«Azərbaycan divlərlə ticarət yapmaq gücündə deyil»- İlham Şaban

""Şahdəniz» layihəsilə bağlı siyasi bəyanatlar Avropaya 63 milyard kubmetr qaz ötürmək üçün çəkilən «Cənub axını» dəhlizinin sahibi olan Rusiyanı qıcıqlandıra bilər"

Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban Azadlıq Radiosuna Avropa Birliyinin sədri José Manuel Barroso-nun «Cənub axını»nın əvəzinə Azərbaycandan çəkiləcək qaz kəməri layihəsinə üstünlük verilə biləcəyi ilə bağlı bəyanatını şərh edir:

- Avropa Birliyinin sədri José Manuel Barroso deyir ki, Bakı Moskvanın təzyiqlərinə duruş gətirə bilsə, Avropa Birliyi «Cənub axını»nı Azərbaycandan gələn qaz nəqli ilə dəyişdirə bilər. Bu mümkündürmü?

- Barroso siyasi fiqur olduğu üçün onun verdiyi bu bəyanat da siyasidir. Onun bəyanatından həm də açıq şəkildə belə aydın olur ki, hazırda Azərbaycan Rusiyanın təzyiqləri qarşısındadır. Bu o deməkdir ki, Avropaya qazı artırmağın əvəzində Rusiya ilə üz-üzə gəlir. Bunun da kökündə Avropanın enerji təhlükəsizliyinin təmini məsələsi durur. Söhbət ondan gedir ki, Azərbaycan Avropa ilə qaz alqı-satqısına dair kommersiya sazişini 2013-cü il sentyabrın 19-da imzalayıb. «Şahdəniz» layihəsinin ikinci mərhələsinin sanksiyalaşdırılması dekabrın ortalarında həyata keçirilib. Avropa təzyiqlər qarşısında olan Azərbaycanla bağlı bundan sonra hər hansı qabaqlayıcı tədbir görməyibsə, bu, Azərbaycanın günahı deyil. Azərbaycan 10 milyard kubmetrlik qaz üçün bu layihəni gerçəkləşdirib. Bilə-bilə ki, bu, ancaq 10 milyard üçündür, siyasi bəyanatlar verib. Demək ki, «Cənub axını» lazımlı prioritet deyil, ortada Azərbaycan qazı var, bu Avropaya 63 milyard kubmetr qaz ötürmək üçün çəkilən «Cənub axını» dəhlizinin sahibi olan Rusiyanı qıcıqlandıra bilər. Bununla Avropaya ötürülməli olan 10 milyard kubmetrlik qazla bağlı problem yarana bilər. Gərək bu məsələləri reallıqda ölçüb-biçəndən sonra dilə gətirəsən. Əgər bu gün Avropanın heç bir güc strukturu yoxdursa, Rusiya qazının əvəzinə Xəzərdən alternativ mənbələrdən stabil və təhlükəsiz şəraitdə qaz təminatını həll edə bilmirsə, niyə belə bir vəziyyətdə Rusiyanı Azərbaycanın üstünə salır? Hətta hesab edirəm ki, bu bəyanat «Şahdəniz -2» layihəsi ilə bağlı investorları ürküdə bilər. Rusiya «Cənub axını»nı 2012-ci ildən reallaşdırmağa başlayıb, biz isə hələ yox.

- Onda Barroso-nun bəyanatı nəyə söykənir?

- Nə olsun ki, deyir? Bir var demək, bir də var reallaşdırmaq. Barroso gəlib o layihəni reallaşdırırmı? 10 ildir «Nabucco» ilə bağlı deyirlər, həyata keçirə bildilərmi? Heç bir şey olmadı axı. Ukrayna ilə bağlı az qala əlli bəyanat verirlər, ancaq Ukraynanı hissə-hissə parçalayırlar, arxasında duran varmı?

- Demək bu açıqlama Azərbaycanın ziyanına ola bilər?

- Azərbaycanın tutduğu yol odur ki, Avropa bazarında kiçik həcmlərdən başlayıb özünün «kiçik piştaxta»sını yaratsın. Bunlar isə Azərbaycana supermarket vəd edirlər. Hansı ki, həmin bazarda 40 ildir Rusiya oturub. Bizim nə onun verdiyi həcmdə qazımız var, nə infrastruktur var, nə də həmin supermarketdə divlərlə ticarət yapmaq gücündəyik. Bunun məsuliyyətini heç kim anlamaq istəmir. Ancaq siyasi bəyanatlarla ticarət aparmaq olmaz.

- Rusiya və ya digər qaz nəhəngləri yoxdursa belə, ümumiyyətlə, Azərbaycan maksimum Avropaya nə qədər qaz verə bilər?

- Biz Avropa ilə ildə 10 milyard kubmetrlik qaz alqı-satqısı müqaviləsi imzalamışıq. Avropa isə 540 milyard qaz istehlak edir. Bunun da 140 milyard kubmetrini Rusiyadan alır. Bundan başqa Azərbaycan qazı Avropaya 2019-cu ildə gedəcək. Barroso isə Rusiyaya qarşı durmaq üçün siyasi alətlərdən istifadə edirlər. Amma reallıq tamam başqa şeylər tələb edir. Avropa deyə bilər ki, 30 milyard kubmetr qazı Türkmənistandan ala bilərik. Tutaq ki, o qaz Türkmənistandan Azərbaycana qədər gəldi, bəs onu Avropaya hansı kəmərlə nəql edəcəklər. Barroso belə şeyləri bilirmi? Tutaq ki, TANAP 30 milyardlıq qaz üçün nəzərdə tutulub. Bundan artıq qazı vurmaq üçün yenidən bu həcmdə kəmər çəkilməlidir. Bunun üçünsə yeni müqavilələr imzalanmalıdır. Bu kəmər isə 4300 kilometr olacaq. Bu kəmərin çəkilişi 40 milyarda yaxın vəsait aparacaq, təxminən «Cənub axını» layihəsinin qiyməti qədər. Avropa 40 milyardlıq investisiya qoymağa hazır olmalıdır. Buna hazırdırsa, onda başqa məsələ...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar