Müstəqillik fiksiyası

Fazil MUSTAFA

1918-ci ildə ehtiyatda iki ilimiz vardı. Bu dəfə isə iyirmi iki ildən bir qədər artıq müddətimiz vardı müstəqillik fiksiyasını yaşamaq üçün. Belə baxanda dünyanın ən şanslı ölkələrindən biri Əfqanıstan sayılmalıdır. Yüz ildir hər günü savaş içində keçir, lakin ərazi bütövlüyünü mübahisə mövzusuna çevirən yox. Nə var ki, bu dövlətin yarananda xəritəsinə Böyük Britaniya öz möhürünü vurub. Hindistan da, Pakistan da eyni şanslı dövlətlər sayıla bilər.

Postsovet ölkələrinin hamısının ərazisi BMT-də qeydiyyatdan keçsə də, bu qurum kiminsə sərhədlərinin təhlükəsizliyinə təminat verəcək qabiliyyəti hələ ki, münayiş etdirə bilməyib. Üstəlik, BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərdən bəziləri kiçik dövlətlər üçün özləri təhlükə mənbəyinə çevrilməkdədirlər. ABŞ-ın Yaxın Şərqdə etdikləri, Rusiyanın Azərbaycana, Gürcüstana, Moldovaya və ən nəhayət, Ukraynaya qarşı açıq işğalçılıq hərəkətləri kimsəni rahatsız etmir ki, artıq dünyaya əsas təhlükələr BMT Təhlükəsizlik Şurasından gəlir. Xəritəmizin küncünə ABŞ və ya Böyük Britaniya möhürünü vurmadığından, hələ ki, ərazimizin mübahisə mövzusuna çevrilmə təhlükəsi, deyəsən, uzun illər qalacaqdır. Onsuz da ötən əsrin 90-cı illərindən Azərbaycan müstəqilliyə yaralı vəziyyətdə girib. Canımızdan, bədənimizdən Qarabağı qoparıb alıblar.

İndi iyirmi iki illik fasilədən sonra Rusiya eyni köntöy üslubu ilə üzərimizə qayıdır. Keçici bir dövr yaralanmış ayının pəncəsindən qurtulmamız üçün bəlkə də tək seçənəyimiz vaxtilə Şirvanşah İbrahimin hər şeyi dağıdıb-sovuran Teymurun qəzəbini soyutmaq üçün atdığı orijinal addımlar olacaqdır. Çünki NATO da, Avropa İttifaqı da bizdən öncə qapıda duranları əlavə yük olaraq götürmür. Ukrayna işğal olunur, onu belə sıralarına almağa tələsmirlər. Biz Gürcüstandan, Ukraynadan dahamı etibarlı olacağıq onlar üçün? Rusiyanın bizə dirədəcəyi nələr var? Gömrük İttifaqı - buyur! Avrasiya Birliyi - buyur! Təhlükədən yayınmaq üçün hansı addımlar atılmalıdırsa, ən yumşağını, optimalını seçərək müstəqilliyin bu dalğadan da salamat çıxmasını təmin etməliyik. Necə ki, iyirmi il öncə xeyli itkilərdən sonra Rusiyanı sakitləşdirmək üçün MDB-yə özümüzü gecikmiş də olsa, zorla soxa bilmişdik.

Rusiyanın təklif etdiyi mədəniyyət gücü deyil, hərbi gücdür. Əslində bəxtimiz orada gətirib ki, mədəniyyət gücü ilə Rusiya daha çox iliyimizə qədər işləmə şansından istifadə edə bilmədi. Hərbi güc həqiqətən də bir nəhəngin kiçiklərə qarşı seçəcəyi ən primitiv yoldur. Texnologiyanın bəsitliyi çağlarında hərbi yolla uğurun təmin edilməsi daha rahat sayılırdı. Ancaq indi Qərb ölkələrinin əlində bu qaba gücün söndürülməsi üçün xeyli sakitləşdirici vasitələr mövcuddur. Vəhşi ayı ilə üz-üzə gəlmə taktikasında ilk öldürücü atəşin hədəfə dəyəcəyinə təminat verilmirsə, yaralı pələngin hansı sürprizlər yaradacağını müəyyənləşdirmək çətin olmaz.

ABŞ tədricən Rusiyanın zəiflədilməsi variantına üstünlük verdi. Müttəfiqlərini də buna məcbur etməyə başlayıb. Vücudu taqətdən salacaq iqtisadi iynə artıq işə salınıb. Bu aqressiv tempi uzun müddət Rusiyanın davam etdirməsi üçün zəhəri qəbul edən orqanizmin nə qədər dözümlü olacağı hamını düşündürən əsas məsələdir.

Ağıllı siyasət meyarları ilə avtoritar Rusiyanın totalitar Çinlə kiçik bir müqayisəsini aparın. Çinin iqtisadiyyatı qat-qat güclü. Ordusu da daha böyük və daha təchizatlı. Ancaq silahla hansısa ölkəyə saldırmadı. Nəinki ərtafına, hər istəyənə belə pulunu-parasını dağıdır. Kredit verən, istehsal etdiyi hər şeyi dünyanın bütün ölkələrinə bazarlayan dünya nəhənginə çevrilib. Rusiyanın isə neft və qazla döyünən ürəyi onun beyninə sağlam qanı daşıya bilmədi və yenə də bu nəhəng ölkənin mədəni olmağa səbri çatmadı.

Bizdə tarixən qalıcı fəlsəfi məktəblər olmayıb. Hətta Türkiyədəki Mövlanaçılıq qədər düşüncəyə hakim olan bir əxlaq kodeksi də sistemlı davranışa çevrilməyib. Bizdə özümüzəməxsus dini təfəkkür və inanc prinsipləri tarixən formalaşmayıb. Biz əsrlərdir mahiyyətimizə görə Türk vücudu ilə düşünən Farsıq. Bizim milli təəssübkeşliyimiz hər zaman İran dininin alt qatlarından boy verə bilməyəcək. Ona görə də fərd olaraq İslamin əxlaqi faydasını görsək belə, cəmiyyət olaraq naqis və saxta din anlayışı ilə parçalanmış durumda olacağıq. Ortada bu gün bizim olan-qalan xəritəsinə lazımi möhür vurulmayan bir dövlətimiz var. Qısa bir təhlil aparsaq, görərik ki, tariximizdə üç dövlətçilik mərhələsi olub. Birincisi, türk identifikasiyası ilə tanıdığımız dövlətlər. Bunlara hunlardan, xəzərlərdən, səlcuqlulardan miras qalan elementlər aid edilə bilər. İkincisi, formaca türk, məzmunca fars identifikasiyalı dövlətlər. Bura da Səfəvilərdən Qacarlara qədər gələn bir qarışıq dövr aid olunur. Nəhayət, üçüncüsü azərbaycanlı identifikasiyası ilə formalaşan dövlətlərdir ki, bunun da tarixi 1918-ci ildən başlamaqdadır və bu günümüzün Azərbaycan dövlətinin davamında özünü ifadə edər. Türk identifikasiyası ilə varisliyini qismən daşıdığımız tarixə dönüş imkanımız yoxdur. Formaca türk, məzmunca fars dövlətçiliyinə varisliyimiz vücudumuzun ən sağalmaz xəstəliyidir. Qalır yaşadığımız azərbaycanlı identifikasiyası ilə qurulan müasir dövlətimiz. Bizi təşkilatlandıracaq, müqavimət potensialımızı yaradacaq tək dəyərimiz bu dövlətdir. Bu gün əgər Gürcüstanın, Ermənistanın dövlət müstəqilliyi üçün təhlükə yaranarsa, kilsə mexanizmi dövlətsiz qalmış bu cəmiyyəti alt qatlarda təşkilatlandıra bilər. Türkiyədə belə bir şey baş verərsə, tarixən formalaşmış camaatlar strukturu bu təşkilatlanmanı gerçəkləşdirə bilər. Farslar da tarixi-fəlsəfi məktəb ənənələrinə söykənərək bunu etmək şansına sahibdirlər. Bizim isə dövlətdən başqa təşkilatlandırıcı mexanizmimiz olmadığından, necə toparlana biləcəyimizi, qapalı müqaviməti necə təşkil edəcəyimizi düşünəndə heç cür optimist ola bilmirsən.

O zaman xarici təhlükə qarşısında bu sualı hamılıqla cavablandırmağı düşünməliyik: bu dövlət bizi indiyədək təşkilatlandıra bildimi? Bu dövlət indiyədək bizi onu qoruyacaq qədər fədakar duyğulara sahiblənməyimizə imkan verən bir mühit yaratdımı? Hansısa xarici təhlükə qarşısında hamılıqla özümüzə bəraət qazandıracaq bəhanəmizin bolluğuna deyinməyəcəyəm. Bəli, o dəfə rus ermənini qabağa verib üstümüzə gəlirdi, ona görə uduzduq. “Bu dəfə birbaşa özü üstümüzə gəlir, ona görə uduzacağıq” deməyə xor kampaniyamız həmişə hazır. Krıma girmək artıq elə bir presedent yaratmış ki, hər gün hansısa sürprizə hazır olmağımızı düşünməliyik. Ukraynaya hamı ancaq təsəlli verir, artıq Krımı qaytarıb verən yoxdur. Bizə Qarabağ məsələsində heç təsəlli də verən olmamışdı. Donetsk, Luqansk, Xarkov da olsun böyük formatda Laçın, Zəngilan, Kəlbəcər, Ağdam - işğal olunsa kim alıb geri verəcək? Ukraynada ordu da, dövlət mexanizmləri də nəhəng və qaba bir gücün qarşısında müqavimət imkanlarına sahib deyil. Və ən acınacaqlısı da budur: ortada təşkilatlanmamış, mobil səfərbər olunmayan bir xalq var, bir Ukrayna cəmiyyəti var.

Məhz Azərbaycanda da dövlət indiyədək edilənləri və edilməyənləri bir tərəfə buraxıb, bundan sonra edilməli olanlardan başlamalıdır. Ordu da, hakimiyyət mexanizmləri də bir işə yaramayanda, cəmiyyətin necə təşkilatlandırılması məsələlərini düşünməliyik. Bunun üçün bir məsələdən başlamağımız şərtdir: Dövlətin vətəndaşa qarşı ədalətli münasibəti, qanunun aliliyinin təmin olunması istiqamətində, heç olmasa, bu gündən başlayaraq ciddi addımlar atılmalıdır.

Ötən günlərdə rast gəldiyim bir vətənsevər və vicdanlı məktəb müəllimi xanımının xəstəliyinə müalicə pulu tapmadığına görə otuz ildir yaşadığı evi sataraq ağır şərtlərdə kirayədə yaşamağa məcbur olduğunu söylədi. Satdığı evin pulunu xanımının İranda bahalı müalicəsinə xərcləyəcək, çünki tibbi sığorta deyilən bir sistem bizdə çalışmır. O vətənpərvər insan elə bir qayğıya boyun əyib ki, hansı xarici gücün ölkəmizə təhlükəsi barədə düşünəcək halda olmadığını gözlərindən oxuyurdum. Demək ki, icbari tibbi sığorta olsaydı, Vətənin taleyinə də adam bu qədər biganə davranış göstərməzdi. Cəmiyyətin bütün təbəqələrinə yönəlik xırda-xırda ədalət, qayğı dalğası yayılmalıdır dövlət adından. İnsanlarda müqavimət duyğusunu, həyəcanını oyatmaq üçün bu vacibdir. Məsələn, inhisarçılıq azaldıla bilər, sahibkarın boynundan vergi yükü, valideynin boynundan təhsil yükü yüngülləşdirilə bilər. Elə olmalıdır ki, hər bir Azərbaycan vətəndaşı ölkəni gözləyə bilən təhlükəyə müqavimət göstərməsə də, duyarsız qalmasın.

Bütün postsovet məkanında müstəqillik fiksiyası yaşanır. Dövlətlərin, kiçik orduların, polislərin gücü də Ukrayna nümunəsində fiksiya sayıla bilər. Hər kəsin gözü müqavimət duyğusu güclü olan xalqı, cəmiyyəti, insanı axtarır. Müstəqilliyi qorumağın əlifbası onun dəyərini anlamaqdan başlayır. Rusiyanın bir müddət başı qarışıqdır. Anlamağa vaxtımız var...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar