TORPAQ ZƏBT EDƏN MƏMURLARIN ADLARINI PREZİDENTƏ KİM VERİB? - Məlum oldu

Komitədən ittiham: "İcra hakimiyyətləri torpaqları qanunsuz satıb"

Ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısına həsr olunmuş iclasında aqrar sahə barədə danışarkən bildirib ki, bəzi hallarda bəzi hallarda torpaqlar zəbt edilib: “Minlərlə torpaq sahələri hasarlanıb. Orada heç bir fəaliyyət göstərilmir.

Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var. Zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur. Bu, yolverilməzdir. Torpaqlardan səmərəli şəkildə istifadə edilməlidir. Əgər səmərəli şəkildə istifadə edilmirsə, həmin torpaqlar sahibkarlardan və yaxud da ki digər şəxslərdən alınmalıdır və o insanlara verilməlidir ki, onlar əkib-becərsinlər. Ona görə, Prezident Administrasiyasına göstəriş verildi ki, əkilməyən kənd təsərrüfatı təyinatlı torpaq olmamalıdır”.

heyder_esedov_041Məsələ ilə bağlı kənd təsərrüfatı naziri Heydər Əsədov Modern.az saytına açıqlama verib.

O bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış mexanizm əsasında Vergi Məcəlləsinə dəyişikliklər edilib: “O dəyişikliklərə əsasən, istifadə olunmayan torpaqlara görə vergi ödəniləcək. Hətta onun şkalası da müəyyən olunub. Indi isə hansı torpaqların istifadə olunmamasının meyarları müəyyən ediləcək.

Qərar layihəsini hazırlamışıq, 1 həftə ərzində Nazirlər Kabinetinə təqdim olunacaq. Layihədə hansı torpaqların təyinatı üzrə istifadə edilməyən torpaqlar hesab olunması öz əksini tapıb. Kriteriyalar müəyyən olunduqdan sonra təyinatı üzrə istifadə olunmayan torpaqlardan ona uyğun vergi alınacaq”.

Heydər Əsədov istifadə edilməyən torpaqların sahibləri arasında məmurların da adlarının olduğu barədə Ilham Əliyevin iradlarını belə şərh edib: “Ola bilsin ki, həmin torpaqları başqa orqanlar verib. O torpaqlar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilməyib. Biz sadəcə istifadə olunmayan torpaqların mövcudluğu haqqında arayış vermişdik. Ona uyğun olaraq da dəyişikliklər oldu”.

Nazir qeyd edib ki, hazırda monitorinqlərin nəticələri ümumiləşdirilir: “Monitorinqlər Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən, həmçinin bizim tərəfimizdən aparılıb. Bundan başqa hər bir rayonda yeni yaranan kənd təsərrüfatı sahələri həmin rəqəmləri hər bir rayon üzrə yoxlayıb təsdiq edəcək. Bundan sonra yekun rəqəm söyləmək mümkün olacaq”.

1379954075_keremHeydər Əsədovun sözlərindən belə anlaşılır ki, torpaq zəbt edən məmurların adlarını ölkə başçısına Əmlak Məsələləri üzrə Dövlət Komitəsi təqdim edib. Bunu, yəni , məmurların torpaq sahələri barədə məlumatları prezidentə Kərəm Həsənovun verdiyini Əmlak Məsələləri Dövlət Komitəsinin yatdığı açıqlama da təsdiqləyib.

Açıqlmada bildirilir: «Aparılan nəzarət tədbirləri nəticəsində torpaqların istifadəsi ilə bağlı çoxsaylı pozuntu halları aşkarlanıb. Belə ki, ölkə üzrə mövcud olan 1.8 mln. hektar əkin sahəsinin 198 min hektarı (11.3 faizi) istifadə olunmur».

Komitənin rəsmi saytında yayılan açıqlamada həmçinin deyilir ki, 2.6 min hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 91 qanunsuz daş, qum-çınqıl karxanası, 6 min hektarda isə 222 qanunsuz balıq gölü yaradılıb. İcra hakimiyyətləri və bələdiyyələr 1204 hektar torpaq sahəsini qanunsuz istifadəyə, icarəyə, mülkiyyətə verib, təyinatının qanunsuz dəyişdirilməsinə dair 245 qərar qəbul ediblər.

Komitə bildirir ki, 20 minə yaxın torpaq icarəçisinin istifadəsində olan 1.2 mln. hektar torpaq sahəsinin 44.3 min hektarı faktiki istifadəsiz qalıb: «Yerli icra hakimiyyətləri və bələdiyyələr də kənd təsərrüfatı torpaqlarını bəzi hallarda qanunsuz olaraq digər məqsədlərlə ayırırlar. Belə ki, ötən dövrlər ərzində yerli icra hakimiyyətləri tərəfindən 72 min hektar torpaq sahəsi, bələdiyyələr tərəfindən 15 minə yaxın hektar qeyri-kənd təsərrüfatı məqsədləri üçün ayrılıb. 122 min hektar torpaq sahəsi isə keçmiş icarəçilər tərəfindən icarə müqaviləsi olmadan istifadə edilir».

Məlumatda o da vurğulanır ki, ilk dəfə olaraq Bakı, Sumqayıt və Gəncə şəhərlərinin elektron kadastr məlumat bazası yaradılıb, rəqəmsal kadastr xəritələri hazırlanıb.

Dövlət Komitəsinin açıqlamasına görə, 10 rayonda torpaqların elektron uçotu işləri aparılır, elektron torpaq xəritələri tərtib edilir: «53 rayon mərkəzi, ona bitişik şəhər və qəsəbələrin 130 min hektar ərazini əhatə edən yaşayış məntəqələrinin torpaqlarının elektron kadastr uçotuna alınması işi davam etdirilir. Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması işlərinin 2020-ci ilədək yekunlaşdırılması nəzərdə tutulur».

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar