” (1,817). “Elm və bəsirət sahibinin sözü əgər düz olsa dərman, səhv olsa isə dərddir” (1,792). “Əməlinin ağırlaşdırdığı kəsi soy və kökü qoçaqlaşdırmaz... Öz məqam və dərəcəsini itirən kəsə atalarının məqam və dərəcəsi fayda verməz” (1,837). “Nə qədər ki, danışmamısan, söz sənin əsirindir. Elə ki, dilə gətirdin sən onun əsirisən. Buna görə də qızıl və gümüş xəzinədə saxlandığı kimi, dilini də ağız xəzinəndə saxla. Çünki ola bilər ki, bir kəlmə neməti əldən çıxarsın, qarşıya əzab və çətinlik gətirsin” (1,835). “Öz hesabını aparan kəs qazanıb. Ondan qafil olmuş kəs isə ziyana düşüb...” (1,762).
  3. Müzakirəli hakimiyyət. “Bir şeyi ələ keçirən şəxs özbaşınalaşar. Özbaşınalıq edən həlak oldu. İnsanlarla məsləhətləşən kəs onların ağıllarına şərik olub”(1,750).
  4. Könlü genişlik. “Ən böyük zənginlik xalqın əlində olan şeylərdə gözü olmamaqdır”(1,817). “Başçılıq və rəisliyin aləti könül genişliyidir”(1,754).
  5. Comərdlik. “Səxavət və bağışlamaq, onu istənilmədən etməkdir. İstək ilə edilən şey isə xəcalətdən və məzəmmətdən qurtulmaq üçün eidilir”(1,708).
  6. Dözümlülük. “Səbr və tələsməmək bir qarından olan ekizlərdir ki, onları himmət və möhkəm iradə doğur” (1,861). Xüsusi qeyd: Aristotel “Nikamax etikası” əsərində qeyd edirdi ki, “Hər bir axmaq insan nəyi etmək, nəyi etməmək lazım olduğunu bilmir və bu qüsur da onu zalım və şər quvvə edir. Xeyir və şər arasında seçimi bilməmək hərəkətin könülsüz olmasına, (günahın olmamasına) deyil, bunun ancaq axmaq hərəkət olmasına gətirib çıxarır. İmam Əli isə bu mətləbi daha yığcam, daha dəqiq və daha humanistcəsinə vurğulayır.Nadanların hamısı ya ifratçı, ya da çox süst və səhlənkardırlar”(1,712).
  7. Bariş və sülh. “Sülh və barışıq eyibləri örtməkdir”(1,691). Müxalifət və dava nəzər və fikri viran edir”(1,765)
  8. Sabitlik. “Davam etdirilən az iş yorğunluq gətirən çox işdən daha yaxşıdır” (1,856).
  9. Şərait və məqamı qiymətləndirmək. “İmkan yaranandan qabaq tələsmək, münasib vaxt və fürsət yaranandan sonra süstlük etmək axmaqlıq və qanmazlıqdır” (1,826).
  10. Azadlıq. “Sən azad yaranmısan. Sonradan heç kimə və heç nəyə qul olma... Tamahkarlıq əbədi köləlikdir”(1,754). “Tamah və hərisliyi öz şüarı etmiş kəs özünü kiçildib. Öz çətinliyini, pərişanlığını bildirən kəs zillət və xarlığa düşüb. Dilini özünə hakim edən kəs öz yanında da xar və zəlildir”(1,690).
  11. Ədalət. “Rəiyyətlə ədalətli, insaflı ol və yolunu azmaqdan, zülm etməkdən çəkin. Çünki yolu azmaq didərginliyə səbəb olur, zülm isə qılınca gətirib çıxarır”(1,867). “Ədalət və insaf zülm etməməkdir. Yaxşılıq etmək isə comərdlik və bəxşışdır”(1,770). “Pis əməl sahibini yaxşı əməl sahibini mükafatlandırmaqla incit”(1,754). “Dostunu sev, amma həddini aşmaq qədərində yox. Ola bilər ki, o bir gün sənin düşmənin olsun. Həmçinin, düşməninlə də orta səviyyədə düşmənlik et. Ola bilər ki, nə vaxtsa o, sənin dostun olsun”(1,793).

Siyasi əxlaq kontekstindən baxanda şahid oluruq ki, “Öz haqqı barəsində sələnkarlıq edən kəs, məzəmmət edilməz. Məzəmmət və qınaq o kəs üçündür ki, başqasının haqqına toxunur”(1,751) arqumentini irəli sürən İmam Əlinin (ə) ədalət prinsipi elmli mənəviyyatın və dərk edilmiş gerçəkliyin zəruriyyətindən doğulur. Onun ədalət konsepsiyası  dörd əsasdan ibarətdir.

  1. Düzgün anlamaq üçün diqqətlilik.
  2. Elmin həqiqətinə çatmaq.

III. Düzgün hökm çıxarmaq.

  1. Dözümlülüyü möhkəm saxlamaq.

“Buna görə də insan diqqət yetirərək düzgün başa düşsə elmin həqiqətini əldə edər...Səbirli və dözümlü olan kəs öz işində səhlənkarlıq etməz və xalq arasında yaxşı adla yaşayar.... Yaxşı işin sahibi yaxşılıqdan daha yaxşı, pis işin sahibi pislikdən daha pisdir” (1,700-701).

Müasir Qərb siyasi elmində böyük alimlərindən olan, Amerika Boston Universitetinin professoru Seliqman Adamın siyasi bərabərlik və siyasi ədalət haqqında irəli sürdüyü ideyalar bu gün dünya siyasətində xüsusi diqqətlə və ehtiramla qarşılanır. Çünki Seliqman Adam Şərq, xüsusən İslam Şərqi sivilizasiyası kontekstindən çıxış edərək siyasətdə insana verilən qiyməti önə çəkir, insanın digər insana nisbətində tam bərabər olduğunu vurğulayaraq yazır. “Hər kəs bərabər və müsəqqil olduğu üçün, heç kəs başqasının nə həyatına, nə səhhətinə, nə azadılğına, nə də onun mülkiyyətinə ziyan vurmamalıdır. Çünki, insanların hamısı yalnız hər şeyə qadir və son dərəcə müdrik olan Yaradanın məhsuludur. Onların hamısı bir Mütləq Sahibin xidmətçiləridir... Biz biri-birimizin istifadəsi üçün yaradılmamışıq. Yalnız bizdən aşağı təbəqədə olan varlıqlar  bizim istifadəmiz üçün yaradılıb” (5,36). İndi gəlin Seliqman Adamdan XIII əsr əvvəl bu ideyanı irəli sürən İmam Əlinin Malik ibn Əştəri Misirə hakim təyin etdikdən sonra ona ünvanladığı tapşırıq məktubuna nəzər salaq:  “Xalqa qəlbən mehriban və xoş rəftarlı ol. Onun mülkiyyətini “udmağa hazır olan canavarlar” kimi olma. Sənin hakim olduğun Misirdə İnsanlar iki hissədən ibarətdir: birinci müsəlmanlar; sənin din qardaşların, ikinci isə müsəlman olmayan, lakin, əsl insaniyyətdə və yaranışda səninlə bərabər olanlardır... Heç vaxt əfv və güzəşt etməkdən peşman, cəzalandırmaqdan şad olma... Mən məmuram və “gərək mənim əmrimi qəbul etsinlər”, demə. Əgər öz hakimiyyətinlə özündə qürur və təkəbbür hiss etsən, Allahın hakimiyyətinin əzəmətinə bax. İşlərin ən sevimlisi haqda orta yolu tutmaq, onu bərabərlik baxımından ümumiləşdirmək və xalqın şad olmasına daha çox səbəb olan ədalətlilik olmalıdır” (1.628).

Əlbəttə heç kəs İmam Əli ilə müqayisə edilməyə layiq deyil. Lakin buradakı ideyaların nəticəsi olaraq iki mühüm fərq hasil olur;

  1. Seliqman Adamın ideyası yalnız nəzəri xarakter daşıyırsa, İmam Əlinin ideyası bir dövlət başçısı olan siyasi lderin öz əməli fəaliyyətinin əyani nümunəsidir.
  2. İmam Əlinin ideyası elmi tutumuna, metodoloji zənginliyinə və siyasi iradə təsirinə görə Seliqman Adamın ideysından daha faydalı və aktualdır.

 

Məhz elə İmam Əlinin zənginliyini və əzəmətini zahir edən səciyyəvi cəhətlərdən biri də Onun  ictimai-siyasi həyatın bütün səviyyələrində alimlərin fikir və rəyinə yüksək qiymət verməsi və dövlətin inkişafında onların  fəaliyyətini zəruri bilməsi olmuşdur. Bu məsələ, yuxarıda qeyd etdiyimiz məktubdakı göstərişdə də öz əksini tapmışdır. “Şəhərlərin işlərini sahmana salan vasitələri möhkəmləndirmək və Səndən qabaqkı insanların bərqərar etdiklərini bərpa etmək barəsində alimlərlə çoxlu müzakirələr et, doğru əməl sahibləri ilə danışıqlar apar”(1,632).

 

 

 

 

 

 

ƏDƏBİYYAT

 

  1. İmam Əli. Nəhcül Bəlağə. Bakı. “Nurlar” n.2007. 912 s.
  2. Xacə Nəsirəddin Tusi. ƏXLAQİ-NASİRİ. Bakı, “Elm”, 1989. 256 səh.
  3. İmmanuil Kant. “Fikir antologiyası”. -Zəkioğlu- n. Bakı- 2010. 184 s.
  4. Aristotel “Siyasət. Böyük etika”. Bakı 2006 XXI- Yeni Nəşrlər Evi. 432 s. 5. Seliqman Adam. Vətndaş cəmiyyəti ideyası. (ingilis dilindən tərcümə) Bakı, Nurlar, N.P.M. 2005, 240 səh.
  5. BMT-nin “Dözümlülük haqqında bəyannamə”si. 1998.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar