BEYNƏLXALQ BANK HAFİZ MƏMMƏDOVU MƏHKƏMƏYƏ VERDİ - 100 milyonlarla manatlıq çəkişmə

Oliqarxa məxsus “Baghlan Group FZCO”-nun iflas etməsi dövlətə məxsus bankdan alınan külli miqdarda vəsaitin də batmasına səbəb olacaq

Nəqliyyat naziri Ziya Məmmədovun biznes şəriki kimi tanınan məşhur iş adamı, Fransanın “Lans” futbol klubunu alandan sonra bu ölkə mediasında az qala Napoleon qədər məşhurlaşan “Baghlan Group FZCO”-nun və “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədovun başı yenidən dərddədir.

Özəl mənbələrdən “AzPolitika.info”ya daxil olan məlumata görə, Azərbaycan Beynəlxalq Bankı Hafiz Məmmədovu məhkəməyə verib. Buna səbəb isə “Hafka”ləqəbli iş adamının bankdan götürdüyü külli miqdarda krediti vaxtından xeyli müddət keçməsinə baxmayaraq, geri qaytarmamasıdır.

Mənbə dəqiq rəqəm söyləməkdə çətinlik çəksə də, söhbətin bir-neçə 100 milyon manatdan getdiyini bildirir. Bankın dəfələrlə xəbərdarlığına baxmayaraq, Hafiz Məmmədov nə əsas kredit borcunu, nə də faizlərə görə yıxılıb qalan vəsaiti geri qaytarmayıb. Bu da bank rəhbərliyini son tədbirə əl atmağa vadar edib.

Qeyd edək ki, bu yaxınlarda “Fitch Ratings” reytinq agentliyi də Hafiz Məmmədovun “Baghlan Group”unun reytinqini geri çağırib. Və maraqlıdır ki, bu zaman səbəb kimi məhz “Baghlan Group”un yerli banklara olan KREDIT BORCLARINI VƏ KREDITLƏR ÜZRƏ FAİZLƏRİNİ ÖDƏYƏ BİLMƏMƏSİ GÖSTƏRİLİB.

Düzdür, “Hafka”nın şirkətinin hansı banka borclu olduğu haqda məlumat verilməyib. Ancaq bu məbləğin kifayət qədər böyük olduğuna eyham vurulub. Bellə ki, hələ ötən ilin noyabrında “Fitch Ratings” H.Məmmədovun holdinqinin kredit reytinqini aşağı salarkən bildirirdi ki, “Baghlan Group” Bakının mərkəzində inşa etdiyi elit yaşayış kompleksində mənzillərin satışına başlayıb. Lakin bu aktivlərdən əldə edilən vəsait şirkətin maliyyə vəziyyətinin yaxşılaşmasına səbəb olmayacaq və vəsaitlər banklara OLAN FAİZ BORCUNU ÖDƏMƏYƏ ANCAQ BƏS EDƏCƏK.

Bəzi məlumatlara görə, “Baghlan Group” Bakının mərkəzində “Park Azure” adlı elit yaşayış kompleksi inşa edir. Həmçinin şirkət Dubayda da tikinti biznesi ilə məşğuldur.

H.Məmmədovun Bakının mərkəzində inşa etdiyi elit yaşayış kompleksində mənzillərini satışa çıxarıb-çıxarmadığını bilməsək də, onun banklara olan borcunu ödəmədiyi məlumdur. Hər halda Beynəlxalq Bankın Hafiz Məmmədovu məhkəməyə verməsi bunu söyləməyə əsas verir.

Qeyd edək ki, Hafiz Məmmədovun şirkətləri ilə bağlı yayılan məlumatlar onun bir-neçə yüz milyon dəyərində olan bu vəsaiti nə vaxtsa ödəyəcəyinə də şübhə yaradır. Xatırladaq ki, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Hafiz Məmmədovun şirkətlər qrupunun DEFOLT HƏDDİNDƏ olduğu açıqlayıb.

Bu səbəbdən də Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş və Azərbaycanda neft daşımalarından tutmuş, “London taksiləri”nin istismarına qədər, bir çox biznes sahələrində fəaliyyət göstərən “Baghlan Group FZCO”-nun emitent defoltunun uzunmüddətli reytinqini B-dən RD-dək (məhdud defolt) aşağı salıb.

“Fitch Ratings” həmçinin şirkətin ötən ilin dekabrında planlaşdırılan, lakin həyata keçirilməyən təmin edilmiş istiqrazlarının gözlənilən B-(EXP) emissiya reytinqini geri çağırıb. Müvafiq olaraq “Fitch Ratings” daha mövcud emitentə - “Baghlan Group”a reytinq vermir və onunla bağlı təhlil aparmır.

Məlumatda deyilir ki, “Baghlan”ın reytinqinin aşağı salınması borc öhdəlikləri üzrə ödənişlərin həyata keçirilməməsini əks etdirir: “Reytinq ona görə geri çağırılıb ki, “Fitch Ratings”in reytinqləri dəstəkləmək üçün kifayət qədər informasiyası yoxdur”.

Agentlik qeyd edir ki, “Baghlan” 2013-cü il, dekabrın 27-də istiqrazlar üzrə 19 milyon dollar həcmində faiz ödənişini həyata keçirməyib. İstiqrazlar 150 milyon dollar həcmində olan kreditdə iştirakı təmin edir. 2014-cü il, martın 7-də isə 8 milyon dollar həcmində kiçik ödəniş edilib.

Qeyd edək ki, “Fitch Ratings” agentliyinin “Baghlan Group”un reytinqini geri çağırması onun xarici banklardan kredit almasını da qeyri-mümkün edəcək. Bu da onun yerli banklara, o cümlədən də Beynəlxalq Banka olan borcunu qaytarmasını faktiki olaraq mümkünsüz edir.

Baxmayaraq ki, Azərbaycanın ən varlı oliqarxlarından biri olan H.Məmmədovun şəxsi hesablarında 100 milyonlarla vəsaitin olduğu şübhə doğurmur. Hətta Fransa mətbuatı yazmışdı ki, onun Avropa banklarının birindəki qarantiyalı bank hesabında 1 milyard avro pulu var.

Ancaq oliqarxın bu pulları iflas həddində olan şirkətinin borclarını qaytarmağa yönəldəcəyi inandırıcı deyil. Hətta mümkündür ki, “Baghlan Group”un adına banklardan külli miqdarda vəsait alıb başqa istiqamətlərdə xərclədiyindən, həmin pulları qaytarmamaq üçün qəsdən bu şirkəti iflas həddinə salıb. Hər halda cəmi 6 il əvvəl yaradılan və ən gəlirli sahələrdə fəaliyyət göstərən bu holdinqin birdən-birə iflas etməsi xəbərinin yayılması təəccüblüdür. Şirkətin iflasının elan olunması onun Beynəlxalq Banka olan borclarını da faktiki olaraq batması olacaq. Beynəlxalq Bank isə dövlətindir. Deməli batan, daha dəqiqi “yüksək reytinq-iflas” oyunları ilə ortadan cıxarılan yenə dövlətin pulu olacaq. Elə belə oyunların nəticəsidir ki, Beynəlxalq Bankın vaxtı keçmiş kreditlərinin həcmi 600 milyon manatı keçdiyi bildirilir.

Məlumatla bağlı Beynəlxalq Bankın mövqeyini öyrənməyə cəhd etsək də, telefonlara cavab verən olmadı. Ancaq Beynəlxalq Bankın bu xəbəri rəsmən təsdiqləyəcəyi də şübhəlidir.

İ. İsmayılbəyli

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar