ALMANİYA YENİDƏN SİLAHLANMALIDIRMI? - Analitika

Almaniyanın “Die Zeit” (Zaman) qəzeti “Putinin aqressiyası: Ukrayna böhranı Almaniyaya təhlükədir” sərlövhəli analitik məqalə dərc edib. Azpolitika.info məqalənin tərcüməsini təqdim edir.

“Bundestaqda özünün bu yaxınlardakı nitqində Ukrayna böhranını mahiyyət etibarı ilə “iki dünya arasındakı münaqişə” adlandıran Anqela Merkel tamamılə haqlı idi. Bir tərəfdə danışıqları, kompromisləri və qarşılıqlı razılaşmaları əsas tutan 21-ci əsrin “postmodernist” siyasəti, digər tərəfdə isə Moskvanın rəhbər tutduğu klassik “güc siyasəti” dayanır. Belə bir vəziyyət başqalarına görə, Almaniya üçün daha böyük hesab tələb edir. Təhlükəsizlik, azadlıq və Almaniyanın rifahı bilavasitə “postmodernist” siyasətdən asılıdır. Ancaq indiki dünyada daha güclünün haqlı olmasının ön plana çıxması vəziyyətində Almaniyanın əlindəki kartlarını yüksək dəyərləndirmək olmaz. 1945-ci ildən Almaniya güc mövqeyindən çıxış edən dövlət olmaqdan kənara çəkilib. İkinci dünya müharibəsindəki tam miqyaslı məğlubiyyət, onun müharibə şüuru ilə arzuladığı hər şeylə vidalaşma saatı idi. Almaniya militarizmdən və təcavüzkarlıqdan azad yeni bir dövlət olmalıydı. Ölkənin daxili mövqeyi onun xarici mövqeyi ilə çox gözəl şəkildə üst-üstə düşürdü. Məğlub olmuş Almaniyanın geopolitik ətraf baxımından təhlükəsizliyi və müəyyən xarici siyasətindəki rolunu ABŞ öz boynuna götürmüşdü. Qərbi Almaniya sosial-iqtisadi bir vahid kimi Amerikanın himayəsi altında yaradılmışdı. Almaniyanın yenidən silahlanması məsələsi gündəmə gəldiyi zaman isə almanların özlərinin buna qarşı müqavimət hissi ilə çıxış etmələri hədsiz dərəcədə yüksək oldu. Zamanla Almaniya indiki “postmodernist” dövlətə çevrildi. Güc nöqteyi-nəzərini önə çəkən dövlətlərdən fərqli olaraq, Almaniya iqtisadi potensialından əldə etdiyi gəlirləri hərbləşməyə qoymaq əvəzinə öz rifahını yüksəltməyə və Avropa Birliyinin inkişafına xərclədi. Öz növbəsində Avropa Birliyi də “postmodernist” konstruksiya üzərində qurulub. Buradakı hər hansı münaqişəli vəziyyət ziddiyyətli maraqların nəzərə alınması şərti ilə kompromis yolla həll edilir. Qısa müddətli perespektivdə bu avropalılar üçün asan başa gəlməsə də, irəliyə hesablanma baxımından belə konsepsiya xeyli uğurlu sayılır. ”Postmodernist” dövlət olan Almaniya öz avropalı həmkarları ilə birlikdə dahiyanə bir ətraf yaradıblar. Ancaq mahiyyət etibarı ilə məsələyə dərindən yanaşdıqda Almaniya Fransadan fərqli olaraq həyatı baxımından öz ətrafından daha çox asılıdır. Almaniya özünü yalnız transmilli əməkdaşlıq məntiqinin beynəlxalq arenadan güc tətbiqi məntiqini vurub çıxara biləcəyi sahədə yaxşı hiss edir. Almaniya qlobal siyasətin güclü hərbi qüdrətlə deyil, yalnız iqtisadiyyatla müəyyənləşdiyi sahədə mühüm iştirakçı kimi görünür. Tomas Hobbsun modeli ilə yaşayan indiki dünyada dövlətlər bir-birlərini izləyərək zəif tərəflərini axtarırlar ki, lazımı anda öz maraqları naminə onlardan istifadə etsinlər. Güclülərin daha zəiflərə görə həmişə haqlı olduğu belə dünyada bu günkü Almaniyanın müvəffəqiyyət qazanmaq üçün heç bir şansı və imkanı olmazdı. Almaniyanın onu konfliktlərlə dolu olan bu cür dünyadan uzaqda saxlaya biləcək dostlarla əhatə olunmasına böyük ehtiyacı var.

Almaniyanın əsas tərəfdaşları olan ABŞ, Fransa və Böyük Britaniya ancaq qismən qarşılıqlı razılaşmanın və iqtisadi əməkdaşlığın hökmran olduğu “postmodernist” dünyada yaşayırlar. Bununla yanaşı onların hər biri ənənəvi böyük dövlətin atributları olan-nüvə silahı və güclü döyüş qabiliyyətli orduya malikdirlər. Yarana biləcək hər hansı ciddi konflikt zamanı onlar yalnız öz gücləri sayəsində müdafiə oluna biləcəklərinə xeyli əmindirlər. Almaniya istəsə də öz gücünə güvənə bilməz. Almaniyaya bütün prinsipləri hamı tərəfindən hörmət edilən dünya qaydası gərəkdir. Ona görə də Almaniya “postmodernist” qaydanın gələcəkdə də qorunub saxlanılmasında maraqlıdır. Beynəlxalq hüquq prinsiplərinin daha çox hörmət ediləcəyi və qarşılıqlı iqtisadi əlaqələrin klassik “güc siyasətini” üstələyəcəyi halında isə Almaniya bir o qədər təhlükəsizlikdə olacaq. Əgər güclünün haqlı olduğu dünya qaydaları hökm sürəcəksə, onda Almaniyanın məglub olmuşlar siyahısına düşmək riski artacaq. Bu baxımdan yanaşsaq, Rusiyanın Ukraynaya münasibətindəki təcavüzünə qarşı Almaniyanın kəskin reaksiya verməsi vacib məsələdir. Hərbi vasitələrlə Krımın ilhaq edilməsi və Ukrayna sərhədləri boyunca Rusiya qoşunlarının yüksək konsentrasiyaya gətirilməsi BMT-nin müvafiq xartiyasına görə dünyadakı nizam-intizam prinsiplərinin kobud şəkildə pozulması sayılır. Ukraynaya hücum mahiyyət baxımından Almaniya üçün azadlığın, təhlükəsizliyin və rifahın ahəngi sayılan dünya qaydalarına qarşı hücum deməkdir.

Əgər beynəlxalq münasibətlər hərbi təcavüz və ərazilərin işğal edilməsi məntiqinin hökmran olduğu dövrə tərəf, yəni bir neçə onilliklər geriyə yuvarlanacaqsa, onda Almaniyanın həyəcan təbili çalması gərəkdir. Avropa yol ayrıcında qalıb. İndi gərək ya sülh içində yaşamaq prinsipi əsasında bu hücumun dəf olunmasına müyəssər olunsun və ya da ki, əks təqdirdə xalqların müqədəratını onların hərbi qüdrətinin müəyyənləşdirdiyi 1945-ci ilin məntiqinə qayıdılsın. Belə dünyada Almaniya seçim qarşısında qalacaq. Bu seçim təzə qaydalara uyğunlaşaraq, yenidən “güclü dövlət” olmaq və yaxud da öz müstəqilliyini və hərəkət azadlığınının itirilməsi ilə barışaraq digər “güclü dövlətin” əlində marionetkaya çevrilməkdən ibarətdir.”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar