«Şarli» olanlar «Ankara», «İstanbul» ola bilmədilər!

mirzeMirzə AĞ

Bu gün yayılan bir xəbərdə deyilir ki, Çeçenistanın başçısı Ramzan Kadırov «Türkiyədə gizlənən çeçen terrorçuların» adlarını açıqlayıb. Siyahı Kadırovun «İnstaqram» səhifəsində dərc olunub.

Çeçen lider yazıb ki, bu insanlar Türkiyə sahillərində özlərini rahat və təhlükəsiz hiss edirlər. O, həmin terrorçuların Çeçenistana verilməsini Türkiyə prezidentindən xahiş edib.

İstambul aeroportunda törədilmiş terror aktlarından dərhal sonra - «çeçen izi» barədə məlumat yayılan zaman yazmışdıq ki, bu terror aktınınTürkiyə-Rusiya münasibətlərində istiləşmə başlandığı günlərdə törədilməsi və dərhal «çeçen izi»nin üzə çıxması xeyli qaranlıq mətləblərdən xəbər verir. Eyni zamanda, qeyd etmişdik ki, Çeçenistanın başçısı Ramzan Kadırov istər-istəməz, bütün bunlara aydınlıq gətirməli olacaq, əks-təqdirdə, indi-indi yumşalmağa başlayan Türkiyə-Rusiya münasibətləri bundan əməlli-başlı ziyan çəkə bilər. Kadırov isə danışmağa tələsmirdi...

Budur, Kadırov meydana atıldı, amma təəssüf ki, onun açıqlaması məsələyə aydınlıq gətirmək niyyətindən çox, necə deyərlər, «suyu bulandırmaq» cəhdindən xəbər verir. Belə deməyə kifayət qədər əsas var. Məsələn, Kadırov iddia edir ki, çeçen terrorçular Türkiyədə rahat yaşayırlar. Üstəlik də cənab Kadırov onların Rusiyaya (Çeçenistana) qaytarılmasını xahiş edir. Belədə, məntiqi sual yaranır: Kadırov bu xahişi nə üçün məhz inidi - terror aktından 7-8 gün ötəndən sonra dilə gətirib? Əgər gerçəkdən də həmin çeçenlər terrorçu idilərsə, Kadırov onları nə üçün indiyə qədər geri istəməyib? Siyahı əldə olmadığı üçün o da məlum deyil ki, Ramzan Kadırov Əhməd Çatayevin də adını dərc etdiyi «terrorçu siyahısı»na daxil edib, ya etməyib? Amma mən, buna inanmıram...

Məsələyə başqa bir istiqamətdən də yanaşmaq ehtiyacı yaranır. Məsələ burasındadır ki, 2-ci çeçen müharibəsinin sonunda müstəqil İçkeriya Çeçen Respublikası süqut edərkən, bu respublikanın qurucuları (çeçen mücahidlər) təqiblərdən yayınmaq məqsədilə yaxın-uzaq ölkələrdə sığınacaq tapıblar. Onların bir çoxu qardaş Türkiyəyə üz tutub. Bir çoxu indi də bu ölkədə yaşayır. Yazdıqlarından aydın olur ki, indi Kadırov onları terrorçu adlandırır və haqq-hesab çəkmək üçün geri istəyir. Nədən ki, həmin çeçen mühacirlər Ramzan Kadırovu vətən xaini adlandırırlar!

Digər tərəfdən, Kadırov yazır ki, «çeçen terrorçular» Türkiyədə asudə və kef içində yaşayırlar. Yəni Türkiyə milli təhlükəsizlik strukturları o qədər maymaq oldular ki, ölkədə yaşayan «terrorçular»dan xəbərsiz qaldılar?!

Başqa bir arqument. Bundan əvvəl yayılan xəbərlərdə deyilirdi ki, Soçi Olimpiadasından xeyli əvvəl, təhlükəsizlik tədbirlərinin görülməsi çərivəsində, Rusiyanın xüsusi xidmət strukturları Şimali Qafqazda cəmləşmiş radikalları (oxu - cinayətkar qupları) məsuliyyətdən yayındırmağın qarşılığında, təlimatlandırıb, İraqa və Suriyaya yola salıblar. O da məlumdur ki, Soçi Olimpiadası ərəfəsində bölgədə görülən təhlükəsizlik tədbirlərinin əsas təşəbbüskarlarından (bəzi hallarda isə icraçılarından) biri də məhz Ramzan Kadırov olub. Odur ki, Kadırov gerçək terrorçuların Yaxın Şərqə «ezam olunması»ndan xəbərsiz qala bilməzdi. Fəqət, çeçen lider bu barədə susmağa üstünlük verir...

Bir müddət bundan əvvəl Rusiyanın terrorla əlaqəsi barədə yazdığım «Böyük dövlətlər terrorçu hazırlayır» başlıqlı məqalə AzPolitika.info qəzetində dərc olunmuşdu. Məqaləyə «şərh» yazan bir oxucu Rusiyanın adını çəkdiyim üçün məni qınamışdı və yazmışdı ki, nə üçün ABŞ-ın da adını çəkmirəm və s. Məqamı yetişdiyindən, həmin oxucunun da nəzərinə çatdırmaq isitəyirəm ki, hələ ilyarım bundan əvvəl elə bu qəzetdə «Qlobal terrorçuluğun xaç atası» başlıqlı məqaləm dərc olunub. Məqalədə belə bir fikir aşılanır ki, indi dünya üçün ən böyük təhlükə mənbəyinə çevrilmiş terrorçuluğun «xaç atası» məhz ABŞ-dır!

Hazırda iş o yerə çatıb ki, daha «cidanı çuvalda gizlətmək» mümkün deyil. Hamı anlayır - Türkiyə hədəfə alınıb! «Böyük dövlətlər» Türkiyəni zəif salmaq məqsədilə, qardaş ölkəni «terror poliqonu»na çeviriblər - hər gün, iki gündən bir, Türkiyədə terror aktı törədirlər! Mən bunu açıq demək istəyirəm - bu aktları, başda ABŞ, Rusiya, Fransa, Britaniya (görünür, o, tezliklə «böyük» olmayacaq - parçalanacaq!), Almaniya və s. kimi «demokratik» dövlətlər planlayıb, təşkil edirlər. Hər cür rəngə çalan «terrorçu təşkilat»ların arxasında da həmin dövlətlər dayanır və «patron»un əmri ilə hər dəfə terror aktı törədildikdən sonra onlardan biri «məsuliyyəti öz üzərinə götürür». Məsələn, neçə müddətdir ki, Türkiyədə törədilən terror aktlarına görə, PKK «məsuliyyəti öz üzərinə götürürdü».

Bəs, PKK-nın arxasında kimlər dayanır və ya, ümimiyyətlə, PKK deyilən kürd təşkilatı varmı? Açıq mənbələrin məlumatına görə, PKK lideri Abdulla Öcalan kürd yox, ermənidir! Mənbələrin verdiyi məlumata görə, PKK adlandırılan terrorçu qruplaşmanı məhz Rusiya (SSRİ dövləti) yaradıb və indi də himayə edir, silahlandırır (Bir müddət əvvəl xəbər verilmişidi ki, Rusiya İraqdakı PKK-çılara zenit raketləri verib, ABŞ-ın da PKK-ya silah verməsi barədə əldə məlumatlar var!). İndi «zərurət» yarandığı üçün digər imperialist dövlətlər (məsələn, Almaniya, Britaniya, Fransa) də PKK himayədarı mövqeyindən çıxış edirlər. Məsələn, Türkiyə vətəndaşlarına vizasız rejim tətbiq etməyə söz vermiş Avropa Birliyi (Aİ), bunun qarşılığında Türkiyədən tələb edir ki, dövlət öz antiterror qanunvericiliyini «yumşaltsın»...

PKK-nın rəsmi qurucusu və ideoloji rəhbəri Abdulla Öcalan ömürlük həbsdə olsa da, qruplaşma fəaliyyətini «uğurla» davam etdirir! Bəs, onu kim idarə edir? ABŞ başda olmaqla, dünyanın əksər dövlətləri PKK-nı terrorçu təşkilat elan edib. Fəqət, elə həmin dövlətlər bu qruplaşmanı həvəslə maliyyələşdirir, silahlandırıb, üzvlərinə təlim keçərək Türkiyənin üstünə qısqırır. Sonra isə «boğazdan yuxarı» bəyanatlar yaparaq, heç bir xəcalət hissi keçirmədən, «Türkiyənin yanındayıq» deyirlər...

Elə məhz bu səbəbdən dolayı, Türkiyədə teror aktının törədilməsi, bir növ, adi hal alıb və sözügedən dövlətlərin də bu ölkədəki qanlı terror aktlarına reaksiyası məsələn, Parisdə və ya Orlanddakı terror aktına olan reaksiyadan köklü şəkildə fərqlənir. Elə anlaşılır ki, Parisdəki teror aktı «qanlı hadisə», Ankaradakı, İstambuldakı terror aktları bir «əyləncə» imiş! Bu barədə, Türkiyədə yaşayan bir Britaniyalı musiqiçi bir müddət əvvəl xeyli maraqlı sual səsləndirmişdi. Ankarada törədilmiş qanlı terror aktından sonra o, yazmışdı: «Şarli oldunuz, Paris oldunuz, indi də Ankara olacaqmısınız?.. Axşam saatlarında səsi eşidilən partlayış, şəhərin ən qələbəlik yerində, bir çox avtobusun olduğu, insanların evlərinə getmək üçün avtobus gözlədiyi bir dayanacaqda, insanların çay içmək və dincəlmək üçün oturduğu bir parkın yanında baş verdi. Orada ola biləcəyiniz heç ağlınızdan keçə bildimi? Hər gün keçdiyiniz yol, hər gün dayandığınız avtobus dayanacağı... Qurbanları heç düşündünüzmü? Evinə getmək üçün avtobus gözləyən gənclər, şəhərdə dolaşan yaşlılar, günəş altında gəzdikdən sonra, taksi gözləyən insanlar... İndi bu insanların ingilis olduğunu (rus, fransız, alman, çeçen və s. olduğunu - M.A.) düşünün və hadisənin İngiltərədə (Rusiyada, Fransada, Almaniyada, Çeçenistanda, ABŞ-da - M.A.) baş verdiyini fərz edin. Bu insanlar sizin hər gün gördüyünüz, qarşılaşdığınız normal, xoşbəxt insanlardır. Bu insanlar fərqli deyil - onlar sadəcə, türklərdir...».

Bəli, İstambul terroru bir daha göstərdi ki, böyük dövlətlər (onların liderləri - Obama, Putin, Olland, Merkel, Kemeron - M.A.) Şarli ola bilmədilər. Parisdə «antiterror marşı» sərgiləyən bu terrorçubaşılar Şarli ola bilməzdilər axı - insan özü-özünü ittiham edərmi?...

Açıq-aydın görünür, «Birləşmiş Millətlər Təşkilatı (BMT), o cümlədən, BMT-nin Təhlükəsizlik Şurası (TŞ) zəruri islahatlara məruz qoyulmalı, TŞ isə yenidən qurulmalı, daimi üzvlərinin sayı-tərkibi dəyişdirilməli, onların veto qoymaq hüququ aradan götürülməlidir» deyənlər nə qədər haqlıdırlar. Dünyada baş verənlərin təhlili göstərir ki, bu gün qlobal terrorçuluğun müəllifi və hərəkətverici qüvvəsi məhz BMT TŞ-nın daimi üzvü olan həmin böyük beşlikdir!

İstambul aerportunda baş vermiş seriya terror aktları bir daha göstərdi ki, əgər Türkiyə prezidenti R.T.Ərdoğan Rusiya prezidenti Putinə «üzrxahlıq məktubu» göndərməyi bir qədər də gecikdirsəydi, ölkəsində silsilə terror aktları davam edəcəkdi! İndi isə rusiyalılar Türkiyədə dincəlmək üçün fürsət əldə etdilər və Rusiya da vətəndaşlarının Türkiyə çimərliklərində təhlükəsiz çimməsinə şərait yaratmaq məqsədilə, daha burada terror törətməyəcək! Belə deməyə yetərincə əsasım var. Məsələn, İstambul terrorunu törədənlərin əksəriyyətinin Rusiya kökənli və ya Rusiya vətəndaşı olması çox mətləblərdən xəbər verir...

Bir mətləbə də toxunmaq yerinə düşərdi. İstambul terrorundan dərhal sonra, Rusiya KİV-i belə bir xəbər yaydılar ki, prezident Putin ölkəsində terrorçuların məlumat bankının yaradılması barədə göstəriş verib. Əslində, bunun açması belədir ki, guya indiyə qədər Rusiyada belə bir məlumat bankı yox imiş. Yalandır və diqqəti gerçəkdən yayındırmaq cəhdindən başqa bir şey deyil! Belə mənaya gəlir ki, guya İstambul terrorunda şübhəli bilinən rusiyalı terrorçular barədə Rusiyanın əlində heç bir məlumat yoxdur. Elədirsə, bəs, Osman Vadinovun heç vaxt Rusiyada yaşamaması Kremlə haradan bəlli oldu? Necə ola bilər ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin barmaq tuşladığı, Çeçenistanın Pankis dərəsindən olan «təkqol çeçen» Əhməd Çatayev barəsində Kadırovun məlumatı olmasın? İvanişvili dövründə Gürcüstanda həbsdən azıd edilmiş Çatayevin «xahişi»ni bəs, kim edib? Məlumdur ki, Gürcüstanın İvanişvili hökuməti məhz rusiyayönlü olub. Gürcüstanda İvanişvili hökuməti qurulan zaman Kadırov ona «şanlı bir məktub» göndərmiş və yazmışdı ki, indi Saakaşvilini okeanın o tayına göndərəcəyik, biz də gəlib Tiflisdə mandarin yeyəcəyik...

Beləliklə, bir daha aydın olur ki, böyük dövlətlərin terrora yönəlik sərgilədiyi «ikili standart»ın gerçək səbəbi odur ki, terrorçu qismində elə həmin dövlətlərin özləri çıxış edirlər!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar