Ziya Məmmədov rəqiblərini inzibati üsullarla çökdürür

Nəqliyyat naziri öz zavodunu lider etmək üçün bentonitin dəmir yolunda ixrac tariflərinin qiymətini artırdıb

Nəqliyyat naziri Ziya Məmmədov bentonit biznesində lider olmaq üçün vəzifə səlahiyyətlərindən istifadə edərək rəqiblərini inzibati üsullarla çökdürür. Məlumat üçün deyək ki, Xırdalanda fəaliyyət göstərən “Azbentonit” zavodu Ziya Məmmədova məxsusdur. Tikintidə və digər sahələrdə istifadə edilən bentonit əsasən Rusiya və Belorusiyaya ixrac edilir.

Azərbaycanda bentonitin satış həcmi 2-3 faiz civarındadır.

Məlumatlara görə, Ziya Məmmədov dəmir yolunda ixrac tariflərinin qiymətini artırdığından bentonit istehsalı ilə məşğul olan rəqib şirkətlərin mənfəəti heçə düşüb.

“AzRosPromInvest” Direktorlar Şurasının sədr müavini, “Daş Salahlı Bentonit” ASC-nin Idarə Heyətinin sədri Arif Rəhimovun Turan-a verdiyi açıqlama da məlumatların əsassız olmadığını göstərir. Arif Rəhimov deyib ki, ötən ilin sonunda “Azərbaycan Dəmir Yolları” heç bir əsas olmadan ölkə xaricinə daşıma xidmətini artırıb. “Nəticədə 1 ton bentonitin daşınma xərci 15-dən 22 manata qalxıb. Nəqliyyat xərcləri maya dəyərində 15 faizi keçib”, - deyə Arif Rəhimov əlavə edib. Onun sözlərinə görə, indiyə qədər ixracdan mənfəət 1 ton üçün 5 manat idisə, indi 1,8 manata azalıb.

2012-ci ildə “AzRosPromInvest” 290 min manat xalis mənfəət əldə edib, ötən il 455 min manat ziyana düşüb. Hərçənd ixrac həcmi eyni olub - 50 min ton. Rusiyalı həmtəsisçi hasilatın təşkili və bentonit istehsalına 26 milyon dollar vəsait qoyub. 2008-ci ildə yüksək keyfiyyətli məhsul istehsal edilən sex işə düşüb. Müəssisənin istehsal gücü ildə 370 min tondur. O cümlədən: bentonit gili - 270 min ton, bentonit gil tozu - 80 min ton və dənəvər betonit məhsulu - 20 min ton.

Azərbaycanda bentonitdən əsasən körpü-tunel, yol tikintisində istifadə edilir. Bu sahə də Ziya Məmmədovun nəzarətində olduğu üçün təbii olaraq “Azbentonit”in məhsuluna üstünlük verilir. Beləliklə də, digər zavodlar həm ölkə daxilində, həm də ixracdan heç bir mənfəət götürməkdən məhrum edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar