«Hakimiyyət tamamilə azğınlaşıb»

“Dünya, o cümlədən Rusiya ictimaiyyəti bizə kömək etməlidir”

Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov “Regnum” agentliyinə gələcək iqtidarın planları barədə danışıb

Demokratik Qüvvələrin Milli Şurasının sədri və prezidentliyə namizədi Rüstəm İbrahimbəyov Rusiyanın “Regnum” informasiya agentliyinə müsahibə verib. Müsahibəni təqdim edirik:

- Azərbaycanda müxalifətin prezidentliyə namizədisiniz. Nəyə görə Siz, dünyaca məşhur mədəniyyət sahəsinin adamı siyasətlə məşğul olmaq qərarına gəldiniz? Sizi buna nə vadar etdi?

- İlk növbədə məni buna son illər Azərbaycanda yaranan dözülməz ictimai-siyasi situasiya vadar etdi. Vətəninin, ölkəsinin taleyindən az ad olsa narahat olan hər bir Azərbaycan vətəndaşı mənim kimi reaksiya verir. Ön sıraya çəkilməyim isə görünür insanların mənə münasibəti ilə bağlıdır. məsələ burasındadır ki, əvvəllər də, sovet vaxtlarında da öz əsərlərimdə həqiqəti deməyə çalışırdım. Azərbaycanda artıq 20 ildir xalqın faktiki olaraq seçki keçirmək və ölkədə nəyisə həll etmək imkanından məhrum olması, ölkənin korrupsiya içində batması səbəbindən bütün bunlar barədə danışmağa başladım, artıq bunu yazıçı kimi yox, güclü ictimai temperamenti olan şəxs kimi çıxış edirdim. Bu da hakimiyyətin mənə qarşı çox neqativ münasibətinə gətirib çıxardı. Biz, bir qrup ziyalı Ziyalılar Forumunu yaratdıq və 2-3 ay müddətində hakimiyyəti cəmiyyətlə dialoqa getməyə inandırmağa çalışırdıq. Təəssüf ki, hakimiyyət bütün bunları süngü ilə qarşıladı. Bir çoxlarını təqib etməyə başladılar: işdən çıxarmaq, təşkilatları dağıtmaq, hansısa cinayət iddiaları irəli sürmək. Onda vahid birlik yaratmaq ideyası yarandı. Bu Milli Şura son 20 ildə ilk dəfə olaraq Azərbaycanda ən parlaq, görkəmli demokratik qüvvələri – həm təşkilatları, həm də ayrıca tanınmış şəxsiyyətləri birləşdirdi ki, bu seçkilərə vahid namizədlə getsin. Seçim mənim üzərimə düşdü. Beləliklə, mən əvvəl Milli Şuranın sədri, sonra isə vahid namizəd oldum.

- Bütövlükdə Azərbaycandakı mövcud siyasi situasiyanı, o cümlədən seçki kampaniyasını necə qiymətləndirirsiniz?

- İctimai-siyasi situasiya dözülməzdir. Hakimiyyət tamamilə azğınlaşıb, insanları həbsxanaya salırlar, partiya, hərəkat sədrlərinə görüşlər üçün şəhərdən kənara çıxmağa imkan vermirlər. Həbslər, təqiblər, ittihamlar... Azərbaycandakı situasiya dəhşətlidir. Hakimiyyət demokratiyadan danışır, əslində isə tələsik milli sərvətləri talamağı, kapitalı ölkədən çıxarmaqla məşğuldur. Amansız repressiyalar fonunda millət yoxsullaşmaqdadır.

- Azərbaycan qanunvericiliyini pozmadan prezidentliyə namiəzd olmaq üçün Rusiya vətəndaşlığından imtina etmək qərarı vermisiniz. Rusiya vətəndaşlığından çıxmaq prosesi necə davam edir və Bakıya nə vaxt getmək fikrindəsiniz?

- Bu qərarı qəbul etmişəm və onu həyata keçirirəm. Rusiya qanunlarına görə bütün prosedurlarda öz iştirakım tələb olunduğundan, bu prosedurları başa çatdırıb artıq qeydiyyata düşmək imkanı ilə Azərbaycana gedəcəm.

- MSK namizədliyinizi qeydə alsa və vətənə qayıdıb kampaniyada iştirakınıza imkan versələr, seçkilərdə qələbə şansınız nə dərəcədə yüksəkdir?

- Vətənə qayıtmağıma imkan verəcəklər. Ancaq seçkidə iştirakmıa imkan verəcəklərmi? Bu, çətin məsələdir. Ancaq ümid edirəm ki, xalq, həmçinin beynəlxalq ictimaiyyət, mətbuat hadisələrin bu istiqamətdə inkişafına imkan verməyəcək. Biz dünyanın digər ölkələrində olanı istəyirik. Bu ölkələrin xalqları, hətta monarxiyalarda öz hakimiyyətlərini seçmək imkanına malikdir. Biz seçkilərdə normal iştirak etməyimizə imkan verməklərini istəyirik. Dünya, o cümlədən Rusiya ictimaiyyəti bizə bu məsələdə kömək etməlidir.

Öz şanslarımı çox yüksək qiymətləndirirəm. Ona görə yox ki, öz şəxsiyyətimə yüksək dəyər verirəm. Xalq bu hakimiyyətdən o qədər bezib ki, real namizədin ortaya çıxması ona seçkilərdə real qələbə qazanmaq imkanı verir. Başqa məsələdir ki, hakimiyyətin böyük təcrübəsi, böyük pulları, inzibati resursları var və bu seçkiləri saxtalaşdırmaq üçün hər şeyə gedəcək. Burada da xalq sözünü deməlidir.

- Hakimiyyət Sizin rəhbərlik etdiyiniz Kinomatoqrafçılar İttifaqına qarşı dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı cinayət işi açıb və bu da Bakıya gedəndə həbsinizə səbəb ola bilər. Bundan əlavə, hakimiyyətin təbiğatçıları Sizin Moskvada yaşayan azərbaycanlı milyarderlərin dəstəklədiyi «Rusiyanın adama» olmağınızla bağlı şaiyələr yayır. Bunu şərh edərdiniz.

- Onlar müxtəlif uydurmalara gedir, Kinomatoqrafçılar İttifaqına qarşı hər hansı iddia irəli sürmək üçün heç bir əsas yoxdur. Onlar nə olsa uydura bilərlər. Biz burda Tbilisidə toplantıq, onlar şaiyə yaydılar ki, biz o dərəcədə ermənipərəstik ki, görüşümüzü sahibi erməni olan oteldə keçiririk. Biz deyirik ki, müşavirələrimizi müxtəlif yerərdə keçiririk və heç vaxt otelin sahibinin milliyyətini müəyyənləşdimək ağlımıza gəlmir. Yalnız bizim hakimiyyət təbliğatının pozğun beyni belə üsullardan istifadə edə bilər. Baxaq görək hakimiyyət mənə qarşı daha hansı iddialar irəli sürəcək. Rusiyadakı Azərbaycan əsilli milyarderlərin mənə kömək etməsinə gəldikdə, bu, doğru deyil. Əgər onlardan hansısa Azərbaycandakı prezident seçkilərinə az da olsa pul ayırmağa hazırdırsa, mən bu pulu qəbul edərəm. Ancaq təəssüf ki, bu insanlar özləri, öz işləri ilə məşğuldurlar.

- Daxili və xarici siyasətdə seçkiqabağı kampaniyanızın əsaslarını təsvir edin.

- Milli Şura yaranmasından dərhal sonra bəyannamanə qəbul etdi və orada aydın qeyd olunur ki, seçiləcək prezident iki il keçid dövrü müddətində hakimiyyətdə olacaq. Bu müddətdə prezidentin səlahiyyətlərini azaltmaq və onları parlament və hökumətə vermək üçün hər şey ediləcək. Bu müddət başa çatandan sonra yeni prezident seçiləcək, ölkə daha demokratik olsun deyən referendum yolu ilə zəruri konstitusiya dəyişiklikləri ediləcək, korrupsiya ilə amansız mübarizə elan olunacaq. Azərbaycan Avropa xalqları ailəsinə daxil olmaq niyyətindən geri çəkilmir. Bunu bizə 1918-1920-ci illərdə ilk demokratik Azərbaycan Respublikasının yaradıcısı da vəsiyyət edib. Yaxın qonşularımıza gəldikdə, onlarla maksimum dərəcədə yaxşı münasibətləri qorumağa çalışacağıq. Biz Rusiyanın dünyada və bu regionda rolunu aydın başa düşürük, dost münasibətləri qoruyub saxlamağı, Azərbaycanın maraqlarını əsas götürərək əməkdaşlıq etməyi planlaşdırırıq. Məncə, Azərbaycanın maraqları heç bir halda Rusiya ilə yaxşı münasibətlərə zidd deyil. Eynilə hesab edirəm ki, bizim Türkiyə, İran və Gürcüstanla da yaxşı münasibətlərimiz olmalıdır. Qarabağ məsələsinə gəldikdə, məsuliyyətlə bəyan edirəm ki, münaqişənin həllinin bu qədər uzanmasına səbəb mövcud situasiyanın Azərbaycandakı korrupsiyalaşmış hakimyiyəti qane etməsidir. Ermənistan belə situasiyanın qalmasını istəyirsə, görünür, bu, onu da qane edir. Bu böyük pullar, nəzarətsiz maliyyə axını mənbəyidir. Məsələnin həlli prosesini imitasiya etməklə Azərbaycan tərəfi onun həlli üçün heç nə etmir. Nəyə görəsə bunun hamısı dar çevrə tərəfindən qəsb edilib. Biz xalqın bu prosesə qoşulmasının tərəfdarıyıq, bütün bunlar vətəndaş diplomatiyası səviyyəsində həll olunmalıdır. Tərəflər bir-birini təhqir etməyə son qoymalıdır və tamamilə fərqli intonasiyaya keçməlidir. Mən yaxşı anlayıram ki, bu mürəkkəb geosiyasi məsələdir və dünyanın güclü dövlətlərinin xoş iradəsi və istəyi olmadan bu məsələni həll etmək çox çətindir. Bununla belə biz Azərbaycandakı durumu sağlamlaşdırmalıyıq ki, dünya ictimaiyyəti bizə ərazi bütövlüyümüzü qorumağa, təcavüzkarın işğal etdiyi torpaqlarımızı qaytarmağa yardım etsin, daha sonra isə Qarabağın özü ilə bağlı məsələlərə diqqəti yönəldək. Bizim nöqteyi-nəzərdən Qarabağ müvəqqəti işğal olunub. Bu bizim ərazimizdir, bizim əhaldir və milliyyətindən asılı olmayaraq onlar Azərbaycan vətəndaşıdırlar. Ümid edirəm ki, indi Azərbaycandan oğurlananlar xalqa qaytarılacaq, bu da başqa cür həyat səviyyəsinə imkan verəcək. Azərbaycanın ərazi bütövlüyünü qoruyub saxlamaqla, Dağlıq Qarabağa onun inkişafı üçün maksimum hüquq və imkan verəcəyik. Bu sahədə bizim müəyyən imkanlarımız var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar