ƏLİ ABBASOVUN ELMƏ QAYITMASI

Etibar EliyevEtibar ƏLİYEV

Kütləvi İnformasiya Vasitələrində akademik Əli Abbasovun guya evini satması barədə məlumat yayılmışdı. Əli Abbasovsa saytların birinə açıqlamasında məlumatların yalan olduğunu bildirib:

“Mənim elə mülklərim yoxdur ki, onları satışa çıxardım. Hansısa qəzet və sayt adıma mülk qoşmasın. Hamı kimi mənim də evim var. Mən onu niyə satmalıyam? Bu gün mənimdir, sabah da övladlarım, nəvələrim yaşayacaq bu evdə. Mən hazırda elmi işlərlə məşğulam. Belə məlumatlar tamamilə yalandır”.

Deməli, Əli müəllim evini satmayıb. Əla. Məncə ev məsələsindən daha maraqlı olan onun elmə qayıdışıdır. Bizdə yüksək vəzifə tutanların böyük əksəriyyəti həm də yüksək elmi titullar daşıyırlar. Vəzifədən çıxan kimi bəyan edirlər ki, artıq elmlə məşğul oluruq. Belə çıxır ki, vəzifə onların elmlə məşğul olmalarına imkan vermirmiş. Əli müəllimin elmi fəaliyyətinə diqqət edək: O, 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilib. Pannonia Universitetinin Fəxri Doktoru, Moskva Energetika Universitetinin Fəxri Doktoru, Odessa Milli Rabitə Akademiyasının Fəxri Doktoru, Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin Fəxri Doktoru seçilib. Əli Abbasov 23 fəlsəfə doktoru, 3 elmlər doktoru yetişdirib. Əslində akademik üçün bu zəif göstəricidir. Akademik Telman Əliyev 35 fəlsəfə doktoru, 6 elmlər doktoru yetişdirib. Burada başqa bir maraqlı məqamı da qeyd edim. AMEA-nın saytındakı məlumata görə (http://science.gov.az/) Əli Abbasovun əsas elmi əsərlərinin sayı 23-dür. Onun demək olar tək məqaləsi yoxdur. Şərikli məqalə yazmaq halları bizdə çox dəbdədir.

Ancaq buna baxmayaraq onu sanballı alim kimi qiymətləndirirlər. İndi gəlin reallığa diqqət edək. Akademik Abbasov elmlə necə məşğul olacaq? Bizim elmi jurnallar onun məqalələrini çap edəcəklərmi? O, elmi kadrlar yetişdirə biləcəkmi? Hansı magistr, yaxud doktorant onu elmi rəhbər seçəcək? Yaxud yetişdirdiyi alimlərdən kimsə adını elmi məqalədə onunla yanaşı qoyacaqmı? Bütün bunların heç biri baş tutan iş deyil...

eliabbasov3

Bizim təcrübə göstərir ki, elm siyasi karyera qazanmaq üçün əla platformadır. Məsələn, deputatların çoxu seçildikdən sonra elmi dərəcələr qazanıb, yaxud dərəclərini artırıblar.

Misir Mərdanov təhsil naziri vəzifəsindən azad olunduqdan sonra demişdi ki, elmlə məşğul olacaq. Hansı elmlə? Riyaziyyat elmi onu gözləyirdi? Elm birmənalı şəkildə ardıcıllıq tələb edir. Dünyanın böyük alimləri ilk elmi məqalələri dərc olunandan ömürlərinin sonuna qədər tədqiqat aparıb, mütəxəssislər yetişdiriblər. Yazıçılar da belədir.

Nobel mükafatı laureatı Jores Alfyorov Moskva Fizika-Texnika İnstitutunda direktorluq müddəti bitdikdən sonra demişdi ki, orta məktəbdə fizika dərsi deyəcək. Akademik və orta məktəb. İndi bizim Əli Abbasovu Fizika -Riyaziyyat təmayüllü liseyə müəllim götürərlərmi? Elmin “bumeranq effekti” daha dəhşətli olur.

Əslində hökumət vəzifədən getmiş professor və akademiklərə elm və təhsillə məşğul olmaq üçün şərait yaratmalıdır. Onda kimin həqiqi elm sahibi olması dərhal özünü göstərəcək.

Bir məsələni də xatırlatmaq yerinə düşər. Yüksək vəzifə tutan elmi dərəcəlilər həm də ali məktəblərdə kafedra müdiri vəzifələrini tuturlar. Kafedra müdiri vəzifəsi “yaman gün” üçün nəzərdə tutulur. Kafedraya qayıtmaq isə çox adama nəsib olmur.

Yazını bu il dünyasını dəyişmiş böyük Misir alimi, kimya üzrə Nobel mükafatı laureatı Əhməd Zevaylın bu fikirləri ilə tamamlayıram: “Alim olmaq xoşdur. Lakin mən dərk edirəm ki, bu iş vəzifələrlə uyuşmur. Nobel mükafatı təkcə şərəf yox, həm də məsuliyyət, dünyada tərəqqini dəstəkləmək imkanı gətirir. Bu, nailiyyətlər yolun sonu deyil. Yeni bilik axtaranlar üçün şövq - ruhun əbədi halıdır. Böyük Misir pedaqoqlarından biri, doktor Taha Hüsseyn uğurlarından məst olmuş adamlar haqqında demişdi: “Vay özündən razı qalmış alimin halına!”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar