RUSİYA – İQTİSADİ CIRTDANDIR! – Təhlil

Fransanın “Le Monde” qəzeti “Rusiya – iqtisadi cırtdandır” sərlövhəli məqalə dərc edib. Müəllifi Jan Pyer Peti olan məqalədə Qərblə qarşıdurma fonunda Rusiya iqtisadiyyatının hazırki vəziyyəti təhlil olunur, vəziyyətin daha da gərginləşəcəyi halda baş verəcəklərlə bağlı proqnozlar irəli sürülür. Azpolitika.info maraqlı məqalənin tərcüməsini təqdim edir.

“Krımın Rusiya tərəfindən işğalı geopolitik qorxular törətməklə bərabər neft və qaz ixracına görə dünyada ikinci yerdə duran bu ölkənin həqiqi iqtisadi potensialı haqqında da suallar doğurmağa başlayıb. Rusiyanın payına dünyanın ümumi daxili məhsulunun 3%-i və hərbi xərclərin isə 5,2%-i düşür. Hər necə olsa da, ehtimal olunur ki, Moskva əlində olan indiki mövqelərini saxlamaqla Ukraynaya müdaxilə etməkdən çəkinəcək. Sadəcə olaraq Kreml öz vəziyyətini nəzərə aldığına görə gələcək beynəlxalq münasibətlərin pisləşməsinə imkan verə bilməz. Ona görə ki, belə halda birinci qurban məhz Rusiya iqtisadiyyatı olacaq. Çünki siyasi və hərbi xaos özü ilə birlikdə Rusiya üçün ağır nəticələr gətirər.

QƏRBLƏ MÜNASİBƏTLƏRİN PİSLƏŞMƏSİ

Hadisələrin kəskinləşəcəyi halda Rusiyanın ilk növbədə Avropa Birliyi ilə münasibətlərinin pisləşəcəyi gözlənilir. ABŞ-la Rusiya arasında ticarətin həcmi çox minimal olduğu səbəbindən burada amerikanların rolu da az olacaq. Əgər vəziyyət daha artıq gərginləşərsə investisiya layihələri ləğv edilər və rus qazı ilə neftinin eksportu üzərində embarqo qoyulması təhlükəsi meydana gələr. İranın nümunəsi bu cür tədbirlərin nə qədər qorxulu olduğunu göstərir. Rusiya ilə Avropa Birliyinin münasibətləri heç də simmetrik deyil, beləki, Rusiyanın Avropa Birliyinə olan eksportu bu ölkənin Ümumi Daxili Məhsulunun 12%-ni verdiyi halda, Avropa Birliyinin Rusiyaya etdiyi ixrac isə onun ÜDM-nun 1%dən də aşağıdır.

TƏHLÜKƏ

Ən aydın görünən təhlükə - Avropaya ixrac olunan rus qazından imtina edilməsi məsələsidir. Buraya Rusiya enerji daşıyıcılarının ümumi ixracının 25%-düşür. İş ondadır ki, neftdən fərqli olaraq Rusiya qazının sürətlə Asiyaya tərəf yönəldilməsi mümkün deyil. Əlavə olaraq Avropa istifadə etdiyi qazı yüksək xərc tələb etməyən digər enerji mənbələri ilə əvəzləyə də bilər (Əgər neftin qiyməti dağlara qalxmazsa). Həmdə qışdan sonra Avropada qazdan istifadə iki dəfə azalır. ABŞ isə öz qazını Avropaya ixrac etməklə böyük köməkliyə razılıq vermiş ola bilər. Özünü dünya iqtisadi sistemindən izolyasiya etmiş Sovet İttifaqından fərqli olaraq, müasir Rusiya hərtərəfli formada dünya iqtisadiyyatına inteqrasiya olunub. Axırıncı hadisələrdən sonra Moskva birjasının indeksi güclü sürətdə düşərək özü ilə birlikdə rublu da dartıb aşağıya aparırdı. Fevral, mart aylarında rus valyutası ABŞ dollarına görə 4% dəyər itirib. Əgər həmin göstəriciyə yanvardan bu tərəfə baxsaq, məzənnə itkisi 7%-i də keçir. Ümumiyyətlə isə illik inflyasiya həcmi Rusiya Mərkəzi Bankının qoyduğu 5-6% həddini xeyli dərəcədə üstələyir. Rublun kursunun aşağı düşməsi inflyasiyanı daha da gücləndirir. Məhz elə ona görə də yenidən finanslaşdırılmanın stavkasının qalxmasını anlamaq vacib şərt sayılır.

RESSESIYA TƏHLÜKƏSI

Qısaca olaraq onu demək olar ki, gərginliyin artması bazar riskləri və finans şəraitinin pisləşməsi ilə müşahidə olunur. Qeyd edək ki, Rusiya hökumət nümayəndələrinin sözünə görə, təkcə bir kvartal ərzində ölkədən xaricə axan kapitalın ümumi həcmı 60 milyard dollar təşkil edib. Belə şərtlər altında zəifləmış Rusiyanın resessiyaya uğrayacağı böyük təhlükə kimi onun başı üzərində hər an dayanıb.

DAXİLİ REYTİNQ

Əgər Rusiya hökuməti ölkədəki struktur zəifliyinə qalib gəlmək istəyirsə, iqtisadiyyatın yenilənməsi üçün daha irəli addımlar atmalıdır. Rusiyanın problemləri – təbii qaz və neftdən asılılıq (67%eksport, 50% büdcəyə daxil olmalar), mülkiyyət hüququnun zəifliyi, dövlətin hər şeyə müdaxilə etməsi, mədən sənayesindəki avadanlıqların köhnəlməsi, uzun müddətli istiqrazların dayanıqsızlığı, demografik düşüş (20 il ərzində əhali 5%azalıb) və sairədir. Ölkənin ən ağrılı problemlərindən biri isə korrupsiyadır. Transparency İnternational təşkilatının illik hesabat siyahısında Rusiya 127-ci yerdə gedir. On beş illik hakimiyyəti zamanı Putinin yüksək reytinqi əsas etibarı ilə 2000-ci illərdən ölkə iqtisadiyyatının qalxması ilə əlaqədardır. 1990-cı illərdəki depressiya, hiperinflyasiya və 1998-ci ildəki defolt həmişəlik insanların yaddaşında qalıb. Necəliyindən asılı olmayaraq, bu cür iqtisadi yüksəliş “bəxtin gətirməsidir”. Vladimir Putin hakimiyyətə gələndə bir barrel neftin dünya bazarındakı qiyməti 10 dollar ətrafında idi. Sonradan qiymətlər qalxdı. Putin iqtisadiyyatdakı indiki vəziyyətin ciddi şəkildə pisləşməsinə sadəcə olaraq imkan verə bilməz. Ona görə ki, onun oliqarxlar və əhali içərisindəki avtoritetı bundan, yəni iqtisadiyyatdan asılıdır.”

Tərcümə etdi: V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar