“86 yaşlı qoca hələ də əməllərindən əl çəkmir” - Hacıqabuldan şikayət

Hacıqabul rayonunun Kolanı kəndinin bir qrup sakini tərəfindən “AzPolitika.info” saytı vasitəsilə ölkə rəhbərliyinə şikayət məktubu ünvanlanıb. Belə ki, sakinlər Prezident İlham Əliyevə, millət vəkili Mehriban xanım Əliyevaya, eləcə də hüquq-mühafizə orqanlarının və bir sıra aidiyyatı təşkilatların rəhbərlərinə müraciət edərək, əzizlərini öldürən və bu üzdən həbs olunan şəxsin yaxın qohumları tərəfindən təqiblərə məruz qaldıqlarını bildirir, bununla bağlı hüquqi tədbirlərin görülməsini xahiş edirlər.

Məktubda bunun səbəbi belə göstərilir: “08 avqust 2015-ci il tarixdə Hacıqabul rayonu Kolanı kənd sakini Şirəliyev Sərhəd Səhət oğlunun odlu silahdan istifadə edərək, əzizimiz - Ədilov Habil Nəcəf oğlunu qətlə yetirməsi faktı ilə bağlı Hacıqabul rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 120.1 maddəsi ilə başlanılan 150246016 saylı cinayət işinin istintaqı yekunlaşdırılıb. Bu il aprel ayının 5-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Sərhəd Şirəliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 12 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə baş verdikdən sonra isə təqsirləndirilən şəxsin yaxın qohumları, əsasən böyük qardaşı Məhbud Şirəliyev istintaqa çağırılmasını guya özünə təhqir kimi qəbul etdiyini bildirib. Onun bizim ailə üzvlərimizi şərləmək bəhanəsi ilə qonşuluqda sahibsiz qalmış evlərini yandıracaqlarını, günahını isə yaxınlarımızın üzərinə atacaqları ilə bağlı bizi hədələdiyi barədə dəfələrlə tərəfimizdən aidiyyəti qurumlara müraciətlər ünvanlanıb”.

Məktubda daha sonra bildirilir ki, 86 yaşlı Məhbud Şirəliyev iş üzrə məhkəmə prosesində iştirak etməkdən yayınıb: “Ancaq məhkəmə prosesi yekunlaşdıqdan sonra keçmişdəki əməlini davam etdirərək, nəticəsi yaşında olan mərhum əzizimizin iki azyaşlı övladnı - Ədilbəyli Nəcəf Habil oğlu, Ədilbəyli Aqil Habil oğlu və mərhum əzizimizin böyük qardaşı oğlu Ədilov Elnur Rövşən oğlu barəsində hüquq-mühafizə orqanlarına və oxuduqları təhsil müəssisələrinə şikayət xarakterli müraciətlər göndərir. Onların, guya, cinayətkar dəstənin tərkibində iştirak etmələri haqqında böhtanlar uydurmaqla məşğuldur.

Məhbud Şirəliyev, tanınmaz hala salınmış atalarının ölümündən mənəvi və psixoloji sarsıntılar keçirmiş mərhum əzizimizin iki azyaşlı uşaqlarını psixoloji gərginlik altında saxlamaq məqsədilə, tez-tez Hacıqabul rayon Polis Şöbəsinə telefon edərək, polis əməkdaşlarını azyaşlı uşaqların üzərinə göndərməyə çalışır. M.Şirəliyevin böyük oğlu İqrar Şirəliyev isə evlərimizi bomba ilə partladacağı və yenidən bizə ağır zərbə vuracağı barədə fikirlər səsləndirir, yaxınlarımıza telefon zəngləri edərək hədə-qorxu gəlir”.

Məktubda daha sonra bununla bağlı şikayətlərinə adekvat cavab verilməməsindən narazılıq ifadə olunur: “Bununla əlaqədar biz hüquqi tədbirlər görülməsi üçün Bakı şəhər, Nəsimi rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət etmişik. Bizim şikayətimizə ilkin olaraq 06 iyun 2016-ci il tarixində hazırlıq iclasında baxılıması qərara alınsa da, M.Şirəliyev iştirak etmədiyi üçün proses təxirə salındı. Növbəti məhkəmə proses 16 iyun 2016-cı il tarixinə təyin olunsa da, M.Şirəliyevin yenə də müxtəlif bəhanələr gətirərək, bu prosesə də gəlmədi. Bu səbəbdən məhkəmə baxışı yenidən təxirə salınaraq 21 iyun 2016-cı il tarixinə təyin olundu. Ancaq o, 10 il əvvəldən ikinci oğlu Nəbi Şirəliyevin Bakı şəhərindəki evində yaşamasına baxmayaraq, “Hacıqabul rayonunun Kolanı kəndindəyəm, burda yaşayıram”, gah da “qoca xəstə adamam, yeriyə bilmirəm necə gəlim” deməklə, məhkəmə işçilərinə yalan məlumatlar vermişdir.

Bildiririk ki, 2002-ci ildə mərhum əzizimiz həyətyanı sahəsinə daş hasar çəkərkən Məhbud və Sərhəd Şirəliyev qardaşları tərəfinən haqsız olaraq hücuma məruz qalmış, həmin vaxtda da onlar əzizimizi ölümlə hədələmişlər. Mərhum əzizimizin onların dediklərini qəbul etməməsi əks tərəfdə ciddi acıq yaratmış, ona gah “Kəlbəcər”, gah “Xocalı qaçqınları”, gah da “səni tikə-tikə doğratdırıb erməninin itinə atacayıq” sözlərini deməklə, onu hövsələdən çıxarmağa çalışmışlar. Bununla əlaqədar, biz hadisənin gələcəkdə daha böyük konfiliktə çevrilməməsi üçün, qabaqlayıcı tədbir görmək məqsədilə, DİN Hacıqabul RPŞ-ə ərizə ilə müraciət etdik.

Təqsirləndirilən şəxsin böyük qardaşı Məhbud Şirəliyev Polis şöbəsinə çağırıldı. PŞ-ə çağırılmasını və onunla müvafiq qaydada profilaktik söhbət aparılaraq, rəsmi xəbərdarlıq olunmasını M.Şirəliyev və yaxın qohumları özlərinə təhqir kimi qəbul edərək, “bunun hesabı alınacaq” demişlər. Bundan sonra kənd camaatının mərhum əzizimizlə iş birliyi qurmaması üçün apardığı təbliğatın, eləcə də əzizimiz tərəfindən hazırlanıb quraşdırılmış kənd məscidinin qapı-pəncərələrinin sökdürülməsi üçün etdiyi cəhdlərinin nəticəsiz qaldığını görən M.Şirəliyev, həmin ərəfədə daimi yaşamaq üçün Bakı şəhərinə köçmüşdü. Qeyd etmək istəyirik ki, kənddə yaşadığı müddətdə həmişə kənd caamatına “yuxarıdan baxan” və sadə insanlara şər və böhtan ataraq həbs etdirəcəyi ilə hədələyən şəxs kimi tanınan Məhbud Şirəliyev, Bakı şəhərinə köçdükdən sonra, heç bir ictimai və yaxud sosial işlə məşğul olmamasına baxmayaraq, qısa müddət ərzində özlərinə geniş maddi imtiyazlar qazanmış, mal və mülk sahibi olmuşdur.

1990-cı illərdə respublikamızın ağır günlərində qaçıb RF-nin ayrı-ayrı şəhərlərinə sığınan , keçən müddət ərzində ata, ana və ailəsindən xəbəri olmayan Cahangir Şirəliyev hadisədən ay yarım sonra yenidən Azərbaycana qayıtmışdır. Bundan sonra o, yaxınları tərəfindən təlimatlandırılaraq, guya bizim tərəfi susdurmaq məqsədilə, qaynatası tərəfindən, mənbəyi Cahangirin özünədə məlum olmayan vəsait hesabına tikilən evin guya pəncərələrinin sındırılmasına rəhbərlik etmişdi. 25 ildir dövlətinə xidmət edən müharibə veteranı olan ailə üzvümüz barədə aidiyyəti qurumlara şikayət etməklə özünü gülünc vəziyyətə qoymuşdur.

Hörmətli redaksiya, sizin mətbuat vasitəsilə aidiyyatı qurumlara səslənərək, bizə qarşı yuxarıda qeyd edilən təqib və təzyiqlərlə bağlı qanuni tədbirlər görülməsini yenidən xahiş edirik”.

P.S. Məktubda göstərilənlərlə qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar