ETİBAR PİRVERDİYEV BANK SAHİBİ OLDU - «Expressbank"ın səhmlərini alıb

etibar-621

«Expressbank» ASC müstəqil auditorun (Ernst & Young (CIS) B.V.) iyulun 22-də müsbət rəy verdiyi illik maliyyə hesabatını açıqlayıb. Hesabata görə, «ADOR» MMC ötən il «Expressbank»ın səhmdarlar sırasını tərk edib. Onun payını 2 şəxs alıb.

«ADOR» MMC bankda 42 faiz səhmə sahib idi. İndi bu səhmlər iki nəfərin arasında (Hikmət Xammədov – 25 faiz və Hafiz Seyidov – 17 faiz) bölüşdürülüb. İllik hesabatda 5 səhmdarın adları və onların sahib olduqları paylar əksini tapıb. Bu barədə "Azadlıq" Radiosu məlumat yayıb.

Yarımillik hesabatda adlar göstərilməsə də, səhmdarların sayının 4 olduğu göstərilir.

Milli qanunvericilik önəmli payın əldə edilməsi və özgəninküləşdirilməsi haqqında məlumatların açıqlanmasını tələb edir. Ötən ilin iyulundan qüvvədə olan «Qiymətli kağızlar bazarı haqqında» qanunun 76.1-ci maddəsinə görə, «səhmləri tənzimlənən bazara ticarətə buraxılmış emitentin səsvermə hüququ verən səhmlərinin mülkiyyətçisi olan şəxs malik olduğu səhmlərin sayı emitentin səhmlərinin ümumi sayının 5, 10, 25 , 50 və ya 75 faiz hədlərinə çatdıqda və ya həmin hədləri keçdikdə, bu barədə bildiriş təqdim etməklə, dörd ticarət günündən gec olmayaraq, emitenti məlumatlandırmalıdır. Emitent həmin bildirişi aldıqdan sonra 3 ticarət günündən gec olmayaraq, bu barədə məlumatı ictimaiyyətə açıqlamalıdır».

Bu məlumatda alıcının adı, atasının adı və soyadı, səhmlərin əldə olunma tarixi, səhmlərin sayı və səhmdar cəmiyyətinin nizamnamə kapitalındakı ümumi faizi əksini tapmalıdır.

Emitent önəmli paya sahib olan səhmdarların siyahısını aparmalı və bu siyahı ictimaiyyətə açıq olmalıdır.

«Qiymətli kağızlar bazarında sui-istifadələrin qarşısının alınması haqqında Qaydalar»a görə, emitentin nizamnamə kapitalının 10 və ya daha çox faizini təşkil edən paya birbaşa və ya dolayı yolla yiyələnən şəxs aidiyyəti olduğu emitentin səhmləri ilə əqd bağlarkən, bu barədə məlumatı yuxarıda adı gedən qanunun 76-ci maddəsinə uyğun açıqlayır.

Nə «ADOR» MMC, nə də «Expressbank» ASC səhmdarların strukturunda baş verən dəyişikliləri açıqlayıb. «ADOR» MMC-nin bankın səhmdarları sırasını tərk etdiyi, banka yeni səhmdarların gəldiyi yalnız indi – illik və yarımillik hesabatlar açıqlanarkən üzə çıxıb.

Auditor, Maliyə Hesabatlarının Beynəlxalq Standartlarına zidd olaraq, «Expressbank» ASC üzərində son nəzarəti həyata keçirən şəxsin (və ya şəxslərin) adlarını gizli saxlayıb. Əvvəlki illərin hesabatlarında banka nəzarəti «ADOR» MMC-nin gerçəkləşdirdiyi yazılardı.

Bəs «Expressbank» ASC-nin yeni səhmdarları kimlərdir?

"Azadlıq" Radiosunun bununla bağlı məlumaytına görə,hüquqşünaslara və sənədlərə istinad edən yerli media yazır ki, Hikmət Hacəmməd oğlu Xammədov «Azərenerji» ASC-nin sədri Etibar Pirverdiyevin qaynıdır. Onun E. Pirverdiyevi alqı-satqı əməliyyatında təmsil etdiyi bildirilir. H. Xammədov «Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları» ASC-nin 98,5 faizinin də sahibidir.

Bankın digər yeni səhmdarı Hafiz Seyidov biznes ictimaiyyətinə tanış deyil.

"Azadlıq" Radiosu «Expressbank» ASC-yə yeni səhmdarın və bankı tərk etmiş 5-ci səhmdarın kimliyinə dair sorğu göndərsə də, hələ cavab almayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar