“Baltika Bakı” çöküşün səbəblərini rəsmi qərarlarda görür

“Baltika Bakı” pivə şirkətinin istehsalı müvəqqəti dayandırmasının səbəbləri sırasında əhalinin alıcılıq qabiliyyətinin azalmasına görə satışın da azalması ilə yanaşı qanunvericiliyə dəyişikliyin edilməsi də var.

Bu barədə “Baltika-Bakı” MMC-nin korporativ münasibətlər üzrə meneceri Nadejda Ovsyannikova istehsalın dayandırılmasının səbəblərini edərkən bildirib.

Belə ki, mayın 16-dan suyun tarifinə dəyişiklik edilməsi və həm xammal kimi istifadə edilən, həm də texniki suya vahid tarifin müəyyən edilməsi şirkətin biznesinə mənfi təsir göstərib.

Sudan xammal kimi istifadə edən istifadəçilər üçün bir kubmetr suyun dəyəri 12 manatdan 8 manata endirilib. Ancaq bir kubmetr texniki suyun qiyməti 1 manatdan 8 manata qaldırılıb.

Pivə istehsalında sudan həm xammal kimi,həm də yuyub təmizləmə, pasterizasiya üçün texniki sudan istifadə olunur.

N.Ovsyannikovanın sözlərinə görə, 1 litr pivə üçün 4,5-5 litr texniki su işlənir. Odur ki, suyun tarifinin unifikasiyası 2016-cı ildə şirkətin istehsal xərclərini 500000 manat artırıb.

Bundan əlavə, sentyabrın 1-dən aksiz mallarının nağd hesablaşma ilə dövriyyəsinin qadağan edilməsi haqda qanunun qüvvəyə minməsilə pivə alışının azalacağı proqnozlaşdırılır.

Bu düzəlişlər pivə satışı halqasının (istehsalçılardan tutmuş distribyutorlar vasitəsilə son satış nöqtələrinə qədər) nağdsız haqq-hesabla həyata keçirilməsini tələb edir.

Lakin kiçik obyektlərin çoxunun post-terminalı, bank hesabları və s.yoxdur. Odur ki, onlar pivə almayacaqlar.

Digər tərəfdən, bir çox ticarət obyektləri çətin ki öz kommersiya risklərini artıraraq pivəni öncədən ödəniş etməklə alsın.

“Baltika Bakı” 10 mindən çox nöqtədə satılır və bunların xeyli hissəsi kiçik ticarət obyektləridir.

Azərbaycanda pivə bazarının 75%-dən çox hissəsinə malik olan “Baltika-Bakı” 2016-cı il avqustun 15-dən istehsalın iki ay müddətinə dayandırılması və əməkdaşların boşdayanma rejiminə keçirilməsi haqqında qərar qəbul edib.

Öz növbəsində “Azərsu” ASC-dən bildiriblər ki, mayın 16-dan istehsalçılar üçün suyun tarifi 1 kubmetr suya görə 12 manatdan 8 manata endirilib. Eyni zamanda çirkab sularına görə tarif 0,30 manatdan 1 manata qaldırılıb.

Şirkətdən bunu sudan istifadə edən istehsalçıların təkrar və dövri su təchizarı sisteminə keçməsinin stimullaşdırılması ilə izah ediblər. /Turan

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar