«Xoşbəxt inəklər» ölkəsinin futbol «sevgi»si…

Dərc olunub: 12/07/2016 - 11:55

Fransanın futbolu – namərdlik simvolu!

mirzeMirzə AĞ

Avropanın növbəti futbol çempionatı başa çatdı – sadə, zəhmətkeş əhalinin hesabına «UEFA» deyilən qitə təşkilatı təxminən, 2 milyard avroya yaxın qazanc əldə etdi. İştirakçı komandalar da bu «navar»dan öz payını aldı.

Məsələn, Azərbaycan mediasının yaydığı xəbərə görə, budəfəki yarışmanın qalibi – qitə çempionu olmuş Portuqaliya yığma komandası «UEFA»-dan 25,5 milyon avro, Fransa komandası isə 23,5 milyon avro vəsait alacaq. Qrup mərhələsində çıxış etmiş komandalar, oyunlarda qələbə qazanmış, heç-heçə oynamış komandalar da müəyyən pay alacaqlar və s.

Fəqət, builki qitə çempionatı və xüsusilə də onun final matçı əsasən, futbol gözəlliyi və qazanılan pullarla yadda qalmadı. Nədən ki, bu oyunlar futbol mədəniyyəti, futbol texnikası və estetikası ilə yox, kommersiya sürüşkənliyi, pul hərisliyi, acgözlüyün doğurduğu qabalıq və nəhayət, korrupsiyanın doğurduğu namərdliklə yaddaşlara həkk olundu. Həm də bütün bunlar, milyonlarla tamaşaçı insanın səbirsizliklə gözlədiyi final oyununda bütün çılpaqlığı ilə üzə çıxdı. Bir sözlə, Fransa komandası oyunu udmaq və çempion olmaq xatirinə Portuqaliyanın ulduz hücumçusu Ronaldonu məqsədli şəkildə və əvvəlcədən planlaşdırılmış qaydada vurub sıradan çıxartdı! Mən, buna «fransız namərdliyi» deyirəm! Ümumiyyətlə, namərdlik, fransızlara xas olan keyfiyyətsizlikdir. A.Dümanın (ata) əsərlərini oxuduqca, buna tam əmin olursan…

Namərdlər elə zənn etdilər ki, Ronaldo olmasa, Portuqaliya komandası qol vura bilməyəcək. Amma çempionatın lap əvvəlindən hiss olunurdu ki, Fransa komandası zəfdir və çempion olmağa qadir deyil! Fransızlar yanıldılar – bu dəfə namərdlik onların karına gəlmədi. Qədim türklərin «Tanrı» («Tenqri») adlandırdığı ali qüvvə fransızların namərdliyini gördü, qeydə aldı və «əvəzini» verdi – onlar öz ölkələrində MƏĞLUB OLDULAR!

Mən də bu mülahizələrdən çıxış edərək, belə deyirəm: «Fransanın futbolu – namərdlik simvolu…»

Azərbaycan cəmiyyəti də bu çempionatı böyük həvəs və maraqla izlədi. Baxmayaraq ki, futbol əsl Avropa oyunudur və biz, bu oyunu sadəcə, anlaya və oynaya bilmirik. Amma öz ölkəmizdə hansısa «Avropa oyunları» keçirməkdən «zövq alırıq» – əksər hallarda - ACQARINA! Bu, bir başqa söhbətin mövzusudur – qoyuram kənara…

Tamlıqla izlədik – gün ərzində söhbətlərimizin əsas mövzusu Avropanın futbol çempionatı oldu. Proqnozlar verdik, nəticələri görünməmiş çılğınlıqla müzakirə elədik, dünyanın futbol tarixinə baş vurduq, uzun-uzadı şərhlər yazdıq, komandalara min cür «ayama» qoşduq. Məsələn, «sarı-qırmızılar», «qara-qumrallar», «sarı-kürənlər», «mavilər», «ağlar», «qaralar», «Horizontal-vertikal zolaqlılar», «buğdayılar», «bozlar», «taxtabaşlar», «əyriayaqlar», «qəhvəyilər» və s. Azərbaycanın «infarkt vurmuş» mətbuatı (çap və elektron) bu oyunları görünməmiş acgözlüklə izlədi, barəsində operativ məlumatlar yaymaq uğrunda yarışa çıxdı – guya, bu oyunlar və onların barəsində yayılan xəbərlər bu zavallı topluma bir qazanc gətirəcəkmiş. Gətirmədi!

İnsanlarımız işini-gücünü atıb, futbola baxdı – sanki gerçək futboldan uzaq bu «topdığırlama həngaməsi»ndən (mən, buna «pəstah» deyirəm!) zövq alacaqlarmış. Fəqət, nə zövq oldu, nə də ki, başqa bir qazanc. Avropanın top dığırlayanları milyonlar qazandı, Azərbaycan mediası isə sadəcə, onlara pulsuz-parasız nökərçilik elədi, vəssalam! Yenə babat futbol oynayıb, belə çempionatlarda iştirak etsəydik, «dərd yarı» deyib, biz də qəpik-quruş əldə edərdik, təəssüf ki, belə də deyil…

Bəs, nə üçün avropalılar futbol oynaya bilir, biz oynaya bilmirik? Nə üçün on milyon insanın içərisindən 11 nəfər tapıb, babat futbol oynada bilmirik? Bunun bir neçə səbəbi var: Birincisi, futbol kollektiv oyundur, biz isə kollektiv ola bilmirik – qanımızda belə şeylər yoxdur! İkincisi, Avropa futbolunun başında 3-4 dövləti vəzifə daşıyan və futboldan uzaq, əliəyri nazirlər dayanmır. Avropa ölkələri futbol federasiyalarının başında sadəcə, futboldan başı çıxan, ömrü boyu top dığırlamış şəxslər dayanır ki, ölkəni futbol oynatmağa vaxt tapa bilsinlər! Azərbaycanda isə federasiyanın başında 3 məsul vəzifə (nazir statusuna bərabər dövlət şirkətinin prezidenti, parlamentin deputatı və futbol federasiyasının prezidenti!) daşıyan bir «oliqarx» dayanır. Daha onun vaxtı hardaydı ki, ölkəyə futbol oynatsın? Məhz bu səbəbdən dolayıdır ki, Azərbaycanda avropa oyunları yarışması keçirən bu oliqarxlar, ölkəmizi əsl Avropa oyunlarına çıxara bilmirlər. Beləliklə, Avropa oyunlarına 100 milyonlar xərcləyən Azərbaycan, Avropa futbolundan bircə abbası da qazana bilmir! Bütün bunlar elə bir ölkədə baş verir ki, orada minimum əmək haqqı istehlak zənbilindən 2-3 dəfə aşağıdır. Yarıac saxlanan bu toplumun yaxşı futbol (Avropa oyunu) oynayacağını düşünmək sadəlövhlük deyilmi?…

Amma yox! Sən demə, insanların «əzablı yollar»la qaranlığa doğru görünməmiş inadkarlıqla süründüyü bu ölkədə, inəklər xoşbəxt yaşayırlarmış! İnanmırsınız? Onda özünüzü verin dükana – «Atena» firmasının istehsalı olan və bir litrlik butılkalara qablaşdırılmış «Ayran» alın, için, sonra isə butılkanın üzərinə həkk olunmuş yazıları oxuyun: «Ləzzətli sərinlik, atena, AYRAN, xoşbəxt inək südündən»…

O zaman sizlər də özünüzə sual verəcəksiniz, necə ki, mən verirəm: «Əcəba, inəkləri xoşbət yaşayan bir ölkədə nə üçün yaxşı futbol oynayan 11 kişi tapılmasın? İnəkləri xoşbəxt olan bir ölkənin mətbuatı nə üçün rəzil durumda olmalıdır? Nəhayət, inəkləri xoşbxət olan bu ölkənin insanları nə üçün xoşbəxt olmasın?»

Burası zavallı insanlar və «xoşbəxt inəklər» ölkəsi…


loading...




Fikrinizi bildirin