VİTSE-PREZİDENTLİYƏ ƏSAS NAMİZƏDLƏRİN ADLARI AÇIQLANDI! - "Onlar təyin olunmağa daha çox layiqdirlər"

Sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı referendum keçiriləcək. Bu dəyişikliklərə görə, Azərbaycanda ilk dəfə olaraq vitse-prezident institutu yaradılır.

Belə ki, yeni Konstitusiyada birinci vitse-prezident və vitse-prezidentlərin olması öz əksini tapacaq ki, bu da indidən həmin vəzifələrə kimlərin təyin olunacağı ilə bağlı müzakirələrə yol açıb. Şübhəsiz ki, uzun illərdir Baş nazir postu uğrunda mübarizə aparan hakimiyyətdaxili qruplar hazırda vitse-prezident postu uğrunda gizli çəkişmə içindədirlər. Baş nazirlik uğrunda mübarizə isə, öz əhəmiyyətini itirib, çünki bu post, iyerarxiyada artıq İKİNCİ sayılmır və səlahiyyətləri də xeyli məhdudlaşdırıldığından, formal xarakter almaqdadır.

Bu arada Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin üzvü Qüdrət Həsənquliyev ilk dəfə vitse-prezidentliyə əsas namizədlərin adlarını açıqlayıb. Partiya sədri deyib ki, birinci vitse-prezidentliyə ən layiqli namizəd Mehriban Əliyevadir. Sitat: “Mehriban xanım Azərbaycan xalqı qarşısında xidmətləri olan bir nəslin təmsilçisidir. Ziyalı və milli bir ailədə böyüyüb. Hal-hazırda ölkənin birinci xanımı və millət vəkili kimi çox böyük işlər görür, Azərbaycanın və Azərbaycan qadınının tanıdılması üçün böyük səy göstərir. Qeyd olunanlara, humanitar sahədəki fəaliyyətinə, bacarığına və səmimiyyətinə görə xalqın rəğbətini qazanıb. O həm də hakim partiyada sədr müavini olmaqla Prezidentin ən sadiq silahdaşı sayılır. Düşünürəm ki, onun bu postu tutması milli maraqlara cavab verərdi”, - deyə Q.Həsənquliyev vurğulayıb.

Bəs kimlər vitse-prezidentlər ola bilər məsələsinə gəldikdə, Q.Həsənquliyev bildirib ki, bu postu tutacaq şəxslər Prezidentə sadiq, bacarıqlı və təcrübəli olmalıdırlar: “Bu keyfiyyətlərinə görə YAP-in sədr müavinləri, o cümlədən Ramiz Mehdiyev, Bəylər Eyyubov, Ramil Usubov, Kəmaləddin Heydərov, Vasif Talıbov, Əli Həsənov vitse-prezident təyin olunmağa daha çox layiqdirlər. Doğrusunu isə... Prezident bilir”.

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar