Fizika İnstitutunda nöqsanlar aşkarlandı

elmlertAzərbaycan Milli Elmlər Akademiyasının akademik H.M.Abdullayev adına Fizika İnstitutu tərəfindən Əmək Məcəlləsinin bəzi tələbləri pozulub.

Bu barədə Hesablama Palatası tərəfindən dövlət büdcəsindən 2013-2015-ci illərdə İnstituta ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair həyata keçirilmiş auditin nəticələri haqda məlumatda deyilir.

Auditə əsasən, İnstitut tərəfindən tarif dərəcələri düzgün tətbiq olunmayıb, Əmək Məcəlləsinin bəzi tələblərinə əməl edilməməsi nəticəsində işçilərə əlavə əmək haqqı ödənilib, keçirilmiş beynəlxalq səviyyəli tədbirlərdə yerli iştirakçıların sayının çox göstərilməsi nəticəsində artıq büdcə vəsaiti xərclənib.

Auditlə əhatə olunan dövrdə 6 elmi proqrama 1 622,4 min manat vəsait sərf edilib, bu məbləğin 44,5%-ni əmək haqqı və 9,8%-ni sosial-sığorta xərcləri təşkil edib, 17,8%-i malların, 21,2%-i əsas vəsaitlərin və 6,7%-i proqram təminatının alınması ilə bağlı olub. Elmi proqramların araşdırılması zamanı bir halda internetə çıxışının təmin olunmaması səbəbindən proqramın daimi işlək vəziyyətdə olmadığı, proqram təminatının istifadəsinə xüsusi lisenziyanın tələb olunmadığı halda bu məqsədlə vəsait xərc edildiyi, eyni zamanda elmi proqramlar üçün ayrılmış ezamiyyə xərclərinin digər işçilərin ezamiyyə xərclərinin ödənilməsinə yönəldildiyi müəyyən olunub.

Maliyyə hesabatlarının təhlili zamanı müəyyən edilib ki, İnstitutun ehtiyatları əvvəlki dövr ilə müqayisədə 30,2 min manat və ya 15%, əsas vəsaitləri 9 449,5 min manat və ya 3 dəfə artıb, debitor borclar 7 732,0 manat və ya 38%, qısamüddətli kreditor borclar isə 2 375,0 manat azalıb. Qeyd edilib ki, əsas vəsaitlərin artımı əvəzsiz verilmiş vəsaitlər hesabına olub, eyni zamanda gəlir vergisi və sosial sığorta haqqı üzrə ilin sonuna debitor borc yaranıb.

Hesablama Palatasının Kollegiyası İnstitut tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, akademik H.M. Abdullayev adına Fizika İnstitutu AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin strukturuna aid olan 6 institutdan biridir. İnstitut dövlət büdcəsindən ayrılmış vəsaitləri 2013-cü ildə 99,4%, 2014-cü ildə 97,4% və 2015-ci ildə 97,6% səviyyəsində icra edib, auditin əhatə etdiyi hər bir il üzrə AMEA tərəfindən İnstitutun xərclər smetasında müvafiq qaydada bir neçə dəfə dəqiqləşdirmə aparılıb. Audit tədbiri ümumilikdə 11 719,2 min manat məbləğində vəsaiti əhatə edib, Fizika İnstitutunun 2015-ci il üçün saxlanılması xərcləri 2013-cü illə müqayisədə 0,97% çox, 2014-cü illə müqayisədə isə 1,15% az olmaqla 3 903,9 min manat təşkil edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar