“MTN rəhbərliyi dedi ki, səni özümüz tutmuşuq, qisas alırıq”

Pərviz Həşimlinin məhkəməsində yeni faktlar üzə çıxdı; Aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə hüquq müdafiəçisi və jurnalist Pərviz Həşimlinin növbəti məhkəmə iclası keçirildi.

Proses öncə hal şahidi Zaur Abdullayevin dindirilməsi ilə başlandı. Xatırladaq ki, sözügedən şahid P.Həşimli ilə birgə həbs edilmiş Təvəkkül Qurbanovun maşınında aparılan baxış zamanı hal şahidi qismində iştirak edib. Ötən iclaslardan birində şahid qismində məhkəmədə ifadə versə də, P.Həşimli və onun vəkilləri Z.Abdullayevin sərxoş olduğunu əsas gətirib, onun ifadəsinin etibarlı olmadığını bildirmişdilər. Bu səbəbdən də məhkəmə Z.Abdullayevin təkrarən dindirilməsi barədə qərar verdi.

Hal şahidi məhkəməyə gətirilənə qədər P.Həşimli hakimə müraciət edərək, onu narazı salan məqamlardan danışdı. Dedi ki, MTN-də onun hüquqlarına qəsd olunur və bu barədə dəfələrlə məhkəmədə də bildirib. Hüquqlarının pozulması ilə bağlı baş prokurora müraciət etdiyini deyən jurnalistin sözlərinə görə, məhkəmədəki tənqidi çıxışlarından sonra ona təzyiqlər edilir: “Hər dəfə müxtəlif bəhanələr gətirirlər. Bütün bunlar MTN rəhbərliyinin mənə münasibətidir. Düz 2 sutka aclıq aksiyası keçirdim. Heç həkim də göndərmədilər. Daha sonra təcridxananın rəisi məni çağırdı. Bildirdi ki, şikayətlərimə baxılacaq. Mən də köçürülmə məsələmi yenidən dedim”.

Hakim isə P.Həşimlinin dediklərinə cavab olaraq bildirdi ki, baş prokurora müraciət edib və bu müraciətə müvafiq qaydada baxılacaq. “Baş prokurora etdiyiniz müraciətə biz məhkəmədə baxa bilmərik” deyən N.Kərimov məhkəmədəki çıxışından sonra MTN-də ona təzyiq edilməsi iddiasına da münasibət bildirdi.

N.Kərimov: “Mən bu zalda MTN əməkdaşları görmürəm. Biz də məhkəmədə baş verənlər barədə MTN-ə məlumat vermirik”.

P.Həşimli: “Onlar bu barədə qəzetlərdən, saytlardan oxuyurlar. Mən Eldar Mahmudova da məktub yazdım ki, mənə qarşı amansız münasibətinizin səbəbini bilmək istəyirəm. MTN-də elə bir vəziyyət yaradıblar ki, orda qanunları ələ salırlar”.

Proses şahid Z.Abdullayevin ifadəsi ilə davam etdirildi. Hakim şahidin nəzərinə çatdırdı ki, məhkəmədəki daha öncəki ifadəsi keçərli sayılmayıb, buna səbəb onun içkili vəziyyətdə olması olub. Şahid isə bunları dedi: “Mən bilmirdim ki, səhəri gün məhkəməyə gəlib ifadə verəcəm, ona görə içki içmişdim”.

Şahid daha sonra T.Qurbanovun maşınında aparılan axtarış prosesi zamanı gördüklərindən danışdı. Dedi ki, yolda gedərkən ona iki nəfər MTN əməkdaşı yaxınlaşaraq, bir hadisəyə hal şahidliyi etməsini istəyib: “Kül rəngli, balaca ”CİP"ə oxşayan bir maşına yaxınlaşdıq. Maşının oturacaq yerinin altından 2800 dollar çıxdı. Sonra qara-qura, kserokopiyadan çıxarılmış kağızlar vardı. Bilmədim onlar nədir. Protokol tərtib etdilər, oxudum, qol çəkdim".

Prokurorun sualına cavabda şahid dedi ki, kserokopiyadan çıxarılmış kağızda nəyin əks olunmasından xəbərsizdir, çünki şəkildə hər şey tam görünmürdü. P.Həşimlinin vəkili Bəhruz Bayramov isə şahiddən latın qrafikası ilə oxuya bilib-bilmədiyini soruşdu. Şahid “tam yox, amma bilirəm” deyə cavab verdi. Vəkil həmçinin şahidin ötən dəfəki ifadəsində baxış zamanı onunla Orxan adlı bir nəfərin də iştirak etməsi haqda dedikləri barədə soruşdu:

B.Bayramov: “Sizinlə birgə baxışda kim vardı?”

Şahid: “Heç birini tanımıram”

B.Bayramov: “Bəs keçən dəfəki ifadənizdə sizinlə birgə Orxan adlı bir şəxsin də iştirak etdiyini demişdiz”.

Şahid: “Elə deməmişəm”.

B.Bayramov məhkəmədən şahidin daha öncəki ifadəsinin elan edilməsini istədi. Şahid ifadəsində bildirib ki, onunla birgə Orxan adlı şəxs də baxışda iştirak edib. Vəkil həmçinin ondan ifadəsində yer alan “maşından çıxan kserosurətli kağızlarda əntiq əşyaların fotoları vardı” cümləsi barədə də soruşdu. Şahid isə yenə də israrla bildirdi ki, o, həmin kağızlarda heç nə görməyib və ümumiyyətlə, əntiq əşyanın nə demək olduğunu bilmir. B.Bayramov şahiddən latın qrafikası ilə yazılan ifadəsini necə oxuduğunu soruşdu. Z.Abdullayev dedi ki, latın qrafikasında yaza bilməsə də, oxuya bilir. Vəkil onun dediklərini yoxlamaq üçün latın qrafikalı bir mətni oxumağı təklif etsə də, hakim buna icazə vermədi. N.Kərimov da öz növbəsində şahidin dediklərindəki ziddiyyətə diqqət çəkdi: “Siz deyirsiz ki, Orxan adlı şəxsi tanımırsız. Amma Orxan ifadəsində bildirir ki, baxışda Zaur adlı şəxs də iştirak edirdi. Necə ola bilər ki, o sizi tanısın, amma siz onu yox?”

Şahid bu suala da cavab verə bilmədi. Şahidin dindirməsi başa çatandan sonra hakim bildirdi ki, Sevda Aslanova adlı şahid xəstəliyinə görə iclasda iştirak edə bilmir.

P.Həşimov çıxış üçün söz istəyərək hakimə daha öncə verdiyi və rədd edilən bir vəsatətini xatırlatdı. Dedi ki, T.Qurbanova guya İrandan silah gətirən, Hüseyn adlı İran vətəndaşının 17 sentyabr tarixinə qədər gömrük məntəqəsindən keçib-keçməməsini yoxlamaq üçün sorğu verilməlidir: “O iranlının şəxsiyyətinin müəyyənləşdirilməsi üçün hər hansı istintaq hərəkəti aparılmayıb. Divin canı şüşədə olduğu kimi, 206-cı maddənin də canı Hüseyn adlı şəxsdədir”.

N.Kərimov da jurnalistə daha öncə verdiyi və rədd edilən vəsatəti təkrarlamasının mənası olmadığını dedi: “Biz də sizə deyirik ki, İran başdan-ayağa Hüseyn adlı şəxslərlə doludur. Onların hamısının araşdırılması mümkün deyil”.

P.Həşimli isə bildirdi ki, sözügedən tarixlərdə sərhəddən keçmiş Hüseyn adlı şəxslərin fotosunu T.Qurbanova göstərib, onun kimliyini müəyyənləşdirmək və daha sonra məhkəməyə çağırmaq mümkündür: “Təvəkkül deyir ki, bu adamın fotosu var sərhəddə. Qoy fotosunu ona göstərsinlər, görək kimdir. Ondan sonra bu adamın kimliyini müəyyənləşdirmək mümkün olar”.

B.Bayramov da daha öncə təqdim etdikləri, amma qəbul edilməyən bir vəsatəti təkrarladı. Vəkil bildirdi ki, P.Həşimlinin yaşadığı evdəki təhlükəsizlik kamerasının görüntüləri məhkəməyə təqdim edilməlidir: “O zaman bəlli olacaq ki, o silahları evə kim qoyub. Pərviz qoyubsa o da bəlli olacaq. Yox, başqa birisi qoyubsa, görüntülərdə üzə çıxacaq. Bundan başqa, o silahların istehsal olunduğu ölkə də araşdırılmalıdır”.

P.Həşimli öz növbəsində sözügedən silahlarla bağlı fikrini bildirdi. Dedi ki, o silahlar MTN-in anbarında saxlanılır: “MTN rəhbərliyi səmimi şəkildə etiraf edib ki, səni özümüz tutmuşuq, səndən qisas alırıq, səni özümüz şərləmişik”.

Hakim P.Həşimlinin danışığına mane olmaq istəyəndə isə jurnalist bildirdi ki, onu artıq dünyanın tanınmış beynəlxalq təşkilatları vicdan məhbusu kimi tanıyıblar, qanunsuz həbs olunduğunu açıqlayıblar.

N.Kərimov isə onun dediklərinə reaksiya bildirmədən növbəti prosesin vaxtını elan etdi. Məhkəmə aprelin 24-də, saat 12.00-də davam edəcək.

Xatırladaq ki, P. Həşimli 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı- beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri üzrə ittiham irəli sürülüb.

P.Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir. «Amnesty İnternational» təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar