"Rəsul Quliyev əvvəl Əbülfəz Elçibəyi, sonra isə Heydər Əliyevi satdı”

Milli Məclisin keçmiş sədri Rəsul Quliyev mətbuata açıqlamasında 1992-1993-cü illərdə ölkəyə rəhbərlik etmiş Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətini qorxaq, aciz və qətiyyətsizlikdə ittiham edib. O bildirib ki, AXC hakimiyyəti azacıq təzyiq olan kimi mövqelərini itirib, Surət Hüseynovun qarşısında acizlik, qorxaqlıq göstərib.

AXC hakimiyyəti zamanında dövlət müşaviri olmuş Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə Rəsul Quliyevin bu açıqlamasına kəskin reaksiya verib.

Arif Hacılı aznews.az-a açıqlamasında bildirib ki, Əbülfəz Elçibəy hakimiyyətini yalnız Surət Hüseynovun qiyamçı dəstəsi devirməyib. Rəsul Quliyev də bunu çox yaxşı bilir: “Elçibəy hökumətinin devrilməsində Rusiya və İranın Azərbaycanda olan bütün agentura şəbəkəsi maraqlı idi. Onlar bu istiqamətdə fəaliyyət göstərirdi. Eyni zamanda həmin dövrdə Azərbaycanın əsas müxalifət partiyaları olan Yeni Azərbaycan və Milli İstiqlal partiyaları da faktiki olaraq, qiyamçılara dəstək verməklə Azərbaycanın xalq tərəfindən seçilmiş demokratik prezidentinin devrilməsində mühüm rol oynadılar.

Rəsul Quliyev həmin dövrdə Elçibəy tərəfindən baş nazirin müavini kimi yüksək bir görəvə gətirilmişdi. Ancaq Rəsul Quliyev hələ qiyamdan əvvəl faktiki olaraq, hakimiyyətə qarşı olan qüvvələrlə sıx əlaqədə idi. İstər Heydər Əliyevlə, istər Surət Hüseynov, istərsə də həmin dövrdə ”Cənub" mehmanxanasında yerləşən “OMON”çularla bilavasitə əlaqə saxlayaraq, hökumət əleyhinə siyasi prosesdə bilavasitə iştirak edirdi. Həmin dövrdə baş verən qiyamın əsas dəstəkçilərindən biri də Rəsul Quliyev idi. Halbuki o, hərbi qiyama qarşı mübarizə aparmağa borclu olan adamlardan biri idi. Amma əksinə, o, həmin dövrdə qiyamçılar tərəfindən hökumətə qarşı əlindən gələni etdi. Siyasi müxalifətin hərbi müxalifətlə birləşməsində mühüm rol oynadı".

Sabiq dövlət müşaviri keçmiş parlament sədrini xəyanətkar da adlandırıb: “Rəsul Quliyev həlledici məqamda təmsil olunduğu hakimiyyətə xəyanət edərək qiyamçı qüvvələrin tərəfinə keçdi. Rəsul Quliyev əvvəlcə Əbülfəz Elçibəyi, sonra isə Heydər Əliyevi satdı”.

Əbülfəz Elçibəy iqtidarının baş naziri Pənah Hüseyn isə o dövrdə müavini olmuş Rəsul Quliyevin AXC hakimiyyətini qorxaq adlandırmasına heç bir münasibət bildirmədi: “Mən artıq xeyli vaxtdır ki, Rəsul Quliyevin hər hansı fikrinə şərh vermirəm”.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar