Günəşin ölümü

ebil-h-200x300-200x2151Əbil HƏSƏNOV

Günəş ölürdü. Hamı kəndin ortasındakı meydana yığışıb, Günəşin ölümünə tamaşa edirdi.

Günəşin ölməyinə sevinənlər də var idi, kədərlənənlər də. Sevinənlər kədərlənənlərdən çox idi. Kədərlənənlər meydanın bir küncündə oturub ağlayırdılar. Meydandakı əksəriyyət Günəşin ölməsini vecinə almayanlar, daha doğrusu, buna sevinənlər idi. Meydandan yayılan musiqi səsi bütün kəndə yayılırdı. Hamı deyib gülür, oxuyur, rəqs edirdi...

- Günəş mənim nəyimə lazımdır ki? Onsuz da mən onun işığını görmürəm - deyə, kor Səlim dilləndi.

- Bəs onun istisi? Bizim əkinimiz -biçinimiz necə olsun? Axı hər yer qaranlıq olacaq - deyərək, Pəri xala ağlayırdı.

"Oğru Əhməd" onun üstünə qışqıraraq dedi:

- Kəs səsini. Biz gündüz işləyə bilmirik. İşləməyə gecə rahatdır.

- Düz deyirsən, biz qaranlıq istəyirik - deyib, Əsmər də üst paltarını soyunaraq, oynaya-oynaya meydana tərəf qaçdı.

Günəş isə can verirdi. Belə nankorların qarşısında ölmək istəmirdi. O dağın arxasına düşərək öldü. Kənd qaranlığa qərq oldu. Göz-gözü görmürdü. Kənddə hamı sevinirdi. Meydanda atəşfəşanlıq başladı. Musiqinin səsi daha da artır, izdiham çoxalırdı.

Meydanın bir küncündəki bir dəstə adamsa Günəşin ölməyinə ağlayırdılar. Çünki onları gözləyən aqibəti ruhu pozulmuş, musiqinin səsindən beyni dumanlanmış rəqs edənlərdən fərqli olaraq hiss edirdilər...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar