SECKİ GİROVU

Türkel Kərimlini seçkidən ən azı 7-8 gün sonra da girovluqda qalacağı perspektivi birbaşa AXCP sədrinə mesajdır: “heç bir etirazdan, kütləvi aksiyaya çağırışdan söhbət gedə bilməz, uşaq əlimizdədir.”

Əli Kərimlinin oğlunun həbsi heç də gözlənilməz xəbər olmadı.

Bu, yalnız ona görə gözlənilməz sayıla bilərdi ki, Türkelin ölkədə olduğunu çoxları bilmirdi.

Tələbə gənc ölkədəymişsə, demək, hər gün, hər an, hansısa aksiyadan ya əvvəl, ya da sonra mütləq həbs edilə bilərdi və ilk fürsətdə həbs ediləcəkdi.

Bu ölkədə siyasi liderlərin özlərindən çox artıq övladları həbs olunur. İsa Qəmbərin oğlu Turqutdan, Hikmət Hacızadənin oğlu Adnandan, digər siyasi xadimlərin inzibati cəza alan övladlarından sonra sıra Əli Kərimlinin oğluna da çatmalıydı. Çatdı.

Ancaq Türkelin həbsi başqalarından bir az fərqləndi. Ona “plakat cırdığına və polisə müqavimət göstərdiyinə görə” 25 sutka həbs cəzası verdilər. Əvvəl tutulan gənclərə çox verəndə 15 sutka verirdilər.

Əli Kərimlinin oğlunun, qismən sovet dövründə dəbdə olan 25 illik həbs cəzasını xatırladan cəzasının səbəbini, eləcə də mahiyyətini bilmək üçün dərin analitik təfəkkürə malik olmaq lazım deyil. Bu, onun girov götürülməsi deməkdir.

Bir özünüz hesablayın. Prezident seçkilərinin həlledici mərhələsinə - səsvermə gününə, 9 oktyabra neçə gün qalır? 7 bu aydan, 9 o aydan, cəmi 16 gün. Türkel 25 sutkalıq cəzasının 16-nı həbsdə keçirəcək, səsvermə günü də həbsdə olacaq. Ondan bir həftə sonra da.

Adətən, seçki gününün ertəsi nə baş verir? Saxtakarlıq əleyhinə etirazlar, narazılıqlar. Aydın məsələdir ki, bu il seçkilərdə saxtakarlıq baş verəcəyi halda (bu ehtimal yüzdəyüzdür) ona etiraz edəsi qüvvənin bir cinahının başında Əli Kərimli duracaq.

Türkel Kərimlini seçkidən ən azı 7-8 gün sonra da girovluqda qalacağı perspektivi birbaşa AXCP sədrinə mesajdır: “heç bir etirazdan, kütləvi aksiyaya çağırışdan söhbət gedə bilməz, uşaq əlimizdədir.”

Məsələ bu qədər bəsitdir, bu qədər birbaşadır və bu, siyasət sayılır.

Bu hakimiyyətin ən etibarlı seçki texnologiyası budur – hərənin gözünü bir şeylə qorxutmaq, hərəni öz zəif yeri ilə şantaj etmək.

Söz yox, Türkel azadlıqda olsaydı da, seçki günündə və ya ondan sonra onunla bağlı hər hansı bir təhdid səsləndirilə bilərdi. Ancaq adamın azadlıqda olması ilə qapısı bağlı dörd divar arasında olması eyni şey deyil. Birinci variantda müqavimət göstərmək üçün ayrı variantlar var.

Bu ölkədə həbsxana həyatının hər üzünü görənlər bilirlər ki, hüquq müdafiəçilərinin, vəkillərin günlərlə qəsdən buraxılmadığı təcridxanalarda insanlara işgəncə verilməsi, onları şərəf və ləyaqətlərinin alçaldılması ilə təhdid etmək adi haldır.

İndi elan edirlər ki, guya polislər Türkel və onun dostlarını “namizədlərin plakatlarını cırmağa görə” saxlayaraq, polis bölməsinə gətirdikdən sonra biliblər ki, onlardan biri Əli Kərimlinin oğludur.

Təbii ki, buna inanan yoxdur. Hamı əmindir ki, hər şey əvvəlcədən düzülüb-qoşulub, hərtərəfli planlaşdırılıb. Belə həbslər təsadüfi olmur. Çox güman ki, bu ilin də ən güclü seçki fəndi budur.

Ən maraqlısı odur ki, İnzibati Xətalar Məcəlləsinin T.Kərimlinin 310.1.-ci maddəsi ilə ittiham olunaraq saxlanması və məhkəməyə aparılması xəbərini eşidəndə bir çoxları onun 35 manat həcmində cərimə olunaraq azad olunacağını, bir neçə nəfər isə uzağı 10 sutka həbs cəzası veriləcəyini proqnozlaşdırırdı. Ancaq ona 15 sutka da yox, 25 sutka elan olunanda məsələnin mahiyyəti aydın oldu. Bu, adi girovgötürmə əməliyyatıdır.

Bəli, bu ölkədə seçki belə gedir. Dəyirman bildiyini edir, çax-çax baş ağrıdır. Ona görə də bəzən çoxları səmimiyyət dolu ironiya ilə bu cür ölkələrdə seçkinin ləğv edilməsini, uzun müddət keçirilməməsini təklif edir və deyirlər ki, seçki olmasa, siyasi gərginlik də olmaz, ən azı siyasi fəallar, gənclər həbs olunmazlar. Onsuz da heç bir seçkinin başqa bir nəticəsi olmur – YAP hakimiyyəti hər dəfə daha total saxtakarlıq və daha şiddətli zorakılıq hesabına dövranını uzadır.

İndi Türkelin o biri həmyaşıdlarından cəmi bir üstünlüyü var – o, seçki saxtakarlığını, biabırçılıqları vizual olaraq görməyəcək, ağızdan ağıza eşidəcək.

Xalid Kazımlı(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar