Banişevskini kim tanımır?

ebil-h-200x300-200x2151Əbil HƏSƏNOV

Hər il təxminən eyni cür olurdu. Sağlığında diqqət görməyən, xəstəliklərdən əziyyət çəkən məşhur futbolçu Anatoli Banişevskinin anım günündə AFFA-nın İcraiyyə Komitəsinin üzvləri, veteran futbolçularla birlikdə onun qəbrini ziyarət edər, şablon nitqlər söyləyər və bununla da işlərini bitmiş hesab edərək dağılışardılar.

Belə günlərdən birində ötən illərin məşhur futbolçusu Ələkbər Məmmədov da tədbirə qatılmaq üçün AFFA-nın qərargahına üz tutmuşdu. Qapıda dayanan mühafizəçilər onu tanımayaraq içəri buraxmırdılar. Ələkbər müəllim nə qədər izah etməyə çalışsa da, keçmiş futbolçu olduğunu desə də, xeyri olmurdu, onu içəri buraxmaq istəmirdilər. "Milanın qapısına dörd qol vurmuşam" deməsi də vəziyyəti dəyişmədi ki, dəyimədi.

Elə bu an ömürləri boyu heç on dəqiqə televiziyada futbol reportajına baxmayan, futboldan heç bir anlayışları olmayan AFFA İcraiyyə Komitəsinin üzvləri Əhmədlə, Səməd (adlar şərtidir) bu günkü tədbirdə iştirak etmək üçün içəri daxil olub, bu xoşagəlməz hadisənin şahidi oldular. Əhməd mühafizəçinin Ələkbər Məmmədovu incitdiyini görüb "Ə, ağsaqqalı niyə incidirsən?" deyə, soruşdu.

Ələkbər Məmmədov üzünü Əhmədə tutaraq yazıq-yazıq dedi: "Mən ötən illərin məşhur futbolçusuyam. İtaliyanın "Milan" komandasının qapısından bir oyunda dörd qol keçirmişəm. AFFA İcraiyyə Komitəsinin üzvüyəm. Bunlar məni içəri buraxmırlar".

Əhməd mühafizəçinin üstünə qışqırdı: "Ə, bəs niyə ağsaqqalı içəri buraxmırsan?"

Mühafizəçi cavabında onu tanımadığını bildirdi. Əhməd isə "Ə, sən tanımırsan, mən tanıyıram. Burax girsin içəri", deyə ona təlimat verdi.

Mühafizəçi isə çarəsizlikdən onu əmrinə tabe olaraq Ələkbər Məmmədovu içəri buraxdı. Ələkbər müəllim Əhmədə minnətdarlığını bildirərək pilləkanlarla yuxarı qalxdı. Bu vaxt Səməd Əhməddən soruşdu.

- Qardaş, sən o kişini tanıyırdın?

- Hansı kişini?

- O ağsaqqalı deyirəm də, içəri buraxdırdığını?

-Niyə tanımıram. Ötən illərin məşhur futbolçusu, İtaliyanın "Milan" komandasının qapısına dörd qol vuranı kim tanımır ki? Bəs eşitmədin?

-Eşitdim.

-Bəs onda niyə soruşursan?

- Bəs o ağsaqqalın adı nədi?

Əhməd bir anlıq susduqdan sonra dedi: "Ə Banişevskidi də... Banişevskini tanımırsan?"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar