“Ortada sənəd var, üzərində iş gedir” - Məmmədyarov

trend_elmar_mammadyarov_191015“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirik, amma danışıqlar naminə danışıqlar olmamalıdır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov almaniyalı həmkarı, ATƏT-in fəaliyyətdəki sədri Frank Valter Ştaynmayerlə birgə keçirdiyi brifinqdə deyib.

“Bakıda danışıqlar aparılacaq, sonra isə prezidentlərin görüşü keçirilə bilər. Fransa tərəfindən təklif var, biz buna etiraz etmirik. Əsas odur ki, danışıqlarda nəticə əldə olunsun. Sülh yolu irəliləyiş istəyiriksə, danışıqlar üçün danışıqlar olmamalıdır”, - deyə o vurğulayıb.

Sankt-Peterburqda substantiv danışıqların başladığını deyən nazir bildirib ki, ortada sənəd var və onun üzərində iş gedir: “Bu istiqamətdə işləsək, sülhə nail ola bilərik. Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir, bizə yaxın və qonşu ölkədir. Rusiya üçün Cənubi Qafqazda sabitlik önəmlidir. Biz Rusiyadan da, digər ölkələrdən də silah alırıq. Torpaqlarımız işğal altındadır, etnik təmizləmə olub”.

ATƏT-in regionda rolunun böyük olduğunu deyən E. Məmmədyarov qeyd edib ki, bu qurum Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır. “Mən bilirəm ki, Almaniya regionda sabitliyin möhkəmlənməsinə çalışır. Təhlükəsizlik çox vacibdir, o pozulsa, iqtisadiyyat, insan hüquqları pozulur”.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar