Polis Akademiyasında buraxılış olub- Usubov da iştirak edib- Fotolar

İyulun 1-də - Azərbaycan Polisinin peşə bayramı ərəfəsində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 2015-2016-cı tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Bu barədə Daxili Işlər Nazirliyi mətbuat xidmətindən "AzPolitika.info"ya verilən məlumatda bildirilir.

Nazirliyin aidiyyəti xidmət rəislərinin, məzunların valideynlərinin, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinin də iştirak etdikləri tədbirdə Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə daxili işlər naziri, general-polkovnik Polis Akademiyasında 2015-2016-cı tədris ilinin buraxılışa raport verib. Nazir Polis Akademiyasının müəllim və müdavim heyətini əlamətdar hadisə münasibətilə təbrik edib.

Mərasim iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Daxili işlər naziri təntənəli mərasimdə çıxış edərək Polis Akademiyasının öz təyinatına uyğun olaraq bütün dövrlərdə daxili işlər orqanlarının ixtisaslı kadrlarla təminatında mühüm rol oynadığını, 1921-ci ildə sıravi milis nəfərləri və komandir heyəti hazırlayan bu təhsil müəssisəsinin böyük inkişaf yolu keçərək Akademiya səviyyəsinədək yüksəldiyini, onun məzunlarının şəxsi heyətin əsas özəyini təşkil etməklə, bir çoxlarının müxtəlif rəhbər vəzifələrə irəli çəkildiyini bildirib.

Daxili işlər orqanlarında xidmətin böyük vətəndaşlıq məsuliyyəti, cəsarət, şəxsi mətanət, bilik, elm, təhsil və təcrübə tələb etdiyini vurğulayan, polisin professional səviyyəsini daim artırmasını bir vəzifə kimi qarşıya qoyan Ümummilli Liderimiz Heydər Əliyevin 2002-ci ildə Azərbaycan Polisinin yaranmasının 84-cü ildönümünə həsr olunmuş təntənəli mərasimdə Akademiyanın yüksək standartlar səviyyəsində yenidən qurulmasına dair verdiyi konkret tapşırıqların bu ali təhsil müəssisəsinin inkişafında əhəmiyyətli rol oynadığı xüsusilə qeyd edilib.

General-polkovnik Ramil Usubov 2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan quruculuq işlərinin və islahatların Daxili İşlər Nazirliyinin digər orqan və hissələri ilə bərabər, Polis Akademiyasını da əhatə etdiyini, möhtərəm dövlət başçımızın burada görülən işlərlə iki dəfə şəxsən tanış olduğunu, öz dəyərli tövsiyələrini verdiyini, məhz onun böyük diqqət və qayğısı sayəsində Akademiyanın maddi-texniki bazasının gücləndiyini, təhsilin keyfiyyətinin yüksəldiyini vurğulayıb.

Nazir qeyd edib ki, təkcə son 5 ildə ən müasir tələblər səviyyəsində 400 nəfərlik yataqxana binası inşa edilib, cari ilin mart ayında isə yeni tədris korpusunun və 450 yerlik konfrans zalının tikintisinə başlanılıb. Bununla yanaşı, aparılmış əsaslı təmir və yenidənqurma işləri nəticəsində müasir idman kompleksi, kompüterləşdirilmiş, zəruri texniki və əyani vasitələrlə tam təchiz olunmuş auditoriyalar, virtual təlim otaqları, siniflər, fənn kabinetləri, sınaq meydançaları istifadəyə verilib. Mühazirə zallarında interaktiv lövhələr, tədris prosesinə nəzarəti həyata keçirmək məqsədilə videonəzarət sistemləri quraşdırılıb. Açılışında ölkə Prezidentinin də iştirak etdiyi və yüksək qiymətləndirdiyi «Heydər Əliyev Mərkəzi»ndə Ulu Öndərin həyat və yaradıcılığının dərindən öyrənilməsində və məzunların ümumi intellektual səviyyəsinin yüksəlməsində böyük əhəmiyyət kəsb edən xüsusi guşələr, elektron kitabxana, fotostudiya, xarici dil mərkəzi, eləcə də 75 yerlik konfrans zalı fəaliyyət göstərir.

2012-ci ildən Akademiyada tətbiq olunan “Tədris prosesini idarəetmə” sistemi çərçivəsində hər bir valideyn, övladının nizam-intizamının səviyyəsi, dərslərə davamiyyəti barədə məlumat əldə edə bilir. İmtahanların test üsulu ilə elektron formada aparılması isə bu işin insan faktorunu istisna edən şəffaflıq şəraitində keçirilməsini şərtləndirir. Eyni zamanda, tədris prosesində ciddi keyfiyyət dəyişiklikləri baş verib, yeni didaktik və təlim metodları tətbiq olunur. Son 5 ildə professor-müəllim heyəti tərəfindən 200-ə yaxın dərs vəsaiti hazırlanıb nəşr etdirilib, kitabxana fondu xeyli genişləndirilib. Son illər pedaqoji heyət arasında elmi dərəcəsi olan əməkdaşların sayında davamlı olaraq artım müşahidə olunur. Diqqətə çatdırılıb ki, indi Akademiyada 1 elmlər doktoru, 13 elmlər namizədi və 6 dosent fəaliyyət göstərir, daha 19 əməkdaş doktorluq və namizədlik dissertasiyası üzərində çalışır.

Bildirilib ki, tədrisin keyfiyyətinin yüksəlməsində Akademiyanın bir çox xarici dövlətlərin, o cümlədən Rusiya Federasiyasının, Türkiyənin, Ukraynanın, Belorusun, Qazaxıstanın və digər ölkələrin Daxili İşlər nazirliklərinin müvafiq təhsil müəssisələri ilə mövcud olan işgüzar münasibətləri, habelə yüzlərlə əməkdaşının dünyanın müxtəlif dövlətlərində keçirilən konfrans, seminar, təlim və beynəlxalq intellektual müsabiqələrdə iştirak etməsi də əhəmiyyətli olub. Əminliklə demək olar ki, Akademiya Avropanın inkişaf etmiş dövlətlərinin polis kadrları hazırlayan təhsil müəssisələri ilə rəqabət aparacaq səviyyədədir. Onun professor-müəllim heyəti dərin nəzəri biliyə, yüksək mənəvi-psixoloji keyfiyyətlərə, möhkəm iradəyə və qətiyyətə malik polis zabitlərinin hazırlanması üzrə qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlir. Bu kontekstdə cənab Ramil Usubov Polisin yaranmasının 95-ci ildönümünə həsr olunmuş tədbirdə ölkə Prezidentinin bir fikrini xüsusi vurğulayıb: “...Mən çox şadam ki, Azərbaycanda polis orqanlarında islahatlar uğurla gedir, peşəkarlıq artır...”. Bu mənada Akademiyanın rəhbərliyinin və pedaqoji kollektivinin qarşısında çox mühüm vəzifələr durduğunu xatırladan nazir müdavimlərdə zabit qürurunun, saf mənəviyyatın formalaşdırılması üçün bundan sonra da ciddi səy göstərilməsinin, tədris prosesində - praktikada özünü doğruldan ən mükəmməl metodlar tətbiq edilməsinin zəruriliyini vurğulayıb.

Məzunların həyatında yeni bir dövrün başlandığını nəzərə çatdıran daxili işlər naziri onları, valideynlərini və yaxınlarını Akademiyanı müvəffəqiyyətlə bitirmələri münasibətilə bir daha təbrik edib, tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən danışıb. O, qeyd edib ki, müstəqilliyi, dövlətçiliyi, ictimai asayişi, qanunçuluğu və xalqın əmin-amanlığını etibarlı qorumaq qarşıda duran ən mühüm vəzifələrdir. Hakimiyyətin nümayəndəsi olan polis mədəniyyəti, nəzakətli davranışı ilə nümunə, vətəndaşlarımızın güvənc yeri olmalıdır. Xidməti borca daim sadiq qalmalı, əzm və fədakarlıqla çalışmalıdır. Hər zaman axtarışda olmalı, öz üzərində işləməli, təcrübəli əməkdaşlardan öyrənməli, nəzəri biliklərini, peşəkarlıq səviyyələrini artırmalıdır. Bununla yanaşı, cəsur, mübariz, qətiyyətli, prinsipial, savadlı, təşəbbüskar, insanlarla ünsiyyət qurmağı bacaran dövlət qulluqçusu kimi formalaşmalıdır. Vətəndaşlarımız da əmin olmalıdırlar ki, onlar lazım olan anda kömək və qayğını məhz polisdə tapacaqlar. Nazir vurğulayıb ki, bizim üçün ən böyük, ən dəyərli və obyektiv qiymət isə xalqın dövlətinə inamıdır.

Cənab Ramil Usubov təntənəli mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, bu gün sıralarımıza qoşulan gənc zabit korpusu da daxili işlər orqanlarının bütün şəxsi heyəti kimi xalqa ləyaqətlə xidmət edəcək, asayişin, əmin-amanlığın etibarlı qorunması üçün öz səylərini əsirgəməyəcəkdir.

Tədbirin sonunda daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş beş məzuna - Şəhriyar Abuzərliyə, Mətin Qulubəyliyə, Zöhrab Quliyevə, Gözəl Gözəlova və Natiq Şahverdiyevə diplomları və «polis baş leytenantı» xüsusi rütbələrinin paqonlarını təqdim edib.

Əlaçı məzun Orxan Mirzəyev yaş kötüyünə rəmzi xatirə lövhəsini vurub.

Daha sonra döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilib. Müdavimlər «Azərbaycan Polisi» marşını ifa ediblər. Sonda şəxsi heyət mətin addımlarla tribunanın qarşısından keçib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar