«HARDAN BİLƏYDİM Kİ, ELDAR MAHMUDOV "GOREŞƏNDİR"?» - Sabiq nazirə məktub yazan hakim

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun MTN-nin sabiq rəhbəri Eldar Mahmudova yazdığı məktub mediada və sosial şəbəkələrdə böyük rezonansa səbəb olub.

Qeyd edək ki, insan hüquqları müdafiəçisi Oktay Gulalıyevə istinadən Gununsesi.info-da dərc olunan məktubda MTN tərəfindən qanunsuz həbs olunan bir qrup məhkumun məhkəmə prosesinə sədrlik edən hakim Ənvər Seyidovun təqsirləndirilən şəxslərə bağlı qapılar arxasında 10- 14 il həbs cəzası verəndən sonra nazir Eldar Mahmudovdan dinc günahsız insanları şərləyib həbs etdiyinə, onlara böhtan atıb, ağır işgəncəyə məruz qoyduğuna görə MTN- nin Anti- Terror Mərkəzinin bir qrup əməkdaşının “vicdanlı” və “ləyaqətli” hərəkətlərinə görə mükafatlandırılmasını xahiş edib.

Məktubda adları keçən insanların böyük əksəriyyəti isə Eldar Mahmudovun dəstəsinin üzvləri olub. MTN dağılandan sonra həmin şəxslərin əksəriyyəti həbsə girib. Ənvər Seyidovun təriflədiyi Anti-Terror Mərkəzinin rəisi Elçin Quliyev və onun müavini İlqar Əliyev də həbs edilib. Sonradan kamerada İlqar Əliyevin meyiti tapılıb. Ənvər Seyidovun bu məktubu hüquqi baxımdan da qanunsuz dəyərləndirilməlidir. Qanunverciliyin tələblərinə görə, işə baxan məhkəmə ittiham tərəfinin ortaya qoyduğu sübutlara deyil, məhkəmə istintaqında ortaya çıxan sübutlara əsasən hökm verməlidir. Eldar Mahmudovun sifarişi ilə yazılmış saxta ittiham aktını gözü yumulu qəbul edən hakim bununla yanaşı sabiq MTN şefinə yarınmağı da unutmayıb.

Ənvər Seyidovun təriflədiyi MTN əməkdaşları arasında Eldar Mahmudovun ailə üzvlərindən olan Mahmudov Həmid Azər oğlunun da adı var.

Bu məktubun mediada yayılmasından sonra sosial şəbəkələrdə Ənvər Seyidov barəsində sərt tənqidlər səslənib.

Gununsesi.info saytının baş redattoru, MTN tərəfindən şərlənmiş keçmiş vicdan məhbusu Pərviz Həşimli Ənvər Seyidovla əlaqə saxlayaraq, onun Eldar Mahmudova məktubu barəsində suallara cavab alıb.

Əvvəlcə məktub yazması faktını danan hakim sonradan fikrini dəyişməli olub. Jurnalistin hakimlə maraqlı dialoqunu təqdim edirik.

- Ənvər müəllim, Eldar Mahmudova bu məktubu yazmağa sizi nə vadar etdi?

- Mən heç kimə məktub yazmamışam. Mənim adımdan saytlarda belə xəbər yayılıb. Mənim xəbərim yoxdur.

- Amma həmin məktubların surətində sizin imzanız var, öz imzanısı necə dana bilərsiniz?

- Əşi, bilirsiniz, nə var. Bu hadisə 10 il əvvəl olub. İndi bunu niyə qabardırlar, mənə çatmır.

- Çünki Eldar Mahmudovun cinayətlərinin üstü açılır. Siz öz hökmünüzlə, MTN-nin saxta ittihamları ilə həbs olunan gənc insanların həyatını məhv etmisiz.

- Mən uzun illərdir ki, hakim işləyirəm. İndiyə qədər də heç bir hökmüm yuxarı instansiya məhkəməsində ləğv olunmayıb. Səid Dadaşbəylinin işi də həmçinin. Bu işi məndən sonra da araşdırdılar. Mən vicdanlı hakiməm. Qərarlarımı qanunlarla uyğun verirəm. Eldar Mahmudova gəlincə, mən haradan bilim ki, o, “goreşən” olub. O, adama etimad göstərilib, xəyanət edib. MTN-ni cinayətkar yuvasına çevirib. Bu gün də bu əməlləri törədənlər həbsdədir. İnanıram ki, layiqli cəzalarını alacaqlar.

- Amma Eldar Mahmudovun dəstəsi ilə yanaşı, Siz və digər həmkarınız Novruz Kərimov da tənqid edilir. Hətta sosial şəbəkələrdə MTN-nin günahsız tutduğu, sizin də azadlıqdan məhrum etdiyiniz insanların yaxınları sizə bəd dualar edirlər. Etiraf edək ki, Sizə cəmiyyətdə “vicdanlı hakim” deyən az adam tapılar. Eynilə, həmkarınız Novruz Kərimovu götürək, bu adam mənə heç bir cinayətim olmadığı halda MTN-nin sifarişi ilə 8 il cəza verdi.

- Mən həmişə başımın üstündə Allahı da görürəm. Ədalətsiz qərar verməmişəm. Mən dövlətçiliyə sadiq adamam. Rəhim Qazıyevin işi zamanı başımın üstündən güllə atıblar. Elə məsələlər olub ki, stəkanıma zəhər töküb məni öldürmək istəyiblər. Bu gün də dövlətə xidmət edirəm. Övladlarım da dövlət qurumlarında çalışır.

- Yeri gəlmişkən, hökumət mediasında Sizin hakimiyyəti tərif edən yazılarınıza rast gəlinir. Belə olan halda siz necə müstəqil hakim ola bilərsiniz?

- Mən hakimlikdən qabaq vətəndaşam. Həmin yazıları da vətəndaş kimi yazmışam. Üç ölkənin sülhməramlı səfiriyəm.

- MTN-nin həbs olunan generallarının cinayət işi sizin icraatınıza verilsə, baxacaqsınızmı?

- Əlbəttə, baxacam. Onlar ən layiqli cəzalarını almalıdır. Qanun qarşısında cavab verəcəklər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar