Vətən cəzalı girov oğullar

Gültəkin Hacıyevanın oğlundan ona təzyiq aləti kimi istifadə olunanda yazmışdım ki, insanı övladla imtahana çəkmək bəşəriyyətın icad etdiyi ən mənfur siyasi mübarizə formalarından biridir.

Mənim oğlum Kanadada universitet bitirir. Dünyanın aparıcı elm-təhsil mərkəzlərindən birinə yüksək qiymətlərlə daxil oldu və yüksək qiymətlərlə də oranı başa vurur. Müasir dövr üçün dəyərli ixtisası var: təhlükəsizlik sistemləri sahəsində kompüter mütəxəssisi. Bu yaz hələ düşünürdüm ki, geri qayıdacaq, necə ki, mən bir vaxtlar maraqlı təkliflərdən imtina edib «Vətən, vətən, vətən, Millət, millət, millət, Dil, dil, dil» (Cəlil Məmmədquluzadə) deyə-deyə geri qayıtmışdım. Bir neçə dövlət orqanına müraciət etdim ki, ölkəyə belə kadr lazımdırmı, işə götürərsinizmi, lap ilk vaxtlar volontyor (könüllü) kimi çalışsın, yoxlayın. Dedilər, belə müraciətləri gərək bir əl əvvəldən edəsən. Kanadada isə ona ortalama ili 60 min dollarlıq iş təklif edirlər. İndi mən ona nə deyim, nə məsləhət görüm? Deyim ki, gəl, əmək birjasında qeydiyyata aldıracağam?

Əli Kərimlinin oğlu gəldi. Hələlik, tətilə. Atası tələbə ikən savadı, nitqi ilə diqqətimi cəlb etmişdi. Yaşadığı yataqxanada yanına tanışlığa getmişdim, istəyirdim, o vaxtlar redaktoru olduğum «Xazar» jurnalına yazı yazmağa razılaşsın. İndi bu hüquqşünasın oğlu hüquqşünası, ziyalı ailəsində tərbiyə görmüş, Avropada təhsil alan gənci ən bəsit maddə ilə zindana salırlar. İki dostunu da yanına alıb küçədə prezidentliyə namizədin plakatını cırırmış!

Kim inanar bu ittihama? Lap tutaq ki, ideoloji gəyirtisi ağlını və mənəviyyatını zəhərləmiş bəziləri inanırlar. Cırırlarmış! Deməli, sən milyonların gözü qarşısında bir gənci atasına qatıb iyrənc söyüşlərlə söyənə güzəştə get, ona təzədən efir ver, faktiki, müdafiə elə, həmin gənci isə guya bir plakat cırdığına görə (niyə elan etmirlər ki, kimin «plakatının cırığının» güdazına gedib Əli Kərimlinin oğlu və onun dostları?) ömründən 25 sutka kəs!!! Bu, həbs deyil, girov götürməkdir. Qanunun əli ilə. Axı, ən yaxşı halda, müxalifət liderinin övladı seçkilərin nəticəsi elan olunduqdan sonra azadlığa çıxacaq. Burda bir bağlılıq yoxdurmu?

Niyə biz cavan beyinləri bunca qarışdırır, gənc ürəkləri bunca bulandırırıq, ay mənim hakimiyyətli, müxalifətli, qht-li, mtn-li, polisli-prokurorlu qardaşlarım? Vətənimi dəyişməliyik, oğullarımızımı? Bəlkə, özümüzümü? Seçim bizimdir. Amma bunlardan hansınısa dəyişməliyik.

(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar