"NƏCMƏDDİN SADIKOVUN QRU-nun ZABİTİ OLDUĞUNU HAMI BİLİRDİ..." - Ordu ilə bağlı ŞOK açıqlamalar

Mühacirətdə olan Birinci Qarabağ Savaşının qəhrəmanlarından biri - polkovnik İsa Sadıqov Moderator.az-a çox maraqlı və hərbi təhlillərlə zəngin müsahibə verib.

Peşəkar hərbçi ilk növbədə dünən cəbhə bölgəsində mina partlayışından sonra şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyib, yaralananlara şəfa arzulayıb. Müsahibəni qısa ixtisarla təqdim edirik. 

- Ordu 20 il bundan öncə necə idi, indi ondan daha da betər vəziyyətdədir. Dünən mina partlayışı bir neçə əsgər-zabitimizi əlimizdən aldı. Çox elementar bir məqama diqqət yetirək, atəşkəsdən düz 20 il keçib. 20 ildir ki, bunlar cəbhənin bütün perimetri boyu gecə-gündüz addımba-addım gedib gəlirlər. Yəni hər yolu, hər cığırı, hər kolun dibini bilirlər və hansı yolla gedib-getməməyi də artıq əzbər bilirlər və ya bilməliydilər. İndi baş verən mina partlayışı onu göstərir ki, deməli, bu yolları 20 il ərzində hələ də təmizləməyiblər.

İndi məni bir məsələ maraqlandırır, kimsə bunları araşdırırmı bu minalar orda nə vaxtdan qoyulubmuş və bu vaxtadək onu niyə tapıb zərəsizləşdirməyiblər? Əgər bu təzə basdırılmış minadırsa o zaman bəlli olacaq ki, təmas xətti qorunmur və ermənilər asanlıqla gətirib hətta daha içərilərimizə doğru mina basdıra bilərlər. Yəni bu mina sabah təmas xəttində yox, daha dərində partlaya bilər və tələfatın sayı daha çox olar.

- Azərbaycanda illər uzunu bir əcaib ənənə formalaşıb. Yeni gələn köhnənin ölüsünə rəhmət oxutdurur. İndi Zakir Həsənovun "analoqsuz kadr siyasətini" görən bir çoxları Səfər Əbiyevin ölüsünə rəhmət oxuyur...

-Tək Müdafiə Nazirliyi deyil ki. Bu gün bütün nazirliklərə kolxoz-sovxoz kimi baxırlar və hər gələn mümkün qədər daha tez qamarlamaq xətti götürür. Yuxarıdan da ona deyirlər elə et ki, səs-küy gəlib çıxmasın. Mən Zakir Həsənovun da bir-iki addımına baxdıqdan, çıxışını dinlədikdən sonra anladım ki, o nəyə qadirdi və onu ordunun başına hansı məqsədlə gətiriblər.

- Sizcə nəyə gətiriblər?

- Bu adam ordudan tamamilə uzaq, qeyri-peşəkar bir şəxsdir. Təsəvvür edin ki, bu adam səngər görmədən, döyüşdə barıt qoxusu bilmədən qısa vaxtda baş leytenantdan gəlib general, sonra isə nazir oldu. Ancaq Talıb Mamedov, Kərim Vəliyev, Heydər Piriyev kimi peşəkar, ordunun nə ilə nəfəs aldığını xırdalıqlarıyla bilən cəsur zabitləri kənarda saxladılar, naşıları isə ora doldurdular. Nəcməddin Sadıqovun orda olmasını təsəvvür edəndə mənim bu orduya və millətə yazığım gəlir. Axı onun hələ sovet ordusunun vaxtından QRU-nun (Baş Kəşfiyyat İdarəsi) zabiti olduğunu hamı bilirdi. Amma 20 ildir ki, bu adam oturub ordunun baş qərargahında. Bu gün Ukraynada baş verənlər bunlara dərs olmadımı? Yəni Rusiyanın əli hara çatırsa həmin ölkələrdə eyni vəziyyətdir.

- Səfər Əbiyevin vaxtında Nəcməddin Sadıkov dalana dirənmişdi. Amma Zakir Həsənovun gəlişi onun ulduzunu parıldatdı...

- Bunu hamı bilməlidir ki, Rusiyanın əsas şərtlərindən və tələblərindən biri MDB məkanı ölkələrindəki güc strukturları təyinatının Moskva ilə razılaşdırılmasıdır. Mən 93-cü ildə bunun canlı şahidi oldum və 93-94-cü illərdə Gürcüstandakı Abxaziya müharibəsi gedən zaman Rusiya atəşkəsi üzərinə götürərkən birinci tələbi bu idi ki, Şevardnadze hakimiyyətindəki güc strukturlarına təyinatları Moskva ilə razılaşdırmaq lazımdır. O vaxt Rusiyanın israrlı tələbi ilə İqor Georqadze təhlükəsizlik və Nadibaidze daxili işlər naziri təyin edildi. O vaxt Gürcüstanda demək olar ki, ordu yox idi, ancaq ordunun funksiyasını bu iki qurum yerinə yetirirdi. Həmin o Georqadze iki ildən sonra Moskvanın əliylə Şevardnadzenin kortejinə bomba qoyulmasını təşkil elədi. Ona görə də biləsiniz ki, Rusiyanın icazəsi olmadan Azərbaycanda da güc strukturlarına təyinat aparıla bilməz. Təbii ki, sabah hamısı bunu təkzib edəcək, amma inanmayın. Yəni kim gəlsə də Nəcməddini yerindən tərpədə bilməz. Ya da Nəcməddini əvəz edəcək başqa bir namizəd onun yerinə təklif ediləcək. Məqsəd də bu gün Ukraynada baş verənlərin hər an Azərbaycanda da baş verməsinə əlverişli zəmin yaratmaqdır. Uzağa getməyək, Ukraynada axırıncı 4-5 il ərzində 4 müdafiə naziri dəyişib. Onların 4-ü də Rusiya vətəndaşı olub. Biri isə hətta Rusiyanın Milli Qəhrəmanı idi. Ukraynanın daxili işlər naziri, hansı ki, “Berkut” xüsusi dəstəsinə millətə divan tutmaq əmri verdi, o da birbaşa Rusiyanın adamı idi. Krım və Cənub-Şərq vilayətləri Ukraynanın strateji nöqtələridir. Amma bu nöqtələrdə qəsdən bir dənə də olsun ortabab hərbi hissə yerləşdirilməyib. Yəni həmin hərbi hissələrdə nə şəxsi heyət var, nə silah-texnika. Amma Ukraynanın ən elit hərbi hissələri isə bu ölkənin qərb sərhədləri boyu yerləşdirilib. Adama deyərlər ki, məgər Avropadan Ukraynaya hücum təhlükəsi var ki? Nəticədə Ukrayna kimi 50 milyonluq bir dövlət Krımdakı bir ovuc rus əsgərinin qarşısında aciz qaldı. Yarımadada rusların cəmisi 15 minlik hərbi qüvvəsi var idi. Yəni axırıncı 5-6 ildə Ukrayna ordusu Moskvanın əliylə tamamilə dağıdılmışdı. Kimin əlinə nə gəlir satırdı, dağıdırdı, rüşvət və korrupsiya tüğyan edirdi. Qəsdən elə şərait yaratmışdılar ki, Rusiya bazasında əmək haqqı 10 min olduğu halda, onun qonşuluğundakı hərbi hissələrdə uzağı min rubl alırdılar. Ukraynadakı polislərsə asayiş keşikçisi kimi yox, banditlər kimi hərəkət edirdi. Yəni Yanukoviç xalqı elə bir vəziyyətə salmışdı ki, onlar boğaza yığılıb meydanlara töküldülər.

- Rusiya Krımla dayanmaq istəmədiyini həyasızcasına ortaya qoyub və Ukraynanı parçalamaq istəyir.

- Ruslar əvvəlcə dünyanı onunla aldatmaq istəyirdi ki, guya ordakı rus əhalini qorumaq üçün belə bir zəruri addım atıb. Amma sonradan bütün kartları açıldı və bəlli oldu ki, Putinin hədəfindəki nədir. Bu adam açıqca deyir ki, mən hər şeyimi riskə qoyub SSRİ-ni bərpa edəcəm. Hətta açıqca deyir ki, o vaxt Ukraynanın və Belarusun SSRİ-nin tərkibindən çıxması qanunsuz olub. Lavrov da Kerri ilə görüşdə dedi ki, bizim şərtlərimizi Ukrayna yerinə yetirsin, ondan sonra ordunu geri çəkək. Yəni prezident seçkiləri təxirə salınsın, NATO və Avropa İttifaqına üzvlük məsələsi birdəfəlik dondurulsun. Açıqca dünyaya meydan oxumaq xətti götürülüb.

- Ukraynada ordunun qəsdən məhv edildiyini bildik, amma bu gün inqilabi yolla hakimiyyəti ələ keçirmiş demokratların siyasi cəhətdən də aciz və çaşqınlıq içərisində, qərarsızlıq girdabında olduğu aydın görünür.

- Bilirsiniz o acizlik nədən qaynaqlanır? Daxili işlər naziri Kravçenko var idi, o Rusiyanın adamı olmaqla bərabər alçağın, şərəfsizin biri idi. Təsəvvür edin ki, polisin və “Berkut”un da əsas hissəsi Ukraynanın rusiyapərsət bölgələrindən təşkil edilmişdi. Yəni onların bu günki fəaliyyəti indi sıfır vəziyyətində və polis mərkəzi hakimiyyətə demək olar ki, tabe deyil. Yəni hadisələri analiz edəndə görünür ki, Moskvada ən azı 5-6 il bundan əvvəldən buna hazırlıq aparılırmış.

- Dünyanın super gücü hesab edilən Amerika bəs nə əcəb 5-6 il bundan öncədən hazırlanan ssenariylə bağlı məlumatlı olmayıb?

- Amerika və Qərb Yanukoviç iqtidarıyla işləməyin mümkünsüzlüyünü əvvəlcədən görürdü və ona qarşı hər hansı addım da ata bilmirdi. Amma Yanukoviçin Rusiyaya arxalanaraq əndazəni aşması xalq üsyanına səbəb oldu. İndi də Qərb çalışır ki, hadisələr məcrasından çıxmasın və münaqişə qanlı savaşa çevrilməsin. Yadınızdadırsa 94-cü ilədək Ukrayna nüvə dövləti idi. Onu məhv etmək üçün Amerika, İngiltərə və Rusiya Ukrayna qarşısında öhdəlik götürdülər. İndi də Krımın həyasızcasına işğalından sonra faktiki olaraq Amerika və İngiltərə Rusiya ilə müharibə vəziyyətinə gəliblər. Mən Ukraynada olanda ölkə rəhbərliyində olan şəxslərlə görüşümdə də onlara dedim ki, niyə bu öhdəliyi götürənlərdən təcavüzə son qoyulmasını təmin etmək üçün ciddi şəkildə tələb etmədiniz? Onlar da dedi ki, Amerika və İngiltərə hər vəchlə müharibənin baş verməməsi üçün çalışırlar. Bu heç də həmin ölkələrin acizliyini göstərmir. Bu o deməkdir ki, Rusiyaya qarşı tamam başqa müstəvilərdə çox ciddi zərbə vurulması üzərində iş aparılır. Yəni Qərb Putinə bu özbaşınalığını bağışlamayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar