“HAKİMİYYƏT XALQLA HANSI DİLDƏ DANIŞIRSA, O DİLDƏ DƏ CAVAB ALMALIDIR”- Rüstəm İbrahimbəyov

Rüstəm İbrahimbəyov: “Ədalətli seçki olsa, Cəmil Həsənli rəqiblərini böyük faizlə geridə qoyaraq prezident seçiləcək”

Milli Şuranın sədri Rüstəm İbrahimbəyov “Yeni Müsavat”a müsahibəsində 22 sentyabr mitinqində baş verənlər və ölkədəki seçki mühiti ilə bağlı bir sıra suallara cavab verib. Müsahibəni təqdim edirik.

- Rüstəm bəy, 22 sentyabr mitinqini necə dəyərləndirirsiniz?

- Mənə elə gəlir, çox uğurlu mitinq oldu. Fikrimcə, mitinqin belə uğurlu keçməsinin səbəblərindən biri də İctimai Televiziyada namizədlərin debatları oldu. Sözsüz, Cəmil Həsənlini tanıyanlar onun qabiliyyət və bacarığına bələddi. Ancaq teledebatlar xeyli insana Cəmil Həsənlini tanıtdı. Onun hakimiyyətin qanunsuz hərəkətlərini canlı efirdə birbaşa səsləndirməsi, hədəfə vurması insanların ona simpatiyasını artırdı. Ötən gün bir daha sübut olundu ki, Azərbaycan müxalifətinin çox yüksək səviyyəli lideri var. Onun çıxışını izlədim və çox bəyəndim. Cəmil Həsənli xalqla gözəl təmas qura bildi, bir daha sübut etdi ki, çox gözəl natiqdir. Natiqlik isə bir lider üçün çox vacib şərtdir. Məncə, indiyə qədər keçirilən 3 debat və 22 sentyabr mitinqi müxalifətin reytinqini xeyli yüksəldib. Vətəndaşlar onları gözəl anlayan və onların ürəklərindən gələni hakimiyyətə deyən lider qazanıblar. Seçki prosesində vətəndaş aktivliyi çox vacibdir. Biz bilirik ki, Azərbaycanda siyasi aktivlik bizim düşündüyümüz səviyyədə deyil, seçicilərin çoxu üçün seçki ümumiyyətlə maraqsızdır. Təbii, bunun arxasında seçki prosesinə, bütünlükdə iqtidara inamsızlıq dayanır. Çoxları deyirdi ki, bəli, biz bilirik İlham Əliyev yaxşı lider deyil, ancaq kimə səs verək? Məncə, debatlardan sonra xeyli vətəndaş Cəmil Həsənlinin timsalında bu suala cavab tapıb. Cəmil Həsənlinin debatlardakı çıxışı ilə həmin passiv vətəndaşları da hərəkətə gətirib. Mən Bakı ilə davamlı əlaqə saxlayıram. Dünən mənə söylənənlərdən də bəlli oldu ki, liderlər mitinqlərdən razı qalıb. Mən fəxrlə bildirirəm ki, Azərbaycanın Cəmil Həsənli kimi uğurlu lideri var.

- Rüstəm bəy, mitinq bitəndən bir neçə saat sonra hakimiyyət yenidən müxalifət üzərinə hücuma keçib. Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun mitinqdəki çıxışına görə YAP Mərkəzi Seçki Komissiyasına şikayət edib. Sizin baş verənlərdən xəbəriniz varmı?

- Açığı, İsgəndər Həmidovun çıxışını eşitməmişəm və orada söhbətin nədən getdiyindən xəbərsizəm. Cəmil Həsənlinin, Əli Kərimlinin, İsa Qəmbərin çıxışlarını izləmişəm. Çox yüksək səviyyəli çıxışlar idi. Qalan çıxışlarda nə danışıldığını bilmirəm. Mitinq insanların öz fikirlərini geniş kütləyə deyə bilməsi üçün bir imkandır. Üstəlik, mitinqin ovqatı emosional ovqatdı. Mitinqdə bir nəfər hamının yerinə məsuliyyət daşıya bilməz. Hər kəs də öz fikirlərinin məsuliyyətini özü daşımalıdır. Əgər İsgəndər Həmidovun çıxışından narazıdırlarsa, ondan şikayət etməliydilər - Cəmil Həsənlinin burda hansı məsuliyyətindən söhbət gedə bilər? İsgəndər Həmidov Azərbaycan vətəndaşıdır, çıxışı ilə bağlı bir irad varsa, buna özü cavab verməlidir.

- Bu artıq YAP-ın öz rəqibindən Mərkəzi Seçki Komissiyasına ikinci şikayətidir. Birinci dəfə situasiyanı Hafiz Hacıyev yaratsa da ona adi, Cəmil Həsənliyə isə ciddi qaydada xəbərdarlıq olundu. Sizcə, bu proses Cəmil Həsənlinin namizədliyinin ləğvinə gətirib çıxara bilərmi?

- Müxalifətin vahid namizədinin qeydiyyatının ləğvi mümkün deyil. Gün kimi aydındır ki, hakimiyyət Cəmil Həsənlinin namizədliyindən bərk narahatdır. İctimai Televiziyanın efirində baş verənləri birmənalı olaraq təxribat kimi qiymətləndirirəm. Hafiz Hacıyevin hərəkətləri açıq-aydın düşünülmüş, planlaşdırılmış hərəkətlər idi. Digər namizədlərdən də istifadə edilirdi. Çalışırdılar ki, müxalifət namizədini təkləyərək onu sıradan çıxarsınlar. Ancaq Cəmil Həsənlinin düzgün taktikası və mübarizliyi nəticəsində bu təxribat hakimiyyətin özünə ziyan gətirdi. Cəmil Həsənli onların cavabını ən yüksək səviyyədə verdi. Sağdan-soldan eşidirəm, bəzi adamlar deyir, nahaq Cəmil Həsənli belə kəskin xətt götürdü. Şəxsən mən tamamilə fərqli düşünürəm. Hakimiyyət xalqla hansı dildə danışırsa, o dildə də cavab almalıdır. Xalq da öz namizədindən məhz belə cavab gözləyirdi. Sonuncu debat da sübut elədi ki, artıq hakimiyyət qabaqkı illər işlətdiyi taktikanın uğursuzluğunu anlayır.

- Hakimiyyətin seçki günü planları ilə bağlı artıq xəbərlər yayılmaqdadır. Sizcə, müxalifət baş verə biləcək qanunsuzluqların qarşısını necə ala bilər?

- Biz bir müddət qabaq da demişik ki, Azərbaycanda 20 ildir normal seçki keçirilməyib və bu seçkilərin də qanunauyğun şəkildə keçiriləcəyinə ümidimiz azdır. Hər kəs bilir ki, iqtidar əlindəki inzibati resurslardan istifadə etməklə seçkinin nəticələrini öz xeyrinə dəyişməyə çalışacaq. İşləyən insanlara da seçki ilə bağlı təzyiq olacağı gözləniləndir, karusel ehtimalı da yüksəkdir. Ona görə də seçkinin nəticələrinin necə olacağı bizdən asılı deyil. Mən heç bir şübhə etmirəm ki, Azərbaycanda ədalətli seçki olsa, Milli Şuranın vahid namizədi Cəmil Həsənli rəqiblərini böyük faizlə geridə qoyaraq prezident seçiləcək. Bütün hallarda seçim xalqındır. Bir tərəfdə 20 ildir hakimiyyətdə olan İlham Əliyev dayanıb, bir tərəfdə professor Cəmil Həsənli. Əgər yaşayışlarından, güzəranlarından razıdırlarsa, qanunların icrasını yetərli hesab eləyirlərsə, gedib İlham Əliyevə səs versinlər. Yox, əgər müxalifət düşərgəsinin dediyi kimi, ölkənin korrupsiyada boğulduğunu, qanunsuzluğun, məmur özbaşınalığının pik həddə olduğunu, sərvətlərin talandığını düşünürlərsə, həyatlarını dəyişmək, böyük potensialı olan vətənlərində normal insan kimi yaşamaq istəyirlərsə, müxalifətin vahid namizədi Cəmil Həsənliyə səs versinlər. Xalq öz iradəsini nümayiş etdirməlidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar