Daxili İşlər Nazirliyində geniş Kollegiya iclası keçirilib - FOTOLAR

Bu il Azərbaycanda 14251 cinayət qeydə alınıb.

KOLLEGİYA-3

Bu barədə daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov nazirlikdə keçirilən kollegiya iclasında bildirib.

Nazir müavini qeyd edib ki, hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə qeydə alınan 14 251 cinayət hadisəsinin 94,2 faizi və ya 13 429-u daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 85,2 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14,8 faizini ağır və xüsusilə ağır növlər təşkil edib. Məqsədyönlü surətdə davam etdirilən profilaktik fəaliyyət nəticəsində cinayətkarlığın dinamikasında son illər mövcud olan müsbət təmayül də qorunub saxlanılıb.

Belə ki, şəxsiyyət əleyhinə olan cinayətlərin strukturunda qəsdən adam öldürmələr 5,2 faiz, zorlamalar 16,7 faiz, avtonəqliyyatın qaçırılması 13 faiz, xuliqanlıqlar 6,4 faiz, yol-nəqliyyat hadisələri 13,4 faiz, qəzalarda həlak olanların sayı 25,3 faiz, xəsarət alanların sayı 13,2 faiz azalıb.

Qeyd olunub ki, cinayətlərin açılması sahəsində əməliyyat-axtarış tədbirləri və prosessual fəaliyyət əvvəlki illərdə olduğu kimi, kriminal qəsdlərin qurbanlarının pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpasına yönəlib.

Cinayətlərin açılması yaxşılaşaraq 84,4 faiz təşkil edib. O cümlədən ağır və xüsusilə ağır cinayətlərin açılması 0,5 faiz, şəxsiyyət əleyhinə olan cinayətlərin açılması 1,2 faiz, qəsdən adam öldürməyə cəhdlərin açılması 2,3 faiz, qəsdən sağlamlığa ağır zərər vurmaların açılması 1,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 2,6 faiz, xuliqanlıqların açılması 2,4 faiz yaxşılaşıb.

Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 205, əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində “isti izlərlə” isə 581 və ya müqayisə edilən dövrə nisbətdə 24,4 faiz çox cinayət açılıb.

V.Eyvazov həmçinin bildirib ki, xidməti funksiyaların həyata keçirilməsində müasir iş metodlarının, o cümlədən informasiya texnologiyalarının tətbiqi də müsbət nəticələr verib. “102” Zəng mərkəzinə daxil olan məlumatlar üzrə görülən operativ tədbirlərlə 2759 hüquqazidd əməlin qarşısı alınıb, 2022 cinayət işi başlanılıb. “Təhlükəsiz şəhər” xidmətinin texniki imkanları ilə 162 cinayət açılıb, 6366 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən 135 hadisə aşkarlanıb, axtarışda olan 68 avtomobil saxlanılıb.

Cinayətlərdə təqsirləndirilən və şübhəli bilinən şəxslərin axtarışının nəticələri 4,1 faiz yaxşılaşaraq istintaq və məhkəmə orqanlarından yayınan 1536 nəfər tutulub. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 51 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 26 şəxsin yeri müəyyən olunub. Ümumilikdə, axtarılanların 56,8 faizinin tutulması təmin edilib. Xidməti fəaliyyətdə böyük əhəmiyyət kəsb edən mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 611 ağır və xüsusilə ağır cinayət törətmiş 141 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 90 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 18 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 24.700 manat və 10 min ABŞ dolları olan 347 ədəd əskinas, habelə istifadə müddəti ötmüş 13 tona yaxın yeyinti məhsulu və tikinti materialı çıxarılıb.

Transmilli mütəşəkkil cinayətlərdən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri də səmərəli olmaqla, əsas diqqətin qeyri-leqal dövriyyədən daha böyük çəkidə narkotik vasitələrin çıxarılmasına yönəldiyi nəzərə çatdırılıb. Nəticədə narkotiklərlə əlaqədar müəyyən edilmiş 1675, o cümlədən onların satışı ilə bağlı 429 fakt üzrə ötən ilin 6 ayı ilə müqayisədə 177 kiloqram çox, bütövlükdə 609 kiloqram narkotik vasitə götürülüb.

Həyata keçirilən əməliyyat və profilaktik tədbirlərlə 75 nəfərdən ibarət 31 cinayətkar qrup zərərsizləşdirilib, 62,8 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, ümumi çəkisi 102 tona yaxın olan çətənə və xaş-xaş kolu aşkarlanaraq yaşıl kütlə halında məhv edilib.

İnsan alverinə qarşı mübarizədə müvafiq qanunvericilik aktları və Milli Fəaliyyət Planı əsasında görülən işlər də sistemli və ardıcıl olub. Ötən ilin 6 ayı ilə müqayisədə 16,2 faiz çox, yaxud 93 insan alveri cinayəti müəyyən edilib. Bu faktlar üzrə başlanılmış cinayət işlərinin istintaqı ilə 16 nəfər məhkəmə məsuliyyətinə verilib, həmin əməllərin qurbanı olmuş 52 şəxsin cəmiyyətə reinteqrasiyası təmin olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar